Sinir gərginliyi də insan bədənini zəiflədir

 

Ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 689 yeni yoluxma faktı qeydə alınıb, 1 816 nəfər müalicə olunaraq sağalıb.

Analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 484 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 738 nəfər müalicə olunaraq sağalıb, 6543 nəfər vəfat edib, aktiv xəstə sayı 17 310 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9558, ötən müddət ərzində isə ümumilikdə 4 868 573 test aparılıb.

Maraqlıdır, mövsümlə əlaqəli olaraq, yoluxma yenidən pik həddə çata bilər?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında farmakoloq Aydın Əliyev deyib ki, yoluxma yenidən arta bilər:

"Uzun illərdir ki, biz qripə öyrənmişik. Bilirik ki, payız aylarında qrip virusu çoxalır. Bəzən də kəskin respirator xəstəliklər olur.
Hətta bunu qriplə də qarışdırırıq. Müəyyən şəxslərdə həssaslıq olur, orqanizmləri həmin xəstəliklərə qarşı zəif olur, nəticədə payız ayının gəlişi ilə belə patoloji hallar üzə çıxır. Yaydan payıza keçiddə insanların xəstəliklərə yoluxma halı artır. Ona görə də müəyyən amillərə nəzarət etməliyik.

Hərəmiz işimizə uyğun, sərf etdiyimiz enerjiyə uyğun qidalanmalıyıq. Bədəni qorumanın yolu budur. Eyni zamanda sinir gərginliklərini azaltmalıyıq. Çünki sinir gərginliyi də insan bədənini zəiflədir. Bəzən adi hadisəni böyüdürük. Hadisələrə soyuqqanlı yanaşmaqla bədənimizin sağlamlığını qoruya bilərik, o cümlədən mövsümü xəstəliklərə qarşı dözümümüzü yaxşılaşdıra bilərik. Təbii ki, mövsümlə əlaqəli COVID-19-a yoluxma da arta bilər".

Naibə
Cebhe.info