ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri yekunlaşıb. Bir müddət öncə Ermənistanda və Dağlıq Qarabağda olan həmsədrlər iyunun 19-da Bakıya gəldilər. Onlar Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ilə görüşdülər.
ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə səfərləri və keçirdikləri görüşlər barədə bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, iyunun 10-da həmsədrlər İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan və iyunun 19-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlər keçirib. Hər iki paytaxtda onlar xarici işlər və müdafiə nazirləri ilə də məsləhətləşmələr aparıb. İyunun 12-də həmsədrlər Dağlıq Qarabağa səfər edib və oradakı de-fakto hakimiyyətin nümayəndələri ilə görüşüb. Vasitəçilər Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları da daxil olmaqla, Dağlıq Qarabağ ətrafındakı rayonlara səfər edib.
Bakıda aparılan danışıqlar zamanı həmsədrlər bu yaxınlarda Azərbaycana səfərləri ərəfəsində təmas xəttində itkilərə səbəb olmuş atəşkəs pozuntusundan dərin narahatlıqlarını bildirib. Onlar Azərbaycan rəhbərliyinə müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıb. Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın de-fakto hakimiyyətinə də ünvanlayıb. Onlar tərəfləri təmas xəttində və Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılmasına istiqamətlənmiş tədbirləri nəzərdən keçirməyə çağırıb.
Hər iki paytaxtda həmsədrlər tərəfləri danışıqlarda yenidən mahiyyəti üzrə, siyasi iradə göstərərək vicdanla iştirak etməyə çağırıb. Onlar qeyd ediblər ki, bu, münaqişənin həllində tərəqqi gözləyən və buna layiq olan bölgə sakinləri üçün möhkəm sülhə nail olmağın yeganə yoludur. Prezidentlər həll prosesinin ən mübahisəli məsələləri üzrə kompromis tapmaq üçün siyasi dialoqu bərpa etmək niyyətlərini bəyan edib.
Verilən bu bəyanatı yetərli saymaq olarmı?
AMİP beynəlxalq katibi Elşən Mustafayevin sözlərinə görə, həmsədrlərin bəyanatında, həmişəki kimi, ümumi cümlələr yer alıb: "Ancaq maraqlı məqamlar da var. Həmsədrlər Azərbaycana müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıb. Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın de-fakto hakimiyyətinə də ünvanlayıb. Bu cümlələrdən belə anlaşıla bilər ki, həmsədrlər hər tərəfi məsuliyyətli olmağa çağırır. Ancaq vasitəçilər vəziyyətin gərginliyinə görə birinci Azərbaycanın adını çəkib. Bu o deməkdir ki, həmsədrlər atəşkəsin pozulmasına görə ilk növbədə Azərbaycanın məsuliyyət daşıdığına işarə edir.
Danışıqların passivliyi barədə də ifadə olunan narazılıqda konkret ad çəkilmir. Çünki məlumdur ki, status-kvonun dəyişməsini Ermənistan istəmir və buna görə də danışıqlar prosesində qeyri-konstruktivlik ortaya qoyur.
Görünən budur ki, həmsədrlər son səfərində də Ermənistanın "mərhələli həll" planını qəbul etməsi üçün çalışmayıb. Artıq bəlli olur ki, sülh danışıqları imkanları tükənir. Bu da o anlama gəlir ki, həmsədrlərin son səfərini və verdikləri bəyanatı uğursuz saymaq olar". /Bakı Xəbər/