ARDNŞ "bp" ilə anlaşma memorandumu imzalanıb

Bu gün Bakıda Dövlət Neft Şirkəti (ARDNŞ) və "bp" şirkəti arasında iki anlaşma memorandumu imzalanıb.

Sənədlərin imzalanma mərasimi ARDNŞ-in baş ofisində keçirilib.

Məlumata əsasən, müqavilələrdən biri yerli işçi qüvvəsinin təlimi və inkişafı, həmçinin insan resurslarının genişləndirilməsinə həsr olunub. Digər müqavilə isə ARDNŞ və "bp" arasında razılaşdırılmış işəgötürmə və təyinat prosesinə dair Anlaşma memorandumudur.

İlk müqaviləni ARDNŞ-in Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, "bp" tərəfdən isə insan resursları üzrə vitse-prezident Leyla Novruzova imzalayıblar. İkinci sənədə isə "bp" tərəfdən Şirkətin Əlaqələr, xarici işlər və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov, ARDNŞ tərəfdən isə X.Məmmədov imza atıblar.

Hər iki sənəd haqqında qısa məlumat verən "bp"nin Kadrların milliləşdirilməsi üzrə nümayəndəsi Kamran Rzayev bildirib ki, bu sənədlər yerli işçinin bir şirkətdən digərinə keçə bilməsini təmin edir: "b"p" həm də ARDNŞ-in Qobustan Təlim-Tədris Mərkəzi ilə sıx əməkdaşlıq edəcək. Şirkət burada yerli kadrlar da hazırlayacaq.”

ARDNŞ-in Sərmayələr idarəsinin direktoru Teymur Mahmudov bu sazişin yerli bazarda iştirak edən peşəkar mütəxəssislərin bazasının qurulmasına xidmət edəcəyini sğyləyib: "Saziş çərçivəsində "bp" Səngəçal terminalı yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan 100 nəfərin peşə və texniki təlimə dəstək olması barədə öhdəlik götürür. Onların birillik təlimi ilə bağlı təhsil haqqı və digər xərclər "bp" və onun tərəfdaşları tərəfindən ödəniləcək."