AMİP ATƏT-in Bakı Ofisinin fəaliyyətindən narazıdır

Arzuxan Əlizadə: "Bütün bunlar onu göstərir ki, ATƏT-in Bakı ofisinin fəaliyyətində ötən illər ərzində yaddaqalan heç nə baş verməyib"

"Dəfələrlə qurum təmsilçiləri cəbhə bölgəsində atəşkəslə bağlı monitorinq keçirərkən Ermənistan silahlı qüvvələrinin..."

Məlum olduğu kimi, ATƏT Azərbaycanda fəaliyyətini rəsmən dayandırıb. Avropada təhlükəsizliyin və əməkdaşlığın təminatçısı kimi çıxış edən təşkilatla Azərbaycan arasında son illər münasibətlər xeyli soyuyub. Faktiki olaraq qurumun işi daha çox formal xarakter daşıyırdı.
Dağlıq Qarabağ münaqişəsinin ilk illərində ATƏT-in Bakı ofisi fəaliyyətə başlayıb, sonradan qurumun statusu dəyişdirilərək layihə əlaqələndiricisi kimi işini davam etdirib. Bir müddət sonra isə Azərbaycan hökuməti təşkilatın fəaliyyətini tamamilə dayandırıb və yerləşdiyi binanın qarşısında artıq bayrağı da yığışdırılıb. İlk olaraq 2013-cü il iyulun 26-da ATƏT-in Daimi Şurasının qəbul etdiyi qərara diqqət yetirək. Bu qərara əsasən 2014-cü ilin yanvarından qurumun Bakı ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna endirilib. Bu, beynəlxalq qurumun münaqişəyə getdikcə dırnaqarası baxmasının ilk təsdiqi oldu. Çünki ATƏT-in Bakı ofisinin bu neçə ildə münaqişənin həll olunması və ya Ermənistanla bağlı heç bir ədalətli tənqidi mövqeyi olmayıb. Münaqişənin həlli ilə bağlı konkret mövqe ortaya qoymayıb. Təsadüfi deyil ki, ictimaiyyət bu quruma, xüsusən də ATƏT-in Minsk Qrupu həmsədrlərinə ikrahla baxır. Çünki ATƏT bir ciddi qurum kimi artıq çoxdan etibarını itirib. Həmsədrlərin bölgəyə səfərinə ictimaiyyət turist səfəri kimi baxır.

Maraqlıdır, ötən illərdə ATƏT-in Bakı ofisinin fəaliyyətində hansısa uğurlu nəticə olubmu?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, təəssüflər olsun ki, bununla bağlı nəyisə xatırlamaq mümkün deyil: "ATƏT-in Bakı ofisi nə ölkədə demokratiya ilə bağlı hansısa töhfə verdi, nə də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində ciddi səy göstərdi. Daha doğrusu, bunun həvəsində belə olmadı. Ötən illər ərzində, təbii ki, ölkə vətəndaşları haqlı olaraq "qurum Azərbaycan üçün nə etdi" sualını özlərinə verirlər. Ancaq görünən odur ki, ortada heç nə yoxdur.

Bir neçə il əvvəl Ermənistanda keçirilən prezident seçkilərində etirazçılar gülləbaran edildi, amma ATƏT bunu görməzdən gəldi. Dəfələrlə ATƏT təmsilçiləri cəbhə bölgəsində atəşkəslə bağlı monitorinq keçirərkən Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb, amma qurum işğalçı tərəfə bir dəfə də olsun öz etirazını bildirməyib.

Bütün bunlar onu göstərir ki, qurumun Bakı ofisinin fəaliyyətində ötən illər ərzində yaddaqalan heç nə baş verməyib".

Vidadi ORDAHALLI