"Misirdə keçirilən sülh sammiti Yaxın Şərqdə sülh və əmin-amanlıq şəraitinin yenidən bərpa edilməsi baxımından mühüm addım hesab olunsa da, bölgəyə tam şəkildə sülhün gətirilməsi üçün real görünmür. Qəbul edilən qərarlar Yaxın Şərqdə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün kifayət qədər zəmin yaratmır ki, mövcud problemləri həll etmək mümkün olsun".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, bütün bunlara baxmayaraq sammitin əhəmiyyəti böyükdür və atəşkəsin ardından dialoqun bərpası bu istiqamətdə işlərin davam etdirilməsi üçün fürsət və imkan baxımından çox əhəmiyyətli hesab oluna bilər:
"Sammit xüsusilə də dialoq mexanizmi üçün əhəmiyyətli rol oynayır. Əldə olunan razılaşmaların, öhdəliklərin həyata keçirilmə mexanizmləri istiqamətində sammitin əhəmiyyəti böyükdür. Fələstin və fələstinlilərin bundan sonrakı dövrdə təhlükəsiz yaşamaları məqsədilə tezliklə xüsusi mexanizmin tətbiqi həyata keçirilməsi lazımdır və məlumdur ki, qarşıdan qış gəlir, mülki əhalinin bundan sonrakı yaşam dövrü nəzarətsiz buraxıla bilməz. Humanitar və digər yardımların koordinasiyası üçün xüsusi mərkəzlər və əhalinin müdafiəsi təşkil olunmalıdır. Bütün bunlar heç şübhəsiz ki, sülh sammitində müzakirə olunub və bu müzakirələr davam edəcək".