Siyasilərdən Bundestaqın qətnaməsinə etiraz

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət yazılı bəyanatla çıxış edib. ALP-ın mətbuat xidmətindən musavat.com-a göndərilən bəyanatda deyilir ki, Almaniya Bundestaqının qondarma "erməni soyqırımını” tanınması haqqında qətnaməsi bizi məyus edib: "Alman parlamentinin bu addımını qəbuledilməz, ədalətsiz siyasi aksiya kimi dəyərləndiririk.

Təəssüf edirik ki, Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniya, erməni təbliğatına uyaraq, tarixə və faktlara əsaslanmayan siyasi və hüquqi baxımdan yanlış bir qərar qəbul edib. Regionda olan indiki həssas geosiyasi dövrdə alman hakimiyyəti bu məsələyə ehtiyatla və məsuliyyətlə yanaşmalı idi. Bu səhv qərarın həm Türkiyə, həm Azərbaycan cəmiyyətlərinin Almaniyaya olan münasibətinə arzuolunmaz xələl gətirə biləcəyi bizdə narahatlıq doğurur. Ümid edirik ki, bu yanlış addım Türkiyə-Almaniya müttəfiqlik münasibətlərini bərpa olunmaz vəziyyətə salmayacaq”.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə isə bildirdi ki, Almaniya Bundestaqının saxta "erməni soyqrımını” tanıma qərarı Avropa siyasətinin növbəti qara ləkəsidir: "Bu qərarı kəskin pisləyirik. Artıq AMİP-in bəyanatı da bu barədə yayılıb. Alman tarixçiləri və siyasətçiləri çox yaxşı bilirlər ki, 1-ci dünya müharibəsi zamanı müttəfiq olduqları Türkiyə heç bir xalqa qarşı soyqırım törətməyib. O zaman Rusiya-Fransa-İngiltərə dövlətlərinin yaratdığı Antanta İttifaqı isə Osmanlı İmperiyasını dağıtmaq məqsədi ilə indiki Türkiyə ərazisində yaşamış erməniləri silahlandıraraq 100 minlərlə türkün qətlinin səbəbkarına çevrilmişdi. Sonradan bu cinayəti pərdələmək üçün həmin dövlətlər Türkiyə Cümhuriyyətini ermənilərə qarşı soyqrım törətməkdə və onları deportasiya etməkdə günahlandıraraq sərsəm bir ideyanı dünya dövlətlərinə sırımağa başladılar. Osmanlının süqutundan sonra böyük bir coğrafiyada onun varisi kimi mövcud olan Türk Cümhuriyyətini Avropa bu günə qədər də həzm edə bilmir. Çox təəssüf ki, Xocalıda ermənilərin törətdiyi vəhşiliklərə görməzdən gələn Almaniya Bundestaqı da sonunda bu çirkin planın iştirakçısına çevrilərək bundan sonra bu yöndə hər hansı ədalətli qərar vermək iqtidarında olacağını şübhə altına qoydu. Gələcəkdə belə qərarların nəticələrinə görə məhz həmin qərarları qəbul edən dövlətlər məsuliyyət daşıyırlar”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini, deputat Fəzail İbrahimli də Almaniya parlamentinə etiraz edib: "Karl Marks və Fridrix Engelsin "Kommunist Partiyasının Manifesti” əsərində deyilir ki, Avropada bir kabus dolaşmaqdadır - kommunizm kabusu. Avropada indi bir genosid kabusu dolaşır, erməniyə xidmət ruhu, düşüncəsi dolaşır. Almaniya Bundestaqının qərarından Türkiyə zərrə qədər də ziyan çəkməyəcək. Bu, bir qərardır. Sadəcə olaraq Avropa demokratiyasına inamı sarsıdır. Avropa ədalətli obrazından, bitərəfliyindən çıxaraq cinayətkarı dəstəkləyir. Ən aşağısı bitərəf qalmalıydı. Bu qərar bir xristian klubunda oyunların getdiyini ifadə edir. Bu genosid məsələsi özünün fəlsəfəsini o qədər itirib, erməni tərəfinin genosidə məruz qalması o qədər çürük bir düşüncəyə çevrilib ki, artıq belə xüsusi müzakirəyə də ehtiyac yoxdur”.

Azərbaycanla Türkiyənin qardaş ölkə olduğunu qeyd edən F.İbrahimli bildirdi ki, biz həmişə Türkiyənin təəssübkeşi olmuşuq: "Türkiyə bizim güman və güvənc yerimizdir. Türkiyə dünyada yeganə dövlətdir ki, axıra qədər Azərbaycanın dərdini, sərini, sevincini, kədərini duyur. Qardaş bir ölkə haqqında düşüncələrimiz yüksəkdir. Amma Almaniyanın bu addımı dövlətlərarası münasibətlərə elə də xələl gətirən ciddi addım deyil. Türkiyə parlamenti buna alternativ olaraq ciddi bir addım atıb Xocalı soyqırımını tanıyar və bu da onlara bir cavab ola bilər”.

MM-in Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Rövşən Rzayev isə bildirib ki, Almaniya parlamenti tarixi faktlara söykənməyən bir məsələ barədə qərar qəbul edib. Onun fikrincə, bu, heç də yaxşı bir hal deyil: "Bundestaqın bu qərarını erməni lobbisinin təkidi ilə atılan ədalətsiz bir addım hesab edirəm. Düşünürəm ki, "erməni soyqırımı” ilə bağlı layihənin qəbulu ciddi bir təsirə malik olmayacaq. Bu qərar Almaniyanın Türkiyə və Azərbaycanla münasibətlərinə ciddi təsir etməyəcək. Eyni zamanda, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq biz bu məsələni daim diqqətdə saxlayacağıq”.

Qətnamə layihəsini hazırlayanlardan və səs verənlərdən biri olan Almaniya Yaşıllar Partiyasının həmsədri Cem Özdəmir məsələylə bağlı ona ünvanlanan sualları cavablandırıb. Türkiyə KİV-də yayılan müsahibəsində C.Özdemir özünə haqq qazandırmağa çalışıb. O, bildirib ki, verilən qərarın əsas səbəbi var: "Alman arxivlərinə, Xarici İşlər Nazirliyinin arxivlərinə baxdıqda açıq və aydın şəkildə o dövrdə alman diplomatlarının baş verənləri təqib edib. O zamankı Türkiyədə xidmət edənlər bunları söyləyib: "Bir soyqırımı olur, insanlar yurdundan olurlar, Suriyada çölə göndərilir”, "buna mane olaq” dedilər. Amma alman hökuməti o tarixdə dedi: "Heç vaxt müdaxilə etməyin, Osmanlı İmperiyası tərəfdaşımızdır, silah qardaşımızdır, dolayısıyla ermənilərin başına nə gəlirsə gəlsin, bizim üçün əhəmiyyətsizdir”. Belə bir açıqlama verilib. Dolayısıyla, burada bizim də çiyinlərimizə cinayət yüklənir, bir vəzifə düşür. Bundan bəhs edirik. Yəni burada başqa bir ölkə haqqında qərar vermək kimi heç vaxt bir niyyətimiz yoxdur. Onsuz da qərarı oxuyan belə bir şeyi heç yerdə tapa bilməz. Biz, bizdən bəhs edirik. Bunu da kimsə inciməsin, qadağan edə bilməz”.

Müsavat başqanının müavini, ekspert Elman Fəttah isə bildirdi ki, Almaniya Bundestaqının "erməni soyqırımı” qərarının nəticələr barədə bunları dedi: "Erməni və digər xristian etniklərin soyqırımı” məktəb dərsliklərinə salınacaq. Qərarda o zamankı Osmanlı imperatorluğu hökuməti ilə müttəfiq olan Almaniya imperatorluğunun baş verən hadisələrin qarşısının alınmasına cəhd etməməsi utancverici hərəkət adlandırılıb”.

E.Fəttah qeyd etdi ki, eyni tipli qərar indiyə qədər 20-dən çox ölkənin parlamentində qəbul edilib. O cümlədən Rusiya Dumasında. Bu tip qərarlar dünya sülhünə xidmət etmir: "Qərara səs verən şəxslər hadisə haqda bilgili şəxslər deyil. Əksəriyyəti bəlkə də bu haqda ilk dəfə eşidiblər. Soyqırım ən ağır cinayətdir. Bu haqda qərarı siyasi institutlar yox, məhkəmələr verə bilər. 1915 hadisələrinin heç bir məhkəmə qərarı olmadan soyqırım adlandırılması ədalətin bərpası yox, daimi ədavət naminə siyasi qərarla əldə edilmiş diplomatik instrumentdir”.