ABŞ təkid etdi

"Fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbsə atılmış bütün adamları dərhal azadlığa buraxmağa təkid edirik”

Dövlət Departamenti ilk növbədə Leyla Yunusun vəziyyətindən narahatdır

ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini hüquq müdafiəçisi Leyla Yunus başda olmaqla, siyasi məhbusları azad etməyə çağırıb: "Biz Azərbaycan hökumətini qanunun aliliyinə hörmət etməyə və səhhəti ağır olanlardan başlayaraq, fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbsə atılmış bütün adamları dərhal azadlığa buraxmağa təkid edirik".

Departamentin sözçüsü Jen Psaki deyib ki, rəsmi Vaşinqton insani hisslərdən çıxış edərək, Leyla Yunusa dərhal müstəqil tibbi müayinə və qayğı üçün şərait yaradılmasına, onun təhlükəsizliyini təmin olunması və durumunun yaxşılaşdırılmasına təkid edir. Psaki bildirib ki, Leyla Yunusun səhhətinin pisləşməsinə baxmayaraq, hələ də həbsdə saxlanmasından narahatdırlar.

Leyla və Arif Yunusların sağlamlıq durumunu xüsusi olaraq qeyd edən rəsmi Vaşinqton İlham Əliyev hökumətini öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq vətəndaşlarının hüquqlarına hörmət etməyə çağırır: "Vətəndaşlarının hüquqlarına, ləyaqətinə, azalıqlarına hörmət etmək ilk növbədə Azərbaycanın maraqlarına uyğundur".