"25 illik istiqlalımız mübarək"

Bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının 25-ci ildönümüdür. Bu münasibətlə İstiqlalçı Deputatlar Məclisi oktyabrın 17-də "Park-inn” hotelində istiqlal mücahidlərinin, ictimai-siyasi xadimlərin, görkəmli ziyalıların, Qarabağ qazilərinin, KİV nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirib.

Musavat.com-un məlumatına görə, tədbiri istiqlalçı deputat Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov açıb.

O, bildirib ki, 1990-cı illin yanvarın 20-də Azərbaycanın oğul və qızları canlarını müstəqillik yolunda qurban veriblər: "Azərbaycan xalqının müstəqil olmaq səyinin qarşısını heç bir qüvvə ala bilməzdi, ala bilmədi də... Azərbaycan xalqı müstəqillik qazanmaqla böyük sərvətə yiyələndi. Müstəqil olmaq hər bir xalqın arzusudur. Müstəqillik böyük nemətdir".

Daha sonra tədbir iştirakçıları birlikdə dövlət himnimizi oxuyub, şəhidlərimizin ruhunu anıblar. Tədbirdə həmçinin müstəqilliyimizə qədər keçdiyimiz yolla bağlı videoçarx da nümayiş olunub. Və söz Azərbaycan Milli İstiqlal Partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədova verilib.

O, çıxış edərək bildirib ki, 18 oktyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb: "Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü kimi rəsmi dövlət bayramıdır. Bu günə gələnə qədər xalqımız çox böyük iztirablardan və mübarizədən keçib. 18 oktyabr bəzilərinin dediyi kimi göydəndüşmə nailiyyət olmayıb. Azərbaycan xalqı müstəqilliyi asanlıqla qazanmayıb. Ölkəmiz müstəqillik yolunda xeyli itki verib, xalq mübarizə aparıb. İstiqlal mübarizəsi xalqımızın qəlbində heç zaman sönməyib. Bu daimi, fasiləsiz şəkildə davam edib. 1920-ci ildən sonra qırğınlar nəticəsində biz böyük ziyalı nəsli itirmişik. Lakin buna baxmayaraq, onları əvəz edən, qəlblərində istiqlal eşqi olan insanlar da meydana çıxıblar. Nəhayət, 1988-ci ildə başlayan Xalq Hərəkatı sonralar Milli Azadlıq Hərəkatına çevrildi. Mübarizə nəticəsində 1991-ci ildə Azərbaycan müstəqil oldu”.

E.Məmmədov həmçinin bildirib ki, biz Türkiyəyə minnətdar olmalıyıq ki, təhdidlərə baxmayaraq, Azərbaycanın dövlət müstəqilliyini tanıdı.

Müsavat Partiyasının başqanı, istiqlalçı deputat Arif Hacılı da çıxış edərək söyləyib ki, 18 oktyabr - müstəqillik aktının qəbul olunması günü Azərbaycan xalqının mübarizəsinin nəticəsidir: "1988-ci ildən başlayaraq Azərbaycanın dövlət bayrağı dalğalanırdı. Əbülfəz Elçibəyin rəhbərliyi altında Xalq Hərəkatı sistemləşmişdi, sovet imperiyasını qorxuya salırdı. Artıq Azərbaycan müstəqillik əldə edib, inanıram ki, xalqımız bu bayramı əsrlər boyu qeyd edəcək".

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, istiqlalçı deputat Mirmahmud Mirəlioğlu çıxışı zamanı deyib ki, Azərbaycan istiqlalının qəhrəmanı xalq və onun bu yolda verdiyi şəhidlərdir: "İstiqlalçı millət vəkillərinin bir-birilərinə qarşı münasibətlərinin necə olmasından asılı olmayaraq, sizin onlara eyni münasibətiniz olsun. Onlar bir-birilərinə mətbuatda hansı mövqelər sərgiləməsindən asılı olmayaraq, xidmətləri var. M.Ə.Rəsulzadədən bəri səngiməyən mübarizədə Azərbaycanın xeyli ziyalıları var idi. Bəs onlar nə üçün istiqlalın bərpasına nail ola bilmədilər? Məncə, ona nail olmaqdan ötrü yalnız siyasi və ümummilli təşkilat lazım idi. Həmin təşkilat da Azərbaycan Xalq Cəbhəsi oldu. Bu gün Azərbaycanda olan bütün liderlərin hamısı o təşkilatın qurucularından olublar. Onlar bir yerdə olduqları zaman biz istiqlalımızı bərpa edə bildik. Sonradan hansı mövqedə olmasından asılı olmayaraq, o təşkilatı quranlar çox böyük xidmətlər göstərdilər. Bizim, millətimiz, dövlətimiz üçün böyük bir təşkilat - Azərbaycan Xalq Cəbhəsini yaratdılar. Bu təşkilat nəhayət, qısa bir müddətdə Azərbaycan istiqlalının bərpasına nail oldu”.

Daha sonra söz müstəqil Azərbaycanın ilk qadın deputatı Məryəm Həsənovaya verilib. O da tarixi proseslərdən danışaraq, tədbir iştirakçılarının bayramını təbrik edib.

Milli Strateji Düşüncə Mərkəzinin sədri, istiqlalçı deputat İsa Qəmbər isə müstəqilliyin böyük hadisə olduğunu vurğulayıb.

O, bildirib ki, 1990-cı il 20 yanvar hadisələri sovet imperiyasının dağılmasının qarşısını almağa hesablanıb: "Əksinə, bu hadisələr sovet imperiyasının dağılmasını sürətləndirdi. Azərbaycan xalqının müstəqilliyinin qarşısını alan Rusiya idi. Tarixən belə olub".

Daha sonra tədbirdə iştirak edən digər istiqlalçı deputatlara da söz verilib. Onlar da tarixi proseslərə öz münasibətlərini bildirərək, Azərbaycan xalqını bayram münasibəti ilə təbrik ediblər.