"Etibar Məmmədov mütləq danışmalı və..."


Məgər 709-cu hərbi hissənin mərkəzi hakimiyyətə tabe olmaması qiyam idi, OMON-un silahlı üsyana qalxması "məşq toplanışı”?


"Milli Azadlıq” kimi xarakterizə olunan hərəkat çoxdan geridə qalıb. O nəhəng və ziddiyyətli tarixi prosesin əsas qəhrəmanları da artıq həyatda, siyasətdə deyillər, yaxud siyasi proseslərə təsir etmək gücləri olduqca məhduddur. Səbəb çox sadədir: Müstəqil Azərbaycanda dövlət təşkilatı formalaşıb, sosial-iqtisadi şərtlər dəyişib, kütlələr əriyib və yenidən təmərküzləşib.

Ancaq bütün hallarda 1988-93-cü illəri əhatə edən və sırf meydan stixiyası ilə inkişaf edən həmin proseslər ən yaxın tariximizin bir parçasıdır. Tarixi isə heç bir halda kütlənin, xüsusən də yaş baxımından o dövrə bələd olmayan, yaxud çeşidli informasiya basqıları altında analiz etmək imkanları sıfıra endirilmiş gənc nəslin emosiyalarının ixtiyarına vermək olmaz. Bu baxımdan 1993-cü ildə baş vermiş 4 iyun hadisələri də istisna deyil. Sosial şəbəkələrdə o dövrdə hakimiyyətdə olmuş qüvvələrin təmsilçiləri özlərinə bəraət qazandırmağa çalışır, bu cəhdlər isə komanda və fərd olaraq buraxılmış səhvlərin etirafından daha çox o zamanın ana müxalifət partiyası olan AMİP-in lideri Etibar Məmmədovun suçlu çıxarılmasına yönəlir.

Siyasət, təbii ki, insanları inandırmaq sənətidir- bu baxımdan səmimi və qeyri-səmimi olan bütün açıqlamaları anlayışla qarşılamaq mümkündür. Sadəcə, azacıq mühakimə qabiliyyəti və siyasət fəlsəfəsindən bir az anlayışı olan istənilən şəxsin belə bir məntiqi anlaması əsla mümkün deyil: bir hakimiyyət özünə qarşı ana müxalifət partiyasına necə "məni qoru” deyə, yaxud "məni niyə qorumadın” hikkəsi ilə hücum edə bilər?

Söhbət hələ heç ondan da getmir ki, bütün səlahiyyətlər, resurslar və məsuliyyət birbaşa hakimiyyətlərin əlində olur; ümumiyyətlə, niyə qorumalıdır axı? Belə bir mənəvi, siyasi, toplumsal öhdəliyi olan adam və seqment axı məntiqlə müxalifət adını daşımamalıdır- çünki müxalifətin əsas missiyası hakimiyyəti əvəzləməkdir.

Bəli, 1993-cü ilin yayında baş verən hadisələrə qiymət verdikdə Etibar Məmmədovu, lap elə Əlizadə qardaşlarını və digərlərini öz partiyalarının- AMİP-in, ASDP-nin (və.s) üzvləri ittiham edə bilər- bizi niyə hakimiyyətə gətirə bilmədin deyə! Bu suallar isə yəqin ki verilib, açıq və dolayı, fərq etməz, nəticə budur ki, bir zamanlar milyonlarla insanın arxasınca getdiyi Etibar Məmmədov bu gün aktiv siyasətdə deyil. Lakin bir insanın aktiv siyasətdə olmaması hələ onun "vura bildikcə vuraq” prinsipi ilə sağdan-soldan hücumlara məruz qalmasına əsas olmamalıdır.

Əlbəttə, Etibar Məmmədov həyatdadır, mütləq danışmalı, iştirakçısı olduğu hadisələrlə bağlı bir çox həqiqətləri gələcək tarixçilər üçün əlçatan etməlidir. Lakin gerçək tarixçinin, yaxud siyasi analitikin ictimai borcu hər hansı populyar mövqedən çıxış etmək deyil, müxtəlif mövqelərdən səsləndirilmiş tezisləri təhlil etmək, cəmiyyətin doğru qənaət hasil etməsinə yardımçı olmaqdır. Odur ki, gəlin məsələyə Etibar Məmmədovun "ən böyük günahı”ndan baxaq. Nə imiş onun günahı? Milli-demokratik hakimiyyətə müxalifətdə olmaqmı? Çox pakizə, məgər hakimiyyət milli və demokratik idisə, o zaman ona qarşı müxalifətçilik nədən süngü ilə qarşılanmalıdır? Bu yerdə AMİP-in funksionerlərinin soruşmağa haqqı var: Məgər keçmiş hakimiyyətdə Baş nazir postu tutan Rəhim Hüseynov "milli” idi, hələ tələbəlik illərindən Azərbaycanın müstəqillik mübarizəsinə qatılmış Etibar Məmmədov qeyri-milli? Bu gün məhkəmənin hökmü olmasa polisə vətəndaşı aylarla təcridxanada saxlamaq səlahiyyəti verilsə, bütün QHT-lər, beynəlxalq qurumlar, sosial şəbəkə fəalları mövcud hakimiyyəti qeyri-demokratiklikdə, insan haqlarına sayğısızlıqda ittiham edər. Ancaq belə bir səlahiyyət İsgəndər Həmidovun polislərinə verilmişdi axı...

Ona görə də gəlin məsələyə "milli” və "demokratik” kimi manipulyasiyaya çox açıq ifadələrdən yanaşmayaq, daha konkret deyək: hakimiyyət uğrunda mübarizə gedirdi! Sabiq prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Otqay Qasımovun çox dəqiq ifadə etdiyi kimi, hakimiyyətdə olanların əksəriyyəti təcrübəsiz, cəsarətsiz, sədaqətsiz idi. Bəli, Elçibəy dönəmində mərkəzi hakimiyyət güclü deyildi, obyektiv və subyektiv səbəblərdən güclənə bilmirdi- amma bunun günahı nə o zaman Naxçıvanda Ali Məclis sədri olan Heydər Əliyevdə, nə də "Azadlıq” prospektindəki nəhəng iqamətgahda əyləşən Etibar Məmmədovda, hətta Rəsul Quliyevdə, Surət Hüseynovda və başqalarında da deyildi.

Bu gün mövcud hakimiyyətin 100-cü dərəcəli üzvü mərkəzi hakimiyyətin bilgisi və icazəsi olmadan partiya nədir, heç QHT də yarada bilməz. Ancaq keçmiş hakimiyyətin bütün aparıcı fiqurları özlərinə siyasi təşkilat yaradır, Elçibəy faktoruna az qala əhəmiyyət vermədən parlament seçkilərinə hazırlaşırdılar. Bu barədə çox deyilib, çox yazılıb. Fakt budur ki, Elçibəy hakimiyyətinin süqutunda əsas yeri xarici faktorlardan daha çox parlament seçkisinin keçirilməməsi tutur. Təsəvvür edin, AXC hakimiyyətə anti-sovet şüarları ilə gəllib, müstəqil dövlət quruculuğu ilə məşğul olduğunu iddia edir, lakin ölkənin nə Ana Yasası var, nə də legitim parlamenti. Bakıda prezidentlik institutu xaric bütün qurumlar qeyri-legitimdir, ələlxüsus parlament. Parlament isə rəsmən buraxılmamışdı, AXC-nin qeyri-demokratik saydığı 1990-cı ildə keçirilmiş seçkilərlə formalaşan Ali Sovetin deputatları revanş götürmək niyyəti ilə 130 imza toplayaraq sessiya tələb edirdilər. Bu tələb eyni şineldən çıxmış hakimiyyətin və ana müxalifətin maraqlarına uyğun deyildi- əsasən Ayaz Mütəllibov tərəfdarlarından ibarət həmin deputatlar Surət Hüseynovun hərbi gücünə arxalanıb Gəncədə toplaşmaq istəyirdilər.

Artıq məlumdur, dönəmin hakimiyyəti həm Surət Hüseynovun nəzarətində olub Müdafiə Nazirliyinə tabe olmayan hərbi birləşməni ləğv etmək, həm də həmin sessiyaya mane olmaq üçün əməliyyat hazırlamışdı. Fəqət bu əməliyyatın bir bölümü də AMİP-in mərkəzi qərargahının ordu birləşmələri tərəfindən ələ keçirilməsini əhatə edirmiş. 2 iyun 1993-cü ildə AMİP sədri Etibar Məmmədov Milli Məclisdə çıxış edib və plandan xəbərdar olduğunu vurğulayaraq hakimiyyəti həmin plandan əl götürməyə çağırıb. Zaman təsdiq etdi ki, həmin çağırışdan sonra əməliyyatı dayandırmamaq və komandasında radikal dəyişiklik edib Etibar Məmmədova Baş nazir postu təklif etməmək Elçibəyin prezidentlik postunu qorumaq baxımından ikinci ən böyük siyasi şansını itirməsi anlamına gəldi.

Bəli, 1992-ci ilin mayında Etibar Məmmədova hakimiyyətdə yüksək post təklif etməmək doğru ola bilər- ən azı ona görə ki, AMİP sədrinin prezidentlik iddiası rəsmən ortada idi. Lakin 1993-cü ilin birinci yarısında oxlokratik hakimiyyətin xarakterini dəyişmək baxımdan AMİP-in nizam-intizamlı üzvləri prezident Elçibəy üçün də ciddi resurs sayıla bilərdi. Budur, Əbülfəz Elçibəy Heydər Əliyevlə məşhur 8 saatlıq görüşü barədə danışarkən deyir ki, o, Ə.Vəzirov və A.Mütəllibovun da Azərbaycana qayıtmasında və hakimiyyətdə təmsil olunmasına çalışır. Hər halda Etibar Məmmədovun və AMİP-çilərin cəbhəçilərlə ortaq bağları Vəzirovdan, Mütəllibovdan, Nazirlər Kabinetində yüksək post verilmiş Rəsul Quliyevlə, yaxud ən üst səviyyədə mükafatlandırılan Surət Hüseynovla müqayisədə daha çox idi.

Düzdür, enində-sonunda Etibar Məmmədova Baş nazir postu təklif olunur. Bu günlərdə bu barədə səhv etmiriksə, Vaqif Hacıbəyli də danışmışdı. Ancaq həmin təklifi AMİP sədrinə çatdırmaq üçün görəvləndirilmiş Arif Hacıyev Etibar Məmmədovla görüşsə də, hər hansı konkret təşəbbüs səsləndirmir və bunun üçün heç bir səlahiyyəti olmadığını bildirir. O görüş baş tutan dəqiqələrdə isə mərhum Heydər Əliyevin arxasınca göndərilmiş təyyarə Naxçıvanda yerə enmişdi. Artıq mətbuata məlum olan dəqiq fakta görə, Əbülfəz Elçibəy, Heydər Əliyev və Etibar Məmmədovun üçlükdə görüşündə AMİP sədri Baş nazir təyin olunması haqqında sərəncamın elan olunmasına razılıq verib, lakin cəmi bir neçə saat sonra Əbülfəz Elçibəyin Bakını tərk etməsi xəbəri yayılıb. Yenə həmin danışıqlardan sızan məlumatlara görə, Etibar Məmmədov dövrün prezidentindən xüsusi status istəməyib, prezidentin "Surət Hüseynovu ancaq sən dayandıra bilərsən” deməsinə qarşı "hansı səlahiyyətlə” sualı ünvanlayaraq öz fəaliyyətinə hüquqi dəstək istəyib. Hər halda, hər kəs etiraf edər ki, doğru olan da məhz budur.

Prezident Əbülfəz Elçibəyin Bakını tərk etməsi ayrıca və geniş mövzudur. Lakin Əbülfəz Elçibəy Kələkiyə getməsəydi və Bakıda qalsaydı belə hakimiyyətini qoruya bilməyəcəkdi. Ən azından ona görə ki, hakimiyyətlə-xalq arasındakı bağlar artıq qopmuşdu. Lakin prezidentin Bakını tərk edib Kələkiyə getməsindən sonra onun səlahiyyətlərini özündə saxlaması istər hüquqi, istərsə də siyasi baxımdan ölkədə vəziyyətin sabitləşməsinə xidmət etmirdi, əksinə, daha da gərginləşməsinə və ilk müstəqil addımlarını atmağa başlayan Azərbaycan dövlətinin əsaslarını sarsıtmaq istəyən xarici qüvvələrin işinə yarayırdı. Bu baxımdan Etibar Məmmədova ünvanlanmış daha bir ittiham da tənqidə dözümsüz görünür.

Nəhayət, AMİP yeganə siyasi təşkilatdır ki, 4 iyun hadisələri ilə bağlı partiyadaxili geniş müzakirə aparıb, həmin dövrə siyasi qiymət verib. Verilən qiymətdə 709-cu hərbi hissənin MN rəhbərliyinə tabe olmaması tənqid olunur, "qiyam” kimi dəyərləndirilir. Bu qiyamın qarşısının alınmamasından doğan proseslərin məsuliyyətinin isə hakimiyyətin boynunda olduğu vurğulanır. Eyni ittihamların təkrar-təkrar səsləndirilməsinə baxmayaraq bu günə qədər nə AMİP-in 709-cu hissənin Müdafiə Nazirliyinə tabe olmamasını dəstəkləyən bir fakt ortaya qoyulub, nə də Etibar Məmmədovun Surət Hüseynovu dəstəkləyən bir cümləsi... Ancaq məsələn o zamankı dövlət müşaviri Arif Hacılının AZ.TV efirindən 709-cu hərbi hissə və Surət Hüseynov haqqında etdiyi "müsbət” çıxış yaddaşlardan çıxmayıb. Bu məqamda AMİP-ə ünvanlanan ittihamlarda adətən mərhum Şadman Hüseynin Gəncədəki fəaliyyətinə istinad edilir. Axı hər kəsə gün kimi aydındır ki, Şadman Hüseynov gəncəli və Gəncənin deputatı idi- harada olmalı idi? Digər tərəfdən bu günə qədər heç kim keçmiş xarici işlər naziri Tofiq Qasımovun 1995-ci ilin mart hadisələrində Rövşən Cavadovu dəstəkləməsini Müsavat Partiyasının rəsmi mövqeyi kimi qarşılamır. Məgər 709-cu hərbi hissənin mərkəzi hakimiyyətə tabe olmaması qiyam idi, OMON-un silahlı üsyana qalxması "məşq toplanışı”?

Analitik Qrup