Vaşinqton İrana qarşı daha sarsıdıcı sanksiyalar tətbiq etməklə...

ABŞ administrasiyasına Barak Obamanın başçılıq etdiyi dövrdə İranla "buz”ların əriməsi müşahidə olunsa da, Donald Trampın prezident kürsüsünə oturması ilə geridönüş başlandı. Hər keçən gün ABŞ-dan İrana qarşı sərt addımların atılması ilə müşayiət olunmaqdadır.

Trampın prezidentlik müddəti getdikcə azalır. Bir ildən bir qədər artıq vaxtı qalıb. Bəs onun qalan prezidentlik dövründə İranla münasibəti müharibə fazasına keçə bilərmi?

AMİP Beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev "Yeni Müsavat”a bildirdi ki, Barak Obama dönəmində İranla bağlı siyasətdə yumşaılmalar intensiv danışıqlara və nəticədə bir çox sanksiyaların aradan qalxmasına səbəb olmuşdu: "Sonradan münasibətlərin gərginləşməsini, yeni sanksiyaların tətbiqini və danışıqlarda hərbi ritorikanın öndə olmasını Donald Trampın prezident olması ilə əlaqələndirsələr də, əslində bunu onun fərd olaraq yürütdüyü siyasət kimi dəyərləndirmək yanlışdır. Hesab edirəm ki, bu, ABŞ-ın zaman üçün korrektə olunmuş xarici siyasət strategiyasıdır. Xatırlasaq görərik ki, Obama dönəmində İranla yumşalma Suriya məsələsində Tehranın ən azı, tərəfsiz qalma və uranın zənqinləşdirilməsi ilə bağlı istəyindən əl cəkməsinə yönəlik danışıqlardan sonra başlamışdı. Amma sonradan İranın Suriya məsələsində fərqli mövqe tutması münasibətlərin yenidən gərginləşəcəyi ehtimallarını yüksəltmişdi. Yenidən gərginliyin başlamasının Tramp dönəminə düşməsinin təməli Obamanın prezidentliyinin sonlarında qoyulmuşdu. Sadəcə olaraq, Trampın hay-küylü, gözlənilməz bəyanatlar verən və ABŞ tarixində ziddiyyətli prezident olması imici baş verənlərin yanlış olaraq birbaşa onun istəyi ilə olduğu təsəvvürünü yaradır. Hadisələrin müharibə fazasına keçməsi ehtimallarına gəlincə isə inanmıram ki, ABŞ bu addımı atsın. Ən azından özü bu prosesdə iştirak etməyəcək. Onsuz da İranın İsraillə zaman-zaman xırda, lokal hərbi toqquşmaları olur. Göründüyü kimi, bu da uzağa getmir”.

Ekspertin fikrincə, Vaşinqton İrana qarşı daha sarsıdıcı sanksiyalar tətbiq etməklə istəyinə çatmağı məqbul hesab edir: "O ayrı məsələdir ki, İran daxilində baş qaldıracaq etirazların olması bu istiqamətdə onun işinə yaraya bilər. Amma yaxın dövr üçün regionun böyük dövlətlərindən biri olan İrana qarşı hərbi əməliyyatlar keçirtməklə növbəti cəbhənin açılması ABS-a indiki durumda regiondakı siyasətində problemlər yarada bilər. Amma hər yerdə, hər sahədə olduğu kimi burada da fors-mojor hadisələr baş verə bilər ki, o zaman bütün vasitələr məqbul sayıla bilər”.

Bu arada Ağ Evin İran neftinə tətbiq etdiyi sanksiyalara görə güzəşt etdiyi 8 ölkəyə mayın 1-dən sonra yeni güzəştlərin verilməyəcəyini açıqlamasından sonra yaranan mənzərə eyni zamanda yeni hadisələrin başlanğıcının əsası hesab edilir. Ekspertlər hesab edirlər ki, hadisələrin inkişafı ilə birlikdə, təbii, sərt mübahisələr baş verəcək. ABŞ Prezidenti Donald Trampın İranın neft ixracını tam dayandırmağı və rejimin əsas gəlir qaynağını məhdudlaşdırmağı hədəfləyən bu qərarı bir çox ölkəyə iqtisadi və siyasi təsir edəcək. Ortaya təxmin edə bilmədiyimiz yeni durumlar çıxaracaq. Hazırda gedən yeni ticarət müharibəsində dünyanın dəqiq cizgilərlə iki yerə ayrılması gündəlikdədir. Hətta Bəsrə körfəzinin hərəkətlənməsindən söhbət gedir. Çin ABŞ-ın təzyiqinə əhəmiyyət verməyərək, İranla ticarətə davam edəcəyini açıqlayıb. Rusiya neft qiymətləri yüksələcəyi üçün baş verən son hadisələrə səssiz qalıb. Türkiyə kimi qonşu ölkələrə və İranla ticarət edənlərə son hadisələrin inkişafı ilk dəfə olaraq sərt şəkildə təsir edəcək. Beləliklə, ABŞ-ın qərarı qarşısında səssiz qalanlardan, Avropa Birliyi kimi həll yolları axtaranlardan və reaksiya verən ölkələrdən ibarət yeni bloklar yarana bilər. /Yeni Müsavat/