Ağır xəstələrə keyfiyyətsiz dərmanlar verilir


Aydın Əliyev: "Keyfiyyətsiz dərmanların satışının qarşısı alınmalıdır”

Bu gün dünyada ən geniş yayılan xəstəliklərdən biri də şəkərli diabetdir.Daha çox genetik olaraq yaranan bu xəstəliyə kömək üçün müxtəlif adda dərmanlar istehsal eidlir.Bu cür dərmanlar Azərbaycanda pulsuz olaraq xəstələrə paylanılır.Diabeton-MR, Siafor kimi belə dərmanlar ucuz başa gəlir.Ekspertlər də bu qənaətdədir.Məhz bu səbəbdən də dərman xəstənin şəkərini aşağı sala bilmir.Yəni, xəstəyə heç bir köməyi dəyməyən bu cür dərmanlar yalnız orqanizmin müəyyən hissəsində fəsadların yaranmasına xidmət edir.

"Bu dərmanları özümüz istehsal etməliyik”

Tibb üzrə fəlsəfə dokoru, dosent Aydın Əliyev də deyilənlərlə razıdır. Məhz bu prosesin nəticəsidir ki, bu gün Azərbaycanda dərman xəstəlikləri yaranır. Yəni, xəstə müalicə olunmaq üçün içdiyi dərmandan zəhərlənir, orqanizmində daha böyük fəsadlar ortalığa çıxır: "Dünyada ən ağır xəstəliklərdən biri də diabet xəstəliyidir. Son zamanlar digər ölkələrlə yanaşı Azərbaycanda bu cür xəstələrin sayı artır.Əlbəttə, xəstəliyin miqyasının genişlənməsində genetik amillər də mühüm rol oynayır.Stress, həyəcan, qorxu da bu arzuolunmaz xəstəliyin yaranması üçün mənbə hesab edilir.Bu cür xəstələrdə daha çox rast gəlinən problemlərdən biri də qan-damar sisteminin pozulmasıdır.Damarlar zədələnir, xəstənin görməsində ciddi problemlər yaranır.Düzdür, Azərbaycanda bu xəstələrə dövlətin himayəsi var, pulsuz dərmanlar, aparatlar verilir.Dərmanların keyfiyyəti məsələsi dəfələrlə müzakirə predmeti olub.Daha çox yayılmış, ağır xəstəliklər üçün nəzərdə tutulan dərmanları özümüz istehsal etməliyik.Bu cür keyfiyyətsiz dərmanların satışının qarşısı alınmalıdır.Çünki bu cür dərmanlar keyfiyyətsiz olduqda xəstənin səhhətində daha ciddi problemlər, dərman xəstəlikləri ortaya çıxır.Bu gün Azərbaycanda belə dərman xəstəlikləri adi xəstəlikdən daha çoxdur.Azərbaycanda da biznes dünyası sağlam olmadığı üçün çoxlu qara qüvvələr, monopoliyalar var”.

A.Əliyev deyir ki bu gün Azərbaycanda diabet xəstələri üçün verilən dərmanın keyfiyyəti başa düşüləndir. Yeganə çıxış yolu budur ki, şəkər xəstələri özlərinə həkim olsun, səhhətlərini nəzarətdə saxlasınlar: "Bu xəstələr ilk növbədə həkimlərindən məsləhət alsınlar, şəkərlərini normada saxlamağa çalışsınlar, qidalarına, sinir sistemlərinə nəzarət etsinlər. İşlədiyi mühit də ona əlavə gərginlik yaratmamalıdır”.Qeyd edək ki, hazırda dünyada 415 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir.

Bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər.Böyük sürətlə yayılan bu xəstəlik ciddi sosial-tibbi problemlər yaradaraq ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edir.Dünya Səhiyyə Təşkilatının (DST) proqnozlarına görə, 2040-cı ilədək diabetdən əziyyət çəkənlərin sayı 642 milyona çata bilər.Azərbaycanda isə 212 577 nəfər diabet xəstəsi rəsmi olaraq qeydiyyatdadır. Bu il üçün dövlət büdcəsindən şəkərli diabetlə bağlı dövlət proqramına 40,1 milyon manat vəsait ayrılıb. 1991-ci ildən DST-nin və Beynəlxalq Diabet Federasiyasının tövsiyyələrinə görə, noyabrın 14-ü Dünya Diabet Günü kimi qeyd edilir.Noyabrın 14-ü Fredirik Bantinqin anadan olduğu gündür.

Bu görkəmli insan Çarlz Best ilə 1922-ci ildə insulini kəşf etməklə diabetli insanların müalicəsində yeni bir eranın başlanğıcını qoyublar. BMT-nin Baş Məclisinin 2006-cı il dekabrın 20-də qəbul etdiyi qətnaməyə əsasən Dünya Diabet Günü 2007-ci ildən başlayaraq BMT-nin rəsmi günü elan edilib.