Tarif Şurası yenə də ənənəsinə sadiq qaldı

"Tarif Şurasının yanacağın qiymətinin artırılması ilə bağlı əsaslandırması cəmiyyəti dolamaqdan başqa bir şey deyil”
 
Bu fikirləri AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov Tarif Şurasının benzin və dizel yanacağının qiymətinin artırılması ilə bağlı qərarına münasibət bildirərkən deyib. O qeyd edib ki:
 
"Tarif Şurası yenə də ənənəsinə sadiq qalaraq gecə fəaliyyətini davam etdirir. Uzun illərdir ki, bu qurum gündüz işləməyi öyrənə bilmədi ki, bilmədi. Hər qiymət artımı ilə bağlı qərarın qeyri iş günləri və gecə saatlarında verilməsi artıq adət halını alıb. Nəticə etibarilə dünən gecə saatlarında A-92 markalı benzinin qiyməti 11%, dizel yanacağının qiyməti isə nə az nə çox 33% artırılıb.
 
Tarif Şurası bu qiymət artımını guya ki, bütün dünyada gedən tendensiya ilə, eləcə də həmin məhsulların keyfiyyətin yüksək avrostandartlara çatdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi, Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılacağı ilə izah edir. Həmçinin qiymətləri Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan və Ermənistanla müqayisə edərək guya ki, millətə təsəlli verir.
 
Çalışacam ki, konkret rəqəmlərlə Tarif Şurasının yanacağın qiymətinin artırılması ilə bağlı əsaslandırmasının cəmiyyəti dolamaqdan başqa bir şey olmadığını sübut edim.
 
Çox hörmətli Tarif Şurası üzvləri Azərbaycandakı qiymətləri Rusiya, Ukrayna, Qazaxıstan, Belarusla müqayisə edəndə onu da bilməli idilər ki, Rusiyada orta aylıq əmək haqqı 1254 AZN, Ukraynada 873,8 AZN, Qazaxstanda 850 AZN, Belarusda isə 872,10 AZN təşkil edir. Odur ki, orta aylıq əmək haqqı sadalanan ölkələrdən kifayət qədər aşağı olan Azərbaycandakı yanacaq qiymətlərini həmin ölkələrlə müqayisə etmək qüsürlü yanaşmadır. Müqayisənin qüsurlu olduğunu şərtləndirən digər bir amil isə sadalanan ölkələrin əksəriyyətinin, o cümlədən də Avropa ölkələrinin neft ölkəsi olmaması ilə bağlıdır. Neft ölkəsi olmayan və dolayısı ilə yanacağı da ayrı-ayrı ölkələrdən alan ölkələrdə qiymətlərin bizdən yuxarı olması təbiidir və başa düşüləndir. Amma indi neft ölkəsi olan, Aİ-
 
92 benzinini özü istehsal edən Azərbaycanda benzinin qiymətinin 1 AZN olması, yanacağı bizdən alan Gürcüstanda benzinin qiymətinin cəmi 1,15 AZN və ya düşmən ölkə olan və iqtisadiyyatı çökmüş Ermənistanda cəmi 1.19 AZN olması heç cürə başa düşülən deyil.
 
Yaxşı olardı ki, Tarif Şurası Azərbaycanda yanacaq qiymətlərini qeyri-neft ölkələri ilə müqayisə etməkdənsə neft ölkələri olan ölkələrlə müqayisə etsin. Kiçik bir müqayisə aparaq. Neft ölkəsi olan Kuveytdə Aİ-95 markalı benzinin qiyməti 57 qəpik, İranda 56 qəpik, B.Ə.Ə-də 73 qəpik, Venesuelada 3 qəpik, Liviyada 23 qəpik, Əlcəzairdə 35 qəpikdir.
 
Digər bir məsələyə də diqqət yetirmək vacibdir. Məlumdur ki, dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə (0,6 AZN), Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə (0,9 AZN) aparılıb. Müqayisə üçün deyim ki, 2013-cü ildə Azərbaycanda dizel yanacağının qiymətinin 0.6 AZN- qaldırıldığı vaxt dünya bazarında 1 ton dizel yanacağının qiyməti 856,07 dollar, 2017 ci ildə benzinin qiymətinin 0.9 AZN-ə qaldırıldığı vaxt isə dünya bazarında benzinin qiyməti 509,92 dollar olub. İndi isə dünya bazarında neftin qiymətinin aşağı olduğu, 1 ton benzinin qiymətinin 453 dollara (2017-ci il ilə müqayisədə 11%-ə yaxın ucuzlaşma), 1 ton dizel yanacağının qiymətinin 421 dollara (2013-cü illə müqayisədə 51%-ə yaxın ucuzlaşma) düşdüyü bir vaxtda benzinin qiymətinin 11 %, dizel yanacağının qiymətinin 33% artırılması heç bir halda qəbuledilən sayıla bilməz.
 
Tarif Şurası yanacağın qiymətindəki artımın vətəndaşların ailə büdcəsinə ciddi təsir etməyəcəyini və digər qiymətlərdə artıma səbəb olmayacağını deməklə də ciddi yanlışlığa yol verir. İndiyə qədər yanacağın qymətində baş verən qiymət artımlarından sonra ölkədə ərzaq məhsullarının və digər məhsulların qiymətlərində necə bahalaşma olduğunun hamımız şahidi olmuşuq. Dizel yanacağındakı 33% artım istər istəməz daşımalarda, o cümlədən də istehsal sahəsində öz təsirini göstərəcək ki, bu da digər məhsullarda qiymət arımına gətirib çıxaracaq”.