Seçkiyədək ölkədə və regionda müsbətə doğru çox şeylər dəyişəcək

Dekabrın 27-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Əksər ölkələrdə maraqlı tərəflər belə tədbirlərə bir il əvvəlcədən hazırlaşsalar da, ölkəmizdə seçkinin keçirilməsinə dörd ay qalsa da, seçki əhval-ruhiyyəsi hiss olunmur.

Görəsən, Azərbaycanın siyasi qüvvələri bələdiyyə seçkilərinə necə hazırlaşır? Ümumiyyətlə, hansı partiyalar seçkidə iştirak edəcək?

Reyting.az-ın bu və ya digər suallarını siyasi partiyaların nümayəndələri cavablandırıblar.

AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə düşünür ki, bu il bələdiyyə seçkiləri ili olmasına və vaxtın daralmasına baxmayaraq, ölkədə seçki ab-havası yoxdur. Onun sözlərinə görə, müxalifət partiyaları da bu seçkilərə həvəs göstərmirlər: "Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda seçki sistemi sıradan çıxarılıb və formal xarakater alıb. Şəxsən mən 10-dan çox rayonda həm AMİP-in yerli təşkilatları ilə, həm də sakinlərlə görüşlərimdə bələdiyyəyə və bələdiyyə seçkilərinə münsibətin xoş olmadığını gördüm. Bununla belə, hesab edirəm ki, bədbinliyə qapalıb, əlimizi-qolumuzu sallayıb, möcüzə qözləməyimiz də yanlışdır. Ölkədə demokratik seçki möcüzəsini xalqla birlikdə yaratmalıyıq”.

Ə. Orucov AMİP-in boykot tərəfdarı olmadığını da diqqətə çatdırıb: "Bu seçkilərdə də mütəşəkkil qaydada iştirakımız gözləniləndir. Lakin son qərarı partiyanın seçkili qurumları verəcək. Üzərimizə düşən hazırlıq işlərini isə davam etdiririk. Potensial namizədlərin müəyyənləşdirilməsi, seçkilərə qatılacaq könüllülərin təşkili, maliyyə resursları və sair diqqət mərkəzindədir. Bununla bahəm çalışırıq ki, seçkiyədək seçki mühitinin əlverişli hala gətirilməsi üçün müxalif düşərgədəki dost və müttəfiqlərimizlə işimizi daha da genişləndirək. Ümid edirəm ki, seçkiyədək ölkədə və regionda müsbətə doğru çox şeylər dəyişəcək". Reyting.az