"Sağlam rəqabət həmişə inkişaf və uğur deməkdir"

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Demokratiya və İnsan Hüquqları Mərkəzinin bazası əsasında "Azadlıq-2015" Seçki Bloku yaradılıb. Hətta bu birliyin təsisçiləri şüar kimi onu irəli sürdülər ki, parlament seçkilərində monolit şəkildə iştirak edəcək yeganə qurumdur. Amma deyəsən, bu qurum hələ seçki başlamamış daxili qarşıdurmaya gedir.
Belə ki, ötən həftə maraqlı hadisə baş verib. Belə ki, martın 4-də səkkiz partiyanın birgə toplantısı keçirilib. Toplantıda məhbuslar problemi, iqtidarla siyasi partiyalar arasında keçirilən görüşün nəticələri və bu ilin iyununda Bakıda keçiriləcək I Avropa idman oyunları ətrafında yaranmış vəziyyət müzakirə edilib. Partiyalar dialoqun aparılmasını müsbət dəyərləndirsə də, bunun nəticəli olmasının vacibliyini ifadə ediblər. Qəribə hal odur ki, sözügedən toplantı haqqında mətbuata KXCP məlumat verib. Məlumatda seçki blokunun deyil, Demokratiya və İnsan Hüquqları Mərkəzinin toplantısının keçirildiyi ifadə olunub.
Ancaq KXCP-nin mətbuata təqdim etdiyi rəsmi informasiya ilə bərabər Azadlıq Partiyasının sədri Əhməd Oruc sosial şəbəkələrdə bildirib ki, martın dördündə "Azadlıq-2015" Seçki Blokunun toplantısı keçirilib. Əhməd Oruc toplantıda hansı məsələlərin müzakirə edildiyini qeyd etməyib. Baş verənlər göstərir ki, burada təmsil olunan siyasi partiyalar seçki blokunun, yoxsa Demokratiya və İnsan Hüquqları Mərkəzinin toplantısını keçirdiyini dəqiq müəyyən edə bilməyib. Sadəcə, bir araya gələrək müəyyən məsələlər ətrafında müzakirələr aparıblar. Burada iştirak edən bəzi partiya nümayəndələrinin sözlərindən belə çıxır ki, artıq blokda fikir ayrılıqları yaranıb. Ona görə də, vəziyyəti yoluna qoymaq məqsədilə toplantının adını qoymadan müzakirələr təşkil edilir. Əldə etdiyimiz məlumata görə, həm də bir çox partiya sədrləri toplantıya qatılmır, formal olaraq müavinlərini ora göndərirlər.

AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov isə "Unikal"a açıqlamasında deyib ki, bu partiyaların işlərinə qarışmağı etik saymır. Onun sözlərinə görə, özləri bilərlər hansı formatı seçəcəklərsə, seçsinlər: "Sağlam rəqabət həmişə inkişaf və uğur deməkdir. Siyasi qüvvələrin də əsas güc və potensiallarını ortya qoyma şansları seçkilər zamanı yaranır. Amma sizin də bildiyiniz kimi Azərbaycanda fərqli yanaşmalar və reallıqlar mövcuddur.Təbii ki, siyasi qüvvələrin hər hansı formatda birləşməsi şansları bir qədər də artmış olur. Lakin Azərbaycanda heç bir soisla bazası və dayaqları, eloktoratı, strukturları olmayan partiyaların birləşməsi heç nəyi dəyişmir. Bu partiyaların deyil, şəxslərin bloku olur".