Azərbaycan Milli İstiqlal Partiyası Fevralın 20-də Yasamal rayon məhkəməsi tərəfindən ötən ilin sentyabr ayında baş vermiş avtomobil qəzası ilə əlaqədar heç bir tutarlı hüquqi əsas göstərmədən Professor Cəmil Həsənlinin qızı Günel Həsənlinin 1 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması ilə bağlı çıxarılmış hökmü kəskin pisləyir.
Təəssüfedici haldır ki, şikayətçinin olmadığı avtoqəza hadisəsinə görə Məhkəmə tərəfindən hökm oxunarkən işdə ölüm və ya ağır xəsarət hallarının olmadığı, təqsirləndirilən şəxsin qadın olması, himayəsində iki azyaşlı uşağının olması, ilk dəfə məhkəmə qarşısına çıxarılması kimi yüngülləşdirici hallar nəzərə alınmamışdır.
Azərbaycan Milli İstiqlal Partiyası Apellyasiya Məhkəməsinin yuxarıda sadalanmış yüngülləşdirici halları, eləcə də Azərbaycan mentallığını nəzərə alacağını və Günel Həsənliyə verilmiş azadlığın məhdudlaşdırılması cəzasının ləğv ediləcəyinə ümid etdiyini bildirir.