Rüstəm İbrahimbəyovun 2015-ci ildə ekranlaşdırdığı və 2016-cı ildən nümayiş etdirilən "Qafkaz
triosu” ( "Kavkazskoye trio”) filmi ilə bağlı AMİP etiraz bəyanatı yayıb. Partiyanın mətbuat xidmətindən "Millət"ə daxil olan həmin bəyanatda deyilir:
"Kinorejissor Rüstəm İbrahimbəyovun 2015-ci ildə ekranlaşdırdığı və 2016-cı ildən nümayiş etdirilən "Qafkaz triosu” ( "Kavkazskoye trio”) filmi ölkədə hər kəsin haqlı qəzəbinə və kəskin etirazına səbəb olub. Filimdə azərbaycanlıların qorxaq, əzazil və s.mənfi obrazlarla xarakterizə edilməsi, xalqlar arasında sülhü və mehriban qonşuluğu təbliğ etmək əvəzinə, əksinə azərbaycanlılara qarşı nifrət hissinin aşılanması və bütöv bir xalqın aşağılanması bağışlanılmazdır. Bu film eyni zamanda tarixən xalqımıza qarşı düşmən mövqedə olan və on minlərlə günahsız insanımızı qətlə yetirən, torpaqlarımızı işğal altında saxlayan erməni millətçiliyinə verilən bəraətdir.
Lakin filmin nümayişindən və geniş yayımından 3 ilə yaxın müddət keçməsindən sonra, iqtidarın buna kampaniya şəklində mövqe sərgiləməsi bir sıra məntiqi suallar və təəssüf doğurur.
Öncə vurğulamaq istərdik ki, "Qafqaz triosu” filminin çəkilişləri Bakıda aparılıb və hər bir xırda nüansı diqqətə alan müvafiq vəzifəli şəxslər və orqanlar nədənsə həmin filmin ssenarisi ilə maraqlanmayıblar. Keçən üç il ərzində də bu film heç yada düşməyib. Azərbaycanın paytaxtında Azərbaycan dövlətinin və xalıqnın əlehinə, onun marqlarını tapdalayan film çəkilir, çəkiliş qrupuna hər cür şərait yaradılır və filim geniş auditoriyaya çıxarılır, lakin müvafiq dövlət qurumları bundan xəbər tutmur. Kinotənqidçi Ayaz Salayevin tənqidi məqaləsindən sonra sanki qəflət yuxsundan ayılırlar. Hər il dövlət büdcəsindən müvafiq dövlət qurumlarına, Mədəniyyət Nazirliyinə, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinə, eləcə də əlaqəli QHT-lərə və kinomatoqrafiyaçılar ittifaqına milyonlara vəsait ayrılır. Lakin, baş verənlər bir daha onu göstərir ki, həmin sahəyə cavabdeh olan qurumlar öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilmirlər. Nəhayətdə isə bunun ağır nəticələrini bütövlükdə Azərbaycan dövləti daşımalı olur. Hesab edirik ki, bu olaya ölkənin milli təhlükəsiliyinə vurulan zərbə kimi yanaşılmalıdır.
Azərbaycan Milli İstiqlal Partiyası kinorejissor R.İbrahimbəyovu lentə aldığı bədnam "Qafqaz triosu” fliminə görə şiddətlə qınayır və filmdə Azərbaycan xalqının xoşagəlməz çalarlarda xarakterizə edilməsinə kəskin etirazını bildirir. Eyni zamanda cavabdeh qurumların səhlənkarlıqlarlarına, olaya vaxtında reaksiya verməmələrinə və lazimi tədbirlər görmədiklərinə görə hüquqi və mənəvi məsuliyyət daşıdıqlarını bəyan edir.