AMİP baş katibindən maraqlı təklif

Tehranda keçirilən Erməni Olimpiadası bu gün də davam edib. İran KİV-də və "Ararat" klubunun facebookdakı səhifəsində yayılmış məlumat və fotolardan aydın olur ki, yarışlar 3 gündür davam edir. Olimpiadanın daha 7 gün də davam edəcəyi bildirilir. 2016-cı ildən Dağlıq Qarabağ komandasının da qatıldığı bu olimpiadaya nədənsə Azərbaycan XİN-dən hələ də heç bir reaksiya verilməyib.

Ovqat.com xəbər verir ki, dünən XİN-nə və İranın Bakıdakı səfirliyinə göndərdiyimiz sorğular belə cavabsız qalıb. Azərbaycan diplomatiyasının yerinə indiyədək bir şair-publisist və bir tarixçi cavab verib.

Şair-publisist Heydər Oğuz və tarixçi alim, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi Dilavər Əzimlinin bu məsələyə göstərdiyi reaksiya təqdirəlayiq olsa da, rəsmi mühtəva daşımadığından Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş həyasızlığın adekvat cavabı sayılmır. Başbilənlərimiz məsələni daha yüksək kürsülərdə və siyasi ritorika ilə səsləndirərək öz rəsmi iradəsini ortaya qoymalıdır.

Biz də bu çatışmazlığı ortadan qaldırmaq, məsələni siyasi müstəvidə müzakirə masasına yatırmaq üçün ölkədəki bəzi partiya rəhbərlərinin mövqeyini öyrənməyə qərar verdik. Üz tutduğumuz ilk ünvan isə AMİP oldu.

AMİP sədr əvəzi Arzuxan Əlizadə rəsmilərimizin sükutunu anlaya bilmədiyini etiraf etdi. Onun sözlərinə görə, Dağlıq Qarabağ nümayəndələrinin İranda keçirilən olimpiadada iştirakı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir:

"İran rəsmiləri nə qədər bu oyunların hansısa bir idman klubu tərəfindən keçirildiyini, onların rəsmi mövqeyini ifadə etmədiyini söyləsə də, irəli sürülən arqumentlər inadırıcı deyil. Çünki burada söhbət Gürcüstanda, Ermənistanda, Rusiyada və s. ölkələrdə yaşayan erməni əslli idmançıların yarışdığı beynəlxalq oyunlardan gedir. Üstəlik, bu yarışın açılış mərasimində Ermənistan kimi, İran rəsmiləri də yer alırlar. Hətta məlumata görə, Tehran şəhərinin islami şurasının rəhbəri Möhsün Haşimi Rəfsəncani də tədbirə qatılanlar arasında olub. Rəfsəncaninin keçmiş prezidentin olduğunu nəzərə alsaq, ermənilərin İranda hansı səviyyədə dəstəkləndiyi aydınılaşar”.

Partiya rəhbərinin fikrincə, beynəlxalq yarışlar hansısa məhdud çərçivəni əhatə etsə də, keçirildiyi ölkənin rəsmi mövqeyini əks etdirir:

"Məsələn, bir neçə il əvvəl Azərbaycanda İslam Oyunları olimpiadası keçirildi. Hətta o oyunlar hansısa bir klub tərəfindən düzənlənsəydi, Qəzza zolağında yaşayan fələstinlilər oraya dəvət oluna bilərdimi? Yaxud Hindistanın Kəşmir vilayətinin idmançılarını ayrıca dövlət kimi yarışa çağırsaydıq, rəsmi Dehli də bu hadisəni bizim XİN kimi sükutla qarşılayardımı? Və ya Dağıstanı müstəqil dövlət kimi İslam oyunlarına dəvət etsəydik, Moskvadan bizə "molodes” gələcəyini düşünmək belə mümkün deyil”.


İranın bu arqumentinə ən yaxşı cavabın əyani şəkildə verilməli olduğunu düşünən A.Əlizadə bəzi təkliflərlə çıxış etdi: "Hakimiyyətin yerinə olsam, Azərbaycanın hər hansı komandasının keçirməyi planlaşdıracağı "Ümumdünya Azərbaycanlılarının İdman Olimpiadasına mane olmaz və "Traxtor”u da oraya İranın deyil, Cənubi Azərbaycanın rəsmi komandası kimi dəvət edərdim. Ondan sonra görərdik, bu özbaşınalıqdan kim daha qazanclı çıxacaq”.

AMİP rəhbəri Azərbaycan Peşəkar Futbol Liqasında cəmi 8 komandanın təmsil olunduğunu xatırladaraq, Cənubi Azərbaycan komandalarının da bu liqaya cəlbini vacib sayır: "ÜmumAzərbaycan Primyer Liqasını yaratmağın vaxtı çatıb. Bu yolla biz həm də futbolumuzun peşəkarlıq qabiliyyətini artıra bilərik”.