İyun ayının əvvələrində Ümid Partiyasının rəhbərliyində edilən kadr dəyişiklikəri nəticəsində partiyanın Aparat rəhbəri Nəsimi Məmmədli tutduğu vəzifəsindən uzaqlaşdırıldı. Bu dəyişikliklərin əslində sədr İ.Ağazadənin N.Məmmədlinin postundan uzaqlaşdırılması məqsədi ilə həyata keçirilməsi barədə bəzi versiyalar irəli sürüldü. Həmin dövrdən xeyli vaxt ötməsinə baxmayaraq sabiq aparat rəhbəri nədənsə siyasi proseslərdə bir daha görünmədi. Bu maraq səbəbindən Nəsimi bəyi narahat edərək ona bir neçə sualla müraciət etdik.
-Nəsimi bəy, Ümid partiyasının rəhbərliyindən uzaqlaşmağınızdan xeyli müddət keçib. Bu ötən müddət ərzində sabiq ümidçi nə işlə məşğul olub?
-Mən, uzun illərdir aktiv siyasi fəaliyyətimlə yanaşı, ictimai fəaliyyətimi də paralel aparırdım. Siyasi fəaliyyətlə ictimai fəaliyyətin sərhədləri çox yaxındır və bir-birini tamamlayanda daha effektiv nəticə yarada bilir. Aktiv siyasi fəaliyyətdən funksional olaraq kənarda olsam da, bəzən siyasi olaylara müstəqil münasibət də sərgiləyirəm. Cəmiyyət üçün faydalı olan sosial-ictimai layihələrdə fəal iştirak edirəm.
-Belə qənaətə gəlmək olarmi ki, siyasətdən uzaqlaşmısız?
- Amma, sosial şəbəkələr vasitəsilə cəmiyyətiçi münasibətlərə, ictimai-siyasi hadisələrə, insan hüquq və azadlıqlarının pozulmasına fəal münasibət ifadə edirəm.
-Nəsimi bəy, ictimai institutlara son hücumları necə qiymətləndirirsiz?
-İctimai institutların mövcudluğu və fəaliyyət azadlığı demokratik cəmiyyətin əsas atributlarından biri olmaqla yanaşı, həm də idarəetmədə şəffaflıq üçün vaz keçilməz bir ehkamdır. Yerli və beynəlxalq QHT-lərə basqılar yol verilməzdir və bu siyasət nə qədər tez dayanarsa cəmiyyətə bir o qədər az zərər edər. Təəssüf ki, hakimiyyətdə olan siyasətçilər ölkəmizin güclü, qüdrətli, sabit olmasını azadlıqların genişlənməsində, pülüralizmin mövcudluğunda deyil, inzibati metodlarda, repressiyalarda, dövlətın təbii gücündən sui-istifadə etməklə rəqabəti ortadan qaldırmaqda görür. Cəmiyyəti sıxdıqca, azadlıqları məhdudlaşdırdıqca onu edənlər özlərinə dərin faciə hazırlayır. Bir ölkə də barış, uzlaşma, dialoq üçün yer qalmalıdır. Alternativ fikirin tribunasını və natiqlərini sıradan çıxarmaqla qurulan sistem öz müəlliflərini acı sonluqla bitirir. Dünya ictimaiyyətinin və xalqın fəal təyziqi olmadıqca, anti-demokratik rejimlərin sadə xalqa, müxalifətə və müstəqil insanlara qarşı cəsarəti artır və repressiv siyasəti genişlənir. Özünü çıxılmaz bir bataqlığa salan bu siyasətin müəllifləri son ana qədər elə güman edirlər ki, ən doğru olanı edirlər. Amma, bu gediş zorla durdurulanda tarixin əbədi qınağı üzərində qalan diktatotların sırasına yenisi əlavə edilir. Dünya siyasətində böyük rol oynamış bir çox nəhəng siyasətçilər öz hakimiyyətlərinin təqibinə, təyziqinə və həbslərinə sinə gəlməli olub. Təəssüf ki, əsrlər boyu davam edən bu sərt və səhv yanaşma bu günədək davam edir. Rəqabəti repressiya ilə əvəz edən bütün rejimlər bu fəaliyyətindən zərər çəksə də, yanlış yoldan asanlıqla dönə bilməyib. Tarix sübut edir ki, həm repressiya edən, həm repressiya qurbanları, həm də cəmiyyət belə idarəçilikdən zərər çəkib. Lakin, nə həbslər, nə repressiyalar, nə də kütləvi ölümlər cəmiyyəti daimi sükunətə məhkum etməyib və edə də bilməz.