AMİP-in bu görüşdən kənarda saxlanılması, protokola salınmaması ciddi yanlışlıqdır

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak ötən həftə Bakıya səfəri çərçivəsində bir neçə müxalifət partiyasının liderləri ilə də görüşüb. Müsavat Partiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə Müsavat başqanı Arif Hacılı, Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, REAL Partiyası Məclisinin sədri Azər Qasımlı, Liberal Partiyasının sədri Əvəz Temirxan iştirak edib. Görüşdə Azərbaycanda siyasi partiyaların durumu, siyasi məhbuslar və digər məsələlərin müzakirə olunduğu bildirilir.

Stefan Şennak Azərbaycana səfəri zamanı müxalifətdən öncə ölkə rəhbərliyi, Milli Məclisin deputatları, QHT təmsilçiləri, media rəhbərləri ilə də görüşüb, "Turan” agentliyinə baş çəkib.

Həmməruzəçinin səfəri iyulun 4-də başlayıb.

AŞ PA məruzəçisi yuxarıda adıçəkilən müxalifət təmsilçilərindən başqa heç bir müxalif partiya təmsilçisi ilə görüşməyib. İllər öncə bu tipli səfərlər zamanı görüş keçirilən partiya sədrlərindən bəzilərinin bu dəfə siyahıya salınmaması birmənalı qarşılanmayıb.

AMİP Siyasi Şura üzvü Əli Orucov  qeyd etdi ki, Qərb diplomatlarının və Qərbi təmsil edən rəsmi şəxslərin Azərbaycanda müxalifət düşərgəsi ilə görüşlərindəki seçimin hansı kriteriyalarla müəyyənləşdirilməsini bilmir: "Düşünürəm ki, bu seçimlər obyektiv, ədalətli, doğru seçim deyil. İddia etmirəm ki, AŞ PA-nın Azərbaycan üzrə həmməruzəşisinin adları sadalan partiyalarla görüşməsində hansısa düzgün olmayan seçim var. Həmin siyasi qüvvələr Azərbaycan siyasətində rolu və yeri olan partiyalardır. Amma AMİP-in bu görüşdən kənarda saxlanılması, protokola salınmaması ciddi yanlışlıqdır. Çünki AMİP ölkənin aparıcı partiyalarından biri olaraq ən mütəşəkkil, ölkənin əksər bölgələrini əhatə edən stukturlaşmiş siyasi partiyasıdır. Və bu partiyasısız ölkə gündəmini müzakirə etmək qərbli rəsmilərin Azərbaycandakı duruma tam ciddiyyəti və peşəkarcasına yanaşmadığının göstəricisi sayıla bilər. Ümid edirəm ki, gələcəkdə bu cür yanaşmalara son veriləcək. Siyasi partiyalarla görüş ”quş qoymaq" xatirinə görüş olmamalıdır".  "Yeni Müsavat”