Universitet heyəti əsgərlərə həmrəyliyini bildirdi
Bu gün Azərbaycan Tibb Universitetində (ATU) fövqəladə toplantı keçirilib. Toplantı son vaxtlar cəbhə xəttində baş vermiş hadisələr, erməni təxribatı və bu təxribatın qarşısını alan əsgər və zabitlərimizin qələbəsinə və ordumuza ediləcək dəstəyə həsr olunub.
Tədbiri giriş sözü ilə açan rektor əvəzi, tədris işləri üzrə prorektor, professor Sabir Əliyev son günlər erməni hərbi birləşmələrinin sərhədyanı bölgələrdə törətdiyi təxribatlar və bu təxribatın qarşısının rəşadətli ordumuz tərəfindən qəhrəmancasına alınmasından söz salıb. Bildirib ki, ordumuz təkcə təxribatın qarşısını almaqla kifayətlənməyib. Eyni zamanda, işğal olunmuş ərazilərdə bir sıra strateji yaşayış məntəqələri və yüksəkliklər azad edilib. Ermənilərin atəşkəs rejimin pozaraq sərhədyanı bölgələrdə dinc əhalinin gülləbaran edilməsi nəticəsində dünyasını dəyişənlərin və yaralıların olduğunu vurğulayıb. Biz tərəfdən əsgərlərimizin şəhid olduğunu qeyd edən S.Əliyev qarşı tərəfin xeyli sayda canlı qüvvə və texnika baxımından itkilər verdiyini vurğulayıb:
"Ordumuzun əldə etdiyi bu nailiyyət və qələbələr adamda fərəh hissi doğurur. Bu təxribatların məhz cənab Prezident İlham Əliyevin ABŞ-da keçirilən "Nüvə sammiti” tədbiri ərəfəsində baş verməsi təsadüfi deyildir. Çünki sammitdə iştirak edən ölkə başçısı Amerikanın bir sıra nüfuzlu dövlət adamları və siyasi xadimləri ilə görüşüb. Görüşlər zamanı cənab Prezident Qarabağ məsələsini önə çəkib və illərdir torpaqlarımızın işğal altında qalmasına və bu sahə ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi məsələsinə toxunub. Torpaqlarımızın azad olunması üçün beynəlxalq qurumların məsələyə ikili standartlarla yanaşdıqlarını qeyd edib” - deyən rektor əvəzi, ölkə başçısının xalqımızın haqq səsinin dünyaya çatdırdığını bildirib.
"Doğrudur, ermənilərin havadarları məsələyə həmişə ədalətli şəkildə yanaşmayıblar və bəzi dünya mətbuatı hadisələri təhrif olunmuş şəkildə işıqlandırır, ermənilərin həlak olmasından yazır. Cənab Prezident Təhlükəsizlik Şurasının toplantısında onların bu tərəfkeşlik mövqeyinə qarşı birmənalı və kəskin şəkildə bildirdi ki, erməni əsgərləri Azərbaycan torpaqlarında nə gəzir ki, həlak olurlar. Onlar həlak olmaq istəmirlərsə, işğal olunmuş torpaqlarımızı tərk etsinlər” -deyən natiq dünya ictimaiyyətinin hər iki ölkə rəhbərliyinə atəşkəsin bərpa edilməsi ilə bağlı çağırışına ilk olaraq Azərbaycan tərəfindən müsbət reaksiya verildiyini vurğuladı.
S.Əliyev təəssüflə qeyd etdi ki, erməni tərəfi bu çağırışa məhəl qoymur və təxribatlarını torpaqlarımızda davam etdirirlər: "Universitet müəllimləri və tələbələr dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün lazımi addımlar atmalıdırlar. Biz universitet olaraq cəbhədə yaralanan əsgərlərimizə yardım üçün qanvermə aksiyası keçirəcəyik. Gənclərimizdə əhval-ruhiyyə yüksəkdir və onlar orduya getmək və döyüşlərdə iştirak etmək üçün universitet rəhbərliyinə müraciət edirlər”-deyən rektor əvəzi bunun olduqca fərəhləndirici hal olduğunu vurğuladı.
Sonra universitetin elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev çıxış edərək xalqımızın bu günlərdə ən xoş anlarını yaşadığını, illərlə qəlblərində yığılıb qalan hisslərini, torpaqların azad edilməsi ilə bağlı fikirlərini büruzə vermək üçün tarixi şansın yetişdiyini bildirdi. Əsgərlərimizin layiqincə öz vəzifələrinin öhdəsindən gəldiyini və bu işdə dəqiq informasiyanın və əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərimizin əvəzedilməz rolu olduğunu vurğuladı:
"Ermənilərlə təkcə ərazilərimiz uğrunda müharibə getmir, həm də tərəflər arasında informasiya müharibəsi aparılır. Buna görə gənclər fəal olmalı, müxtəlif dillərdə informasiyanı dünyaya çatdırmalıdırlar.”- deyən prorektor gəncləri fəal olmağa dəvət etdi.
Sonra universitetin normal fiziologiya kafedrasının dosenti Rəşid Mahmudov söz aldı. O, ermənilərin neçə illərdir işğal etdikləri ərazilərdə tarixi-mədəni abidələrimizi və təbiəti məhv etdiklərini qeyd etdi. R.Mahmudovun sözlərinə görə, hazırda torpaqlarımızın azad olunması üçün tarixi şərait yetişib: "Mənim 78 yaşım var, müharibədə iştirak etməyə hazıram. Öz torpaqlarımıza sahib çıxmalı, erməni silahlılarını işğal olunmuş ərazilərdən qovmalıyıq”
Çıxışa tələbələr də qoşuldu. MPF-nin V kurs tələbəsi Muxtar Tapdıqov və Hərb tibb fakültəsinin II kurs tələbəsi Elmir Quliyevin vətənpərvərlik ruhunda etdiyi çıxış alqışlarla qarşılandı.