Yeni müstəqil teatr yaradıldı

Azərbaycanda MEDİA COMPANY–nin nəzdində M.TEATR PRODUCTİON adlı yeni müstəqil teatr yaradılıb. Teatrın bədii rəhbəri Respublikanın Əməkdar artisti Vidadi Həsənov, direktoru Amil Əyyubdur.

29 MART 19.00-da R.Behbudov adına Mahnı Teatrında M.TEATR PRODUCTİON – "Məsəl, ya...” adlı ilk tamaşası nümayiş olunacaq.

Respublikanın əməkdar artisti Vidadi Həsənovun rəhbərliyi ilə yaradılmış müstəqil teatrda gənc və istedadlı sənətçilər toplanıb. "Məsəl, ya...” adlı bir hissəli mükamilədə Oktay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Günay Əhməd çıxış edirlər. Ü.Hacıbəylinin "Ordan-burdan” kitabı əsasında hazırlanmış bir bölümlü mükalimə - tamaşada iştirak edən beş sənətçi, sanki beş zaman səyyahı kimi bizi keçən əsrin əvvəllərinə, o illərin gizlinlərinə səyahətə aparırlar. Amma, bu səyahət "bu gündən” keçmişə deyil, əslində " keçmişdən” bu günə səyahətdir. Bəs görəsən, ordan – keçmiş adlı uzaq bir "məmləkətdən” baxanda yaşadığımız bu gerçəklik necə görünür? Bəs qarasınca güdükçü düşdüyümüz o "gələcək” adlı xəyali "diyara” nə ilə və nə üzlə gedirik? Tamaşada bu suallara cavab axtarılacaq.