Qərb və ABŞ "Erməni soyqırımı" kartından Ankaraya təzyiq üçün bir alətdən də imtina etməyəcək

ABŞ-in erməni "soyqırım" sevgisi

Əli Orucov:" ABŞ-ın qondarma erməni iddialarını "soyqırım" kimi qiymətləndirməsi Türkiyədən çox özünün ziyanına ola bilərdi"

Roma Papasının erməni "soyqırımı"nı tanımasından sonra artıq belə rəylər səslənir ki, bir sıra Avropa ölkələri Vatikan rəhbərinin yolu ilə gedəcək. Bunun başlıca səbəblərindən biri də budur ki, Türkiyə hakimiyyəti məsələyə yanaşmada peşəkarlıq nümayiş etdirmir və sadəcə olaraq şüarçılıqla məşğuldurlar. Çünki aydın olub ki, ermənilər Vatikanda, Avropa Birliyində ciddi lobbiçiliklə məşğul olduqları zaman türk diplomatları buna qarşı heç bir addım atmayıblar. Türkiyənin qınanılmasında başqa bir səbəb isə budur ki, Ərdoğan hakimiyyəti Xocalı soyqırımına ciddi yanaşmadılar.

Dəfələrlə təkliflər səsləndirilsə də Türkiyə parlamenti Xocalı faciəsini soyqırım kimi tanımadı. Halbuki bu addımlar atılmalı və erməni "soyqırımı" qarşısına elə Xocalı soyqırımı çıxarılmalı idi. Amma artıq deyəsən gecdir və Rusiya, ABŞ kimi ölkələrdə Ermənistana jest etməkdə, "soyqırım"la bağlı Yerevanda təşkil olunacaq tədbirdə ən yüksək səviyyədə təmsil olunmağa hazırlaşırlar. Hətta Rusiya prezidenti Vladimir Putinin Ermənistana gedəcəyi gözlənilir. ABŞ-a gəldikdə isə bu ölkədən son mesaj artıq gəlib. Belə ki, Dövlət Departamentinin sözçüsü "soyqırım" sözünü işlətməsə də, Türkiyəni öz keçmişindəki hadisələri inkar etməməyə çağırıb. Dövlət Departamentinin sözçüsü Mari Harf Roma Papasının 1915-ci il hadisələrini soyqırım adlandırdığı xatırladılaraq Vaşinqtonun mövqeyi barədə sual ünvanlanıb. M. Harf prezident Obama və ABŞ rəhbərliyinin Osmanlı İmperiyasının son dövrlərində 1,5 milyon erməninin öldürüldüyü və ya ölümə göndərildiyini tarixi gerçək olaraq qəbul etdiyini söyləyib: "Biz gerçəklərin tam, ədalətli və səmimi şəkildə qəbul olunmasının Türkiyə, Ermənistan və Amerika daxil olmaqla, hər kəsin mənafeyinə uyğun olduğunu bildirmişik. Biz ölkələrin öz keçmişlərinin acı səhifələrini qəbul etmələri ilə irəliləyə bildiyinə və güclü olduqlarına inanırıq. Bunu etmək fərqli və daha tolerant gələcək inşa etmək üçün əsasdır".M. Harf jurnalistin israrlarına baxmayaraq, "soyqırım" kəlməsindən istifadə etməyib.

Bununla bağlı "Unikal"a açıqlama verən politoloq Əli Orucov bildirib ki, ABŞ-ın qondarma erməni iddialarını "soyqırım" kimi qiymətləndirməsi Türkiyədən çox özünün ziyanına ola bilərdi:" Xüsusilə də ABŞ-Rusiya qarşıdurmasında bu addım rəsmi Moskvanın xeyrinə işləyərdi. Bildiyiniz kimi, bundan əvvəl də "soyqırım" məsələsi dəfələrlə ABŞ-in yüksək siyasi qurumlarında müzakirəyə çıxarılıb. Hətta, Konqresin Xarici Əlaqələr üzrə alt komotəsində qətnamə layihəsi də qəbul edilmişdi. Lakin bu qətnamə layihəsi elə alt komitədə də qaldı. Konqres bunu müzakirəyə çıxarmaqdan imtina etdi.

Ağ Ev yaxşı anlayır ki, "soyqırım"la bağlı hansısa rəsmi ifadə işlədilsə, yaxud da səsən qəbul edilsə bu Türkiyə üçün heç nəyi dəyişməyəcək. Əksinə birləşmiş ştatların Türkiyə və Türkiyə vasitəsi ilə Şərqə, Qafqazlara, Türküstana və türk dünyası çoğrafiyasına olan maraqları və mövqeyi ciddi surətdə zədələnəcək. Rusiyanın həmin geniş geosiyasi üstünlüklər qazanmasına fürsət vermiş olacaq. Bunula belə Qərb kimi ABŞ da "Erməni soyqırımı" kartından Ankaraya təzyiq üçün bir alətdən də imtina etməyəcək. Lakin Harfın "Osmanlı İmperiyasının son dövrlərində 1,5 milyon erməninin öldürüldüyü və ya ölümə göndərildiyini tarixi gerçək olaraq qəbul edirik" fikri də təəssüf və təəcüb doğurmaya bilməz. Ona görə ki, bu iddialar heç bir sənədə, sübüta, fakta, tarixi araşdırmaya söykənmir. Həmin dövrdə yür kürəsində heç 1,5 milyon erməni yaşamayıb. Bu statistik rəqəmlər, gerçəkliklər ABŞ yetkilisində hardadaır?. Təkcə bu fikirlər kifayət edir ki, bu məsələdə ABŞ-in obyektivliyinə, tərəfsizliyinə, ədalətli və tarixi hadisələrə və reallıqlara yanaşmalarına ciddi şübhə edəsən. Əgər doğrudan da ABŞ gerçəkliklərin tam ədalətli və səmimi şəkildə qəbul edilməsini istəyirsə, həmin dövlət də arxivlərin açılmasını və araşdırılmasını Ermənistandan tələb etsin. Yaxud da Ermənilərin yüz illər boyu Türklərə, o cümlədən də Qafqaz türkləri olan bizlərə qarşı törətdikləri sayszı hesabsız faciələrə, depotasiyalara, qırınlara, işğallarına və soyırmlarına qiymət versin".Amma belə bir ehtimalda var ki, Barak Obama bundan sonra prezidentliyə namizəd olmayacaq deyə, erməni lobbisinin hörmətini qazanmaq üçün "soyqırım" ifadəsini işlədəcək./"Unikal" qəzeti/

Toğrul Əliyev