Yay aylarında daha çox insan qida zəhərlənməsi diaqnozu ilə həkimlərə müraciət edir. Səbəbi isə bir sıra faktorlardan asılıdır. Qida zəhərlənmələrinin əsas əlamətləri, ondan qorunmaq yolları və digər suallarımızı ATU-nun II daxili xəstəliklər kafedrasının dosenti, baş toksikoloq İsmayıl Əfəndiyev cavablandırır.
Yay mövsümündə niyə qida zəhərlənmələrinin sayı artır?
- Birinci növbədə iqlim şəraitinə görə. Biz bilirik ki, hava hərarəti çox olduqda müəyyən patogen mikrobların da inkişafının çoxalma sürəti artır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı artır. Eyni zamanda bilirik ki, yayda bəzi mövsüm xarakterli yeməklər, məsələn: meyvə, tərəvəz və bunların da insan tərəfindən mənimsənməsi çox olur. Bu da müəyyən səbəblərə görə zəhərlənmələrin sayını artırır.
Əsasən zəhərlənmə halları nədən olur?
- Əsas zəhərlənmə səbəbləri qida məhsullarının düzgün saxlanılmaması. Soyuq zəncirin pozulması, istehsal tarixi ötmüş malların qəbulu, dondurma, müəyyən ət məhsulları məsələn dönər kimi qidaların yay zamanı saxlanılma müddəti çox az olur. Və 2-3 saat düzgün şəraitdə saxlanılmamasıdır. Bu da insanın qida zəhərlənməsinə yol açır. Eyni zamanda, belə bir "qarpız” zəhərlənməsi yay aylarında çox aktuallıq kəsb edir. Və insanlar düşünür ki, mən qarpızdan zəhərlənmişəm. Əksinə bu halların 99%-i qarpızdan və ya qarpızın tərkibindəki nitratlardan başqa kimyəvi maddələrdən zəhərlənmə deyil. Sadə bir qida zəhərlənməsidir. Biz bilirik ki, qarpız ağacda yox, torpaqda bitir və satışa veriləndə açıq yerlərdə saxlanılır, çox zaman evdə də onu yumadan bir başa kəsirlər. Və həmin zaman onun tərkibində olan şirin möhdəviyyətə mikrobları salırsız. Bir neçə saatdan sonra həmin mikroblar, patogenlər orda inkişaf edirlər. Və beləliklə siz qarpızı yedikdən sonra sizdə zəhərlənmə əlamətləri başlayır, ürək bulanma, qusma, hərarət və s. Və beləliklə insanlar belə hallarda qarpızdan zəhərləndiyini düşünür. Lakin bu sizdə qida toksikoinfeksiyasıdır.
Zəhərlənmə əlamətləri necədir?
- İlk növbədə bilmək lazımdır ki, qida zəhərlənməsi üçün bəzi hallarda inkubasiya dövrü bir neçə saat olur. Yəni səhər bir süd məhsulu yeməklə siz özünüzdə prodromal dövr hiss edəcəksiniz. Prodromal dövr dedikdə ümumi zəiflik, halsızlıq, ürək bulanması, qusma, ishal və bədən hərarətinin qalxması nəzərdə tutulur.
Zəhərlənmə müşahidə olunarkən ilkin yardım kimi nə etmək lazımdır?
- Birinci növbədə çalışmaq lazımdır ki, mədə-bağırsaq yuyulması (çoxlu miqdarda sodalı ya marqanslı su içmək) , bağırsağı təmizləyici imalə etmək, əgər bu mümkün olmazsa, adi bir hər 10 kq bədən çəkisinə 1 tablet olmaqla kömür dərman vasitəsini əzib, onu 1stəkan suya qatıb içmək. Məs: sizin çəkiniz 70 kq.-dırsa, 7 dərmanı əzib suda içmək vacibdir. Bunu içməklə toksinlərin qana keçməsinin qarşısı alınır. Zəhərlənmənin inkişafının qarşısı alınır. Lakin əgər artıq zəhərlənmə inkişaf etmişsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil. Çünki çox pis ağırlaşmalar baş verə bilər. Təzyiq düşməsi, infeksion toksiki şok keçirə bilər xəstə, başqa insanlara xəstəlik yoluxa bilər və s.
Qida zəhərlənmələəri neçə növ olur? Ən ağırı hansıdır?
- Ən ağır növ kimi, ən çox ölüm halları rast gəlinən Botulizm hesab olunur. Botulizm bilirsiz ki, düzgün şəraitdə hazırlanmamış konservlərdən olur. Və anaerob şəraitində yəni oksigen olmayan şəraitdə həmin botulotoksin əmələ gəlir və insanda botulizm adlı xəstəlik baş verir. Başqa ağır qida zəhərlənmələrindən taun xəstəliyini deyə bilərik, çox nadir hallarda biz buna rast gəlirik, qalan qida zəhərlənmələri adətən stafilokok və s. kimi mikrob törərədici xəstəliklərdir. Və bunlarda yüngül ağır və orta keçə bilər.
Bəs bağırsaq infeksiyaları zəhərlənmədə nə rol oynayır?
- Bağırsaq infeksiyaları qida toksik infeksiyalarının sadəcə olaraq adıdır. Bu xəstəliklər hamısı eynidir. Bəziləri qida zəhərlənməsi deyir, bəziləri bağırsaq infeksiyaları, bəzsiləri qida toksik infeksiyaları deyir. Bütün bu adlar eyni xəstəliyin sinonimləridir.