"Azərbaycan sonsuza qədər torpaqların işğal altında qalması ilə barışmayacaq"

"Artıq xarici mətbuat da bunun fərqindədir"

Qarabağ münaqişəsinin son illərdə gərginləşməsi zəncirvari reaksiya verərək Cənubi Qafqazın sərhədlərindən kənara çıxa bilər. Bu barədə Londonda dərc olunan "Financial Times" qəzeti bildirib.
2015-ci ilin yanvar ayında 12 nəfərin ölməsini və 18 nəfərin yaralanmasını xatırladan qəzet bunun 1994-cü ildən bu yana ən yüksək aylıq itki olduğunu bildirib: "Risq getdikcə artır. Toqquşmaların təhlükəsi getdikcə yüksəlir. Bu yalnız snayperlərdən qaynaqlanmır, helikopterlər, artilleriya da dövrəyə girib".

Son on ildə Azərbaycanın hərbi xərcləri artırdığını və bunun Ermənistan büdcəsindən iki dəfə çox olmasını xatırladan qəzet Ermənistanın 1992-94-cü illərdə işğal etdiyi əraziləri geri verməmək üçün Rusiyaya güvəndiyini bildirir: "Ancaq bu məsələdə Rusiyanın özünü necə aparacağı aydın deyil. Çünki Azərbaycan hücuma başlasa, Ermənistanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərini keçməyəcək"- deyə məqalədə vurğulanır.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın nüfuzlu "Newsweek" jurnalı də bənzər açıqlama vermişdi. Жurnalın yazdığına görə, Qarabağda müharibə meşə yanğını kimi qəfi başlaya, Rusiya isə bölgədə sülhü təmin etmək adı altında öz qoşunlarını münaqişə zonasına yeridə bilər. Həmçinin, məqalədə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yanvarın əvvəllərindən başlayaraq artan gərginliyə toxunulur və iki ölkə arasında müharibənin "təsadüfən başlaması" təhlükəsinin mövcudluğundan bəhs edilirdi.
Bütün hallarda, yazılanlar nə dərəcədə reallığı əks etdirir?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə buna bir neçə kontekstdən yanaşdı. Onun fikrincə, ümumən sözügedən məsələnin mütəmadi olaraq beynəlxalq mətbuatın diqqət mərkəzində qalması müsbət haldır: "Ən azından torpaqların erməni işğalı altında olması bu və ya digər dərəcədə vurğulanır. Həmçinin, beynəlxalq ictimaiyyət də məlumatlanır ki, Ermənistan təkbaşına olaraq Azərbaycan torpaqlarını 20 ildən artıq işğal altında saxlaya bilməz. Yəni işğalçı Ermənistanın arxasında Rusiya dayanıb. Necə ki, Rusiya postsovet məkanındakı digər separatçı ocaqların arxasında dayanır. Bu, məsələnin bir tərəfi. Məsələnin ikinci tərəfinə gəldikdə isə, müharibənin birinci Avropa Oyunlarına qədər başlayacağı real görünmür. Ən azından işğalçı Ermənistan bu risqi gözə almaz. Çox güman ki, oyunların keçirildiyi müddətdə Ermənistan tərəfi atəşkəs rejimini intensiv pozmayacaq. Hər zaman olduğu kimi, bu dəfə də ermənilər hiyləgər taktiki gedişlər edəcək. Bütün bunların fonunda görünən odur ki, vəziyyət uzun müddət belə davam edə bilməz. Artıq xarici mətbuat da bunun fərqindədir. Xarici dairələr də görür ki, münaqişənin həll olunmamış qalması hər an müharibə risqini artırır. Çünki Azərbaycan sonsuza qədər torpaqların işğal altında qalması ilə barışmayacaq. Ukraynada və digər ölkələrdə baş verən hadisələr bir daha göstərir ki, istənilən an situasiya dəyişə bilər".

Vidadi ORDAHALLI