ABŞ özünü supergüc hesab edir

Elşən Mustafayev: "ABŞ-ın nüfuzu, dünyada söz sahibi olması həm də dünya ölkələrinə və təşkilatlarına böyük məbləğlərdə yardımlar etməsindədir”

Donald Tramp administrasiyasının ölkənin beynəlxalq yardım üçün nəzərdə tutulan xərclərini 4 milyard dollardan çox azaltmaq niyyəti reallaşmayıb. Belə ki, Ağ Evin büdcə bürosunun hazırladığı layihədə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) xərclərinin 2,4 milyard dollar, Dövlət Departamenti tərəfindən həyata keçirilən beynəlxalq yardım proqramının xərclərinin isə 2 milyard dollar həcmində azaldılacağı nəzərdə tutulmuşdu.

Ağ Ev Konqresin izni olmadan xarici ölkələrə 4 milyard dollarlıq yardımı kəsmək ideyasından əl çəkib.

Bu barədə CNN kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Gələn informasiyalara əsasən, məhz Donald Tramp özü belə bir niyyətdən imtina edib.

CNN-in rəyini öyrəndiyi ekspertlərin fikrincə, belə bir addım administrasiyanın siyasi cəbhədə növbəti kurs dəyişikliyini göstərir.

Həmçinin bildirilir ki, prezident bu hadisə Donald Trampın və ABŞ hökumətinin ölkənin dünyada söz sahibi olmasında xarici maliyyə yardımlarının da mühüm rol oynadığı qənaətinə gəlməsinin göstəricisi sayıla bilər. ABŞ-ın gücü həm də çox böyük məbləğlərdə xarici yardımlar ayırmasındadır. Bunu azaltmaq ölkənin nüfuzunu da azaldarmı?

AMİP-in beynəlxalq əlaqələr katibi, politoloq Elşən Mustafayev "Yeni Müsavat”a bildirdi ki, Donald Tramp ABŞ prezidenti olandan sonra özü və administrasiyası beynəlxalq yardım üçün nəzərdə tutulan xərclərin azaldılacağını dəfələrlə bəyan ediblər və bu istiqamətdə Konqresə təkliflərin göndərilməsi ilk hal deyil. Amma məsələ ondadır ki, sənədin Konqres tərəfindən qəbul olunmayacağı öncədən məlum olsa da administrasiya israrla təkliflərini göndərməkdə davam edir. Bu dəfə eyni prosesi müşahidə edirik: "Düşünürəm ki, bu siyasət ilk növbədə Donald Trampın öncəki prezidentlərdən fərqli birisi olduğunu gündəmdə saxlamağa xidmət edən bir addımdır, eyni zamanda yardım alan təşkilatları hansısa məqsədlər üçün bir növ gərginlikdə saxlamağa hesablanıb. Fikir verirsinizsə, yardımların kəsilməsindən yox, azaldılmasından söhbət gedir. Baxmayaraq ki, Konqres bunu qəbul etməyib, qəbul etsəydi belə, burada təəccüblü bir hal olmayacaqdı. Çünki bu gün azalsaydı bir müddət sonra arta da bilərdi”.

Ekspertin sözlərinə görə, əslində hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ABŞ-ın maliyyə yardımı proqramları heç vaxt bir şəxsin istəyinə uyğun müəyyənləşmir. Bu, xarici siyasətin əsas qollarından biridir: "Ayrılan pullar, olunan yardımlar müxtəlif ölkələrdə ayrı-ayrı sahələr üzrə həmin dövlətlər üçün uğurlu layihələrə xərclənsə də, bundan ABŞ-ın maraqları da həmişə bəhrələnib. Nə qədər ki, ABŞ özünü supergüc hesab edir, belə layihələr davam edəcək. Ancaq maraqlara uyğun müxtəlif korrektələr edilə bilər ki, bunun da müxtəlif zamanlarda şahidi olmuşuq. ABŞ-ın nüfuzu, dünyada söz sahibi olması həm də dünya ölkələrinə və təşkilatlarına böyük məbləğlərdə yardımlar etməsindədir. Ona görə də heç bir ABŞ prezidenti dövlətini bu nüfuzdan, gücdən məhrum edəcək addıma getmir və getməz”. "Yeni Müsavat”