"Qara siyahı"ya baxmayaraq, Dağlıq Qarabağa qanunsuz səfərlər davam edir"

Arzuxan Əlizadə: "İşğal altında olan torpaqlara qanunsuz getmək sülhə verilən töhfə deyil, bu, işğalçılara açıq dəstəkdir"

"Belə missiyanı üzərinə götürən qurumlar, ilk növbədə, yerli əhalinin öz yurdlarına qaytarılmasını təmin etməlidir"

"Bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qaldığı torpaqlarda konsert təşkil etmək sülhə deyil, işğal və təcavüzün təşviqinə xidmətdir".

"Bakı-Xəbər"in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Music for peace" ("Sülh naminə musiqi") adlanan qeyri-hökumət təşkilatı tərəfindən 6 fevral tarixində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində konsert proqramının təşkil ediləcəyi barədə xəbəri şərh edərkən bildirib. O qeyd edib ki, "Sülh naminə musiqi"dən danışan təşkilatın iddia etdiyi adı ilə həyata keçirdiyi missiya arasında ziddiyyət var.

"Bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməyə məruz qaldığı və hərbi təcavüz və terror nəticəsində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında konsertin təşkil edilməsi sülhə deyil, işğal, təcavüz, qanlı etnik təmizləmə və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasının təşviqinə xidmət edir. "Music for peace" adlı təşkilat öz məsuliyyətini dərk edərək bu kimi təxribatçı əməldən çəkinməlidir. Əks təqdirdə, işğal olunmuş ərazilərə qanunsuz səfər edəcək şəxslər Azərbaycan Respublikasında arzuedilməz şəxslər siyahısına daxil ediləcək", - deyə H. Hacıyev vurğulayıb.

O əlavə edib ki, eyni zamanda UNESCO-nun loqosundan hansı əsasla layihənin rəsmi saytında istifadə edilməsi məsələsi də adıkeçən beynəlxalq təşkilat qarşısında qaldırılacaq: "Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyinə bu barədə təlimat verilib".

Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Arzuxan Əlizadə qəzetimizə açıqlamasında Xarici İşlər Nazirliyinin verdiyi bəyanatla tam razı olduğunu bildirdi: "Biz çox təəssüf edirik ki, Azərbaycan tərəfinin tətbiq etdiyi "qara siyahı"ya baxmayaraq, Dağlıq Qarabağa qanunsuz səfərlər davam edir. "Sülh naminə musiqi" kampaniyasının Qarabağda keçirilməsi tamamilə qanunsuzdur. Özü də belə qanunsuz əməlin UNESCO kimi bir qurumun loqosu altında həyata keçirilməsi tamamilə absurddur.

Dünyada sülhün tərənnümü ilə məşğul olan bir təşkilatın belə işə qol qoyması anlaşılmır. Çünki həmin ərazilər işğal altındadır. Belə missiyanı üzərinə götürən qurumlar, ilk növbədə, yerli əhalinin öz yurdlarına qaytarılmasını təmin etməlidir. Yalnız bundan sonra sülhdən danışmaq olar. İşğal altında olan torpaqlara qanunsuz getmək sülhə verilən töhfə deyil, bu, işğalçılara açıq dəstəkdir. Hesab edirəm ki, həmin tədbiri keçirən qurum dərhal Azərbaycandan üzr istəməlidir"./Bakı Xəbər/

Məhəmmədəli QƏRİBLİ