Artıq xeyli müddətdir ki, Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya İŞİD terror təşkilatına qarşı mübarizə aparsa da, aparılan mübarizə o qədər də effekt vermir. Əksinə terror təşkilatı sıralarını və hərbi arsenalını daha da artıraraq Türkiyə sərhəddinə doğru inamla irəliləyir. Bəs görəsən İŞİD-ə qarşı aparılan əməliyyat hansı səbəbdən uğurlu alınmır və İŞİD-in Türkiyə sərhəddinə yaxınlaşması Qafqaz regionu üçün də təhlükə yaradırmı? Bu və ya digər məsələlərlə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevlə söhbətləşdik.
-Elşən bəy, İŞİD-ə qarşı aparılan mübarizə nədən öz effektini vermir?
-Artıq aylardır ki, İŞİD özünü elan edib və o gündən də İraqın böyük bir ərazisini bütünlüklə nəzarətə götürüb, Suriyada hərbi əməliyyatlar aparır və.s. İlk günlərdən çoxları İŞİD-in spontan yaranmış bir təşkilat olduğunu zənn edərək onun qısa müddətdə yox olacağını düşünürdü. Amma o nəinki yox oldu, əksinə elə bir təhlükəyə çevrildi ki, dünyanın güclü dövlətləri onunla mübarizə üçün səylərini birləşdirdilər. Bu proseslərin görünən tərəfidir. Görünməyən tərəfi isə bir sıra suallar doğurur. Öncədən heç bir məlumat olmadığı halda İŞİD deyilən bir qurum birdən-birə necə meydana çıxdı ? Haradan və kim tərəfindən silahlandırıldı? Onların bu fəliyyətində hansı qüvvələr ( bəlkə də dövlətlər) maraqlıdırlar? Sualda da qoyduğunuz kimi aparılan mübarizə niyə öz effektini vermir? Və s. Bütün bu və digər suallar bu gün hamını düşündürür. Hətta fəqli cavablar da verilir. Amma bir məsələnin altından xətt çəkərək deyə bilərəm ki, İŞİD dünyanın hansısa böyük güclərinin (görünən və ya görünməz) strateji planına daxil olan bir layihəsidir. Zamanı çatanda qısa müddətdə məhv ediləcək. Amma bu zamanın çatması o demək olmaycaq ki, missiya artıq uğurla həyata keçəcək.Ya uğurdan, ya uğursuzluqdan fərqi yoxdur, belə təşkilatlar uzun müddət qala bilməz Düşunürəm ki, dediyim faktorlar İŞİD-ə qarşı mübarizənin effektini azaldır.Yəni onunla mübarizə aparanların gücünə bərabər digər güclər hələlik bu mübarizənin effektli olmasıına mane olur.
-Artıq İŞİD Türkiyə sərhəddi yaxınlığındadır. Bu proses Türkiyənin də müharibəyə sürüklənməsinə gətirib çıxarmayacaqmı?
-Sözsüz ki, region ölkələrindən Türkiyə üçün bu proseslərin gedişi təhlükəlidir. Hələlik Türkiyə bu qığılcımın öz ərazisinə keçməsinə imkan vermir. Bu istiqamətdə atdığı addımlar, gördüyü tədbirlər kifayət qədər ağıllıdır. Türkiyə rəhbərliyi anlayır ki, bu problem öz ərazilərinə keçsə daxildə onunla mübarizə aparmaq çətin olacaq. 10 illərdir ki, PKK terroru ilə öz ərazisində mübarizə aparan bir dövlət bütün imkanlarını cəlb edib imkan verməməlidir ki, ikinci belə bir problem yaransın. Düşünürəm ki Türkiyə proseslərə hərbi müdaxiləni o zaman edəcək ki, artıq özünə qarşı ciddi təhlükəni hiss edəcək. Bu gün isə görünən odur ki, bəzi bəyanatlar istisna olmaqla İŞİD Türkiyəni özünə qarşı mübarizəyə çəkməkdə maraqlı deyil. Bilirlər ki, Türkiyə digər güclər kimi yalnız avia zərbələr endirməklə yox, həm qurudan, həm də havadan hücum etməklə sona qədər onların üzərinə gedəcək. Və bu prosesdən qələbə ilə çıxacaq, regionda şəriksiz lider olduğunu bir daha sübut edəcək. Bu "layihə müəlliflərini" qane etmir. Amma yaxın zamanda çox şeylər aydın olacaq.
-İŞİD-in Türkiyə ilə sərhəddə yaxınlaşması Qafqaz regionu üçün hansı təhlükələrdən xəbər verir?
-İŞİD-in Qafqaz regionu üçün təhlükəsi ola bilər. Amma bu Cənubi Qafqaza aid deyil. Yəni Gürcüstan və Ermənistan bu təhlükədən azaddırlar. Gürcüstanda qatı dindar müsəlman əhali çox azdır, Ermənistanda isə demək olar ki, yoxdur. Cənubi Qafqazın əsas müsəlman ölkəsi olan Azərbaycanda isə onların planlarını həyata keçirməyə imkanları yoxdur. Çünki hələ 90-cı illərdən üzü bəri Azərbaycanda bir neçə dəfə dini zəmində bəzi iğtişaşlar salınmasına cəhdlər olunub ki, bunun da qarşısı dərhal alınıb və köklərinə qədər qazılıb. Ikincisi isə Azərbaycanda prosesləri aparacaq qüvvələrin olmamasıdır. Amma Rusiyanın Şimali Qafqaz regionunda bu təhlükənin olması real ola bilər. Bunlara əsas verən bir sıra amillər və şərtlər orada var. Belə ki, Şimali Qafqazın bir çox bölğələrində illər öncə buna bənzər proseslər olub və uzun müddət onlar regionu bu və ya digər mənada nəzarətdə saxlayıblar. Bu prosesləri aparacaq insan ehtiyatı da orada var. Hətta onların dini –təriqət baxışlarında da bir çox məqamlar üst-üstə düşür. Amma bütün bunların hamısı İŞİD kabusunun nə zamana qədər və hansı şəkildə davam edəcəyindən və onlara qarşı mübarizənin necə təşkil olunacağından asılı olacaq.|Olaylar|