Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanovla Türkiyə İç Hastalıkları Uzmanlık Derneği başkanı prof. Dr. Serhat Ünal arasında görüş keçirilib.
Görüşdə prof. Dr. Serhat Ünal Türkiyə İç Hastalıkları Uzmanlık Derneğinin təşkil etdiyi seminarı bu dəfə Bakıda, ATU-da keçirmək niyyətindən bəhs etdi: "Noyabrın 20-22-də Azərbaycan Tibb Universitetində Türkiyə-Azərbaycan terapevtlərinin seminarını keçirəcəyik. Əslində, bu dərnəyi yaradan gündən ilk ölkə kimi Azərbaycanda seminar keçirməyi düşünürdük. Lakin bura gəlməyimiz bu günə təsadüf etdi. Buna görə olduqca məmnunuq.
Bizim dərnəyin məqsədi iç xəstəlikləri ilə əlaqədar şəxsləri bir araya toplamaq, geniş müzakirələr aparmaq, qardaş ölkələrin iç xəstəlikləri uzmanlarını bir-biri ilə tanış edib, əlaqələrin sıx yaradılması üçün danışıqlar aparmaq, seçilən mövzuya əsasən mühazirələrin oxunmasıdır".
ATU rektoru Əhliman Əmiraslanov bu tip dərnəklərin ATU-da keçirilməsinə çox müsbət baxdığını, bu ali təhsil ocağının qardaş Türkiyə universitetləri ilə sıx əlaqədə olduğunu, tez-tez belə tədbirlər, seminarlar keçirdiklərini dedi.