Siyasətçi kimi atamın aktiv siyasətə qayıtmasını istəyərəm

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov 10 ildən çoxdur aktiv siyasətdə təmsil olunmur. Etibar Məmmədov dəfələrlə, siyasətə qayıtmasının mümkünlüyü ilə bağlı ona ünvanlanan suallara da dəqiq cavab verməyib.

Maraqlıdır, bəzi siyasətçilər aktiv siyasi arenadan kənara çəkilsələr də, ailədə belə bir halın necə qəbul edilməsi hər zaman diqqət mərkəzində olub. Siyasətdən gedən tanınmış siyasətçilərin övladları atalarını yenidən aktiv siyasətdə görmək istəyirlərmi?

AMİP lideri Etibar Məmmədovun oğlu Ayxan Məmmədov Modern.az-a açıqlamasında atasının siyasətə qayıdıb-qayıtmaması ilə bağlı maraqlı fikirlər səsləndirib.

"Əvvəla, atamın siyasətə qayıtması öz seçimindən asılıdır. Bu, atamın öz işidir. Bu məsələyə iki fərqli prizmadan yanaşmaq istəyirəm. Siyasətçi kimi atamın aktiv siyasətə qayıtmasını istəyərəm. Çünki atam Etibar Məmmədov uzun illər Azərbaycan siyasi tarixində öz dəsti-xətti ilə seçilən siyasətçilərdən biri olub. Amma övlad olaraq, atamı yenidən aktiv siyasətdə görmək istəməzdim. Çünki atam siyasətdən uzaqlaşandan sonra bir ata kimi bizə daha çox vaxt ayırıb. Siyasətdə olduğu zamanlarda başı siyasi proseslərə qarışdığından bizə vaxt qalmırdı. Düşünürəm ki, atam siyasətdən uzaqlaşandan ailəsinə diqqət ayırdığı kimi, həm də əsəbiləşmir. Çünki siyasətdə olanda problemlərin çoxluğu əsəblərin daim gərgin olmasına şərait yaradırdı. Ona görə də kənardan siyasəti izləyən sadə vətəndaş kimi Etibar Məmmədovun siyasi proseslərdə aktivliyini istəyirəm. Amma övladı olaraq bunları deyə bilməyəcəyəm. Şəxsən övlad olaraq atamın siyasətdə olmaması daha çox xoşuma gəlir”.

"Bəs atanız deputatlığa namizədliyini vermək istəsə, onu deputat kimi görmək istərdinizmi” sualına Ayxan Məmmədov belə cavab verib:

"Əgər atam namizəd olub deputat seçilsə, bu da avtomatik olaraq onun aktiv siyasətə qayıtması deməkdir. Nəticə etibarilə burda da siyasi maraqlar toqquşur. Yenə də istəməzdim”.

Ayxan Məmmədov şəxsi məsələlərlə bağlı ünvanlanan sualı da cavablandırıb:

"Hazırda hərbi xidmətdəyəm. Hələ ki ailə qurmaq haqqında düşünmürəm. Hərbi xidməti başa vurub yenidən təhsilimi davam etdirmək fikrim var”.

Qeyd edək ki, Ayxan Məmmədov AMİP-in üzvüdür. O, hərbi xidmətə getməzdən öncəyə kimi AMİP gənclər təşkilatının sədri idi.

Namidə BİNGÖL