Ümid edirik ki, İlqar Məmmədov və Əli İnsanov da azad ediləcəklər

Son vaxtlar siyasi məhbuslar məsələsində hakimiyyətdə bir yumşalma hiss olunur. Mehman Əliyev, nardaranlı məhbuslar, Faiq Əmirov azad olundu. Prosesin davam edəcəyi deyilir. Milli Şura isə sentyabrın 23-nə "Məhsul” stadionuna mitinq təyin edib. Bəs əslində belə vəziyyətdə müxalifət düşərgəsi necə davranmalıdır? Mitinqin məhz indi keçirilməsi zamanlanma baxımından nə dərəcədə doğru addımdır?


AMİP katibi Əli Orucov isə qeyd etdi ki, son dövrlər Qərbin qətiyyətli mövqeyi hökuməti düşünməyə vadar edib və bəzi məhbuslar buna görə azadlığa buraxıldı. Bununla belə, hələ də siyasi məhbusların olması narahatvericidir: "Ümid edirik ki, İlqar Məmmədov və Əli İnsanov da azad ediləcəklər. Onların azad olunmaları üçün Avropa İnsan Haqları Məhkəməsinin qərarı var və bunun icrası məcburi xarakter daşıyır. İndiki vaxtda mitinq keçirilməsinə gəldikdə, Azərbaycan müxalifəti hökumətin tətbiq etdiyi və açıq şəkildə bəyan etdiyi müxalifəti məhv etmə siyasəti qarşısında çox humanistlik göstərib. Kritik məqamlarda və milli məsələlərdə dəstəyini də ifadə edib. Mitinq keçirmək, sərbəst toplaşmaq hər bir şəxsin doğal haqqıdır. Onsuz da bunu da keçirməyə hakimiyyət hər cür maneçilik törədəcək”. /Yeni Müsavat/