Arzuxan Əlizadə: «Müzakirələrin davamlı keçirilməsi Azərbaycan-ABŞ münasibətlərinin aydınlanmasında müəyyən rol oynaya bilər»
«O cümlədən, digər məsələlər var ki, bunlar öz həllini tapmalıdır»
Milli
Məclisdə «Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və
təhlükəsizlik məsələləri kontekstində» mövzusunda dinləmələr keçirilib.
Dinləmələrdə ölkədə insan haqlarının durumu və digər məsələlər müzakirə
olunub.
Komitə sədrləri, millət vəkilləri, partiya sədrləri,
QHT nümayəndələri, ekspertlərin qatıldığı müzakirələrdə Azərbaycanın
Birləşmiş Ştatlardan strateji tərəfdaş kimi gözləntilərinin olduğu
vurğulanıb. İlk növbədə, Minsk Qrupunun həmsədr dövləti kimi, Dağlıq
Qarabağla bağlı, daha sonra isə Azərbaycanda sabitlik, təhlükəsizliklə
bağlı, ikili standartların aradan qaldırılması üçün əməli fəaliyyət
görülməsi istənib. Bəzi millət vəkilləri iki dövlət arasında
münasibətlərin bəyanatlarla deyil, dialoq yolu ilə həllinin tərəfdarı
olduğunu söyləyib. ABŞ-ın son günlər Azərbaycana qarşı sərgilədiyi bəzi
mövqeləri əsas gətirərək, Qərbi sərt tənqid edənlər də olub. Eyni
zamanda, qeyd olunub ki, insan haqları ümumbəşəri bir məsələ olduğu üçün
onu dövlətlərə qarşı bir təzyiq vasitəsi kimi istifadə etmək doğru
deyil. Belə məsələləri bəyanatla deyil, dialoqla həll etmək daha
məqsədəuyğundur. Müzakirələr zamanı məlum olub ki, ABŞ qondarma «Dağlıq
Qarabağ Respublikası»na Azərbaycandan üç dəfə çox yardım edib. Bu
yaxınlarda ABŞ-da irqçilik əleyhinə yürüşlər keçirilərkən Barak Obama
deyib ki, bu, bir mentalitet məsələsidir. Maraqlıdır ki, başqa ölkələrə
gəldikdə isə mentalitet nəzərə alınmır.
Bütün hallarda,
sözügedən kontekstdə dinləmələrin keçirilməsi Azərbaycan-ABŞ
münasibətlərinin saflaşmasında, durulanmasında və digər bu kimi
məsələlərdə nə kimi rol oynaya bilər?
Məsələyə münasibət
bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu kimi
müzakirələrin keçirilməsi münasibətlərdə yaranan bəzi problemlərin
aradan qaldırılmasında müəyyən rol oynaya bilər: «Bu o zaman mümkün ola
bilər ki, sözügedən müzakirələr davamlı xarakter daşısın. Yəni epizodik
məna kəsb etməsin. Müzakirələr dialoq formasında olsa, hesab edirəm ki,
daha effektli ola bilər. Həmin müzakirələrdə ABŞ-ı təmsil edən tərəflər,
eyni zamanda ölkənin aparıcı partiya və QHT təmsilçiləri iştirak
etməlidir. Hesab edirəm ki, sözügedən format üzrə müzakirələrin davamlı
keçirilməsi Azərbaycan-ABŞ münasibətlərinin aydınlanmasında müəyyən rol
oynaya bilər. Məsələ ondadır ki, Birləşmiş Ştatlar dünyanın aparıcı
dövlətidir. Siyasi-iqtisadi və hərbi gücünə görə dünyada ən güclü
dövlətdir. 1994-cü ildə «Əsrin kontraktı»nın imzalanmasında və ondan
sonra Azərbaycanın enerji sektoruna sərmayə axınının təmin olunmasında
bu ölkənin xüsusi rolu olub. Ancaq o da heç kəsə sirr deyil ki, Dağlıq
Qarabağ münaqişəsinin tənzimlənməsində rəsmi Vaşinqton arzuolunan
səviyyədə dəstək vermir. Halbuki, ABŞ istəsə bunu edə bilər. Hələ də
«907-ci Düzəliş» birdəfəlik aradan qalxmayıb. O cümlədən, digər
məsələlər var ki, bunlar öz həllini tapmalıdır».
Vidadi ORDAHALLI