Xalq susduqca hakimiyyət daha da harınlaşacaq

I Avropa Oyunları ilə bağlı hakimiyyətin Azərbaycan xalqının həyatına gətirdiyi qadağaların sayı sürətlə artmaqdadır. Yarış səbəbi ilə bir çox sosial layihəni təxirə salan, vətəndaşlar üçün yeni iş qrafiki müəyyənləşdirən hakimiyyət, hansı qəbildən olan avtomobillərin hansı saatda hərəkət edəcəyinə qədər paytaxt sakinlərinin həyatına bir çox əcaib yasaqlar gətirib ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olmaqdadır.

Xalqın təməl hüquqlarının kütləvi surətdə pozulmasına münasibət bildirən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov Moderator.az saytı və "Hürriyyət” qəzetinə açıqlamasında baş verənlərə görə əsas məsuliyyətin məhz xalqın üzərinə düşdüyünü bildirdi:

"Mən bütün bu özbaşınalıqların, bu qanunsuzluqların və dərəbəyliyin günahını məhz xalqın özündə görürəm. Çünki xalq nə qədər küncə qısılıb duracaqsa, nə qədər bivec və biganə qalacaqsa, öz haqqına, sərvəıtinə, ən nəhayət dövlərinə sahiblikdən imtina edəcəksə, bundan da betərini yaşadacaqlar. Azərbaycan hakimiyyəti kasıb, zəhmətkeş, əliqabar valideyini cəmiyyətə, insanlar arasına çıxarmağa rəva görməyən harınlaşmış övlada bənzəyir. Hansı ki, onu bu səviyyəyə çatdıran, onu var-dövlət, mənsəb vəzifə sahibi edən həmin əliqabarlı sadə, ayağı patavalı Azərbaycan xalqıdır. Ucuz şöhrət xatirinə, quru bir tərifə görə öz vətəndaşlarını tapdalamq, onun sərvətini havaya sovurmaq, hansısa əcnəbilərə xərcləmək, üstəlik də insanların elementar yaşamaq, istirahət etmək, sərbəst hərəkət etmək hüquqlarını əlindən almaq həyasızlığın, yaltaqlığın və harınlığın son nöqtəsidir.

Hər birimiz istərdik ki, ölkəmizin imici yüksək olsun, beynəlxalq aləmdə nüfuzu və hörməti qalxsın. Dünya ictimaiyyətinə göstərməliyik ki, Azərbaycan xalqı və dövləti o qədər güclü və qüdrətlidir ki, ən mötəbər, ən kütləvi tədbirləri layiqincə keçirmək, on minlərlə qonağı qarşılamaq qabiliyyətindəyik. Amma bunu eybəcər şəkildə etmək, xalqı, milləti tapdalamaqla, onu soymaqla həyata keçirmək, əksinə gözdən salır. Azərbaycan iqtidarı əgər oz xalqına hörmət qoymasa əcnəbi də qoymaz. Hakimiyyət nə qədər əcəbilərə xoş səxavətli görünməyə çalışsa da, yaltaqlıq etsə də, beynəlxalq aləm bu hakimiyyətin iç üzünü də, nəyə qadir olduqlarını da yaxşı bilir. İlk növbədə millət, xalq bu cür hallara kəskin münasibətini bildirməli, etiraz səsini yüksıltməlidir. Əks halada xalqı heç saya salan da olmayacaq, insan yerinə qoyan da.

İstər idman, istərsə də musiqi yarışmaları olsun, bunlardan hər kəs zövq almaldır. Həmin yarışlar keçirildiyi dövlətdə bunu xalq bayram kimi qəbul etməlidir. Və bu yarışlar siyasiləşməməlıdir, hansısa siyasi qrupların, siyasi hakimiyyətlərin maraqlarına və təbliğinə xidmət etməməlidir. Ona görə də çox istərdik ki, bizdə də belə osun. Amma təəssüf ki, Bakıda keçirilən Avropa musiqi yarışmalarına da indiki kimi milyonlarla dövlət büdcəsindən, xalqın cibindən pulu havaya sovurdular, Azərbaycana və millətə bu yarışmanın iztirabı, ağrısı, acısı və mərhumiyyətləri qaldı. İndidə eyni şeylərləri təkrarlayırlar”.



Seymur Əliyev