Arif Hacılı haqlıdır, yoxsa Pənah Hüseyn?!


ARİF HACILININ "AZADLIQ SALNAMƏSİ”NƏ SÖZARDI ƏVƏZİ


SURƏT HÜSYNOVA BİR GÜNDƏ ÜÇ BÖYÜK VƏZİFƏ NİYƏ VERİLMİŞDİ???!!!

Arif HACILI:
"BİZ ONU RUSİYANIN ƏLİNDƏN ALIB AZƏRBAYCANIN ADAMI ELƏMƏK İSTİYİRDİK”

Pənah HÜSEYN:
"BİZ ONU RƏHİM QAZIYEVƏ QARŞI KULLANMAQ İSTİYİRDİK”

"Azadlıq Səlnaməsi”ndə Arif Hacılının müsahibəsinin birinci hissəsinə baxdım. Bütün hallarda maraqlı müsahibədi və güman edirəm ki, ölkənin siyasi və mətbu gündəmində, hələ uzun müddət müzakirə və mübahisələrə səbəb olacaq açıqlamalarda bulunub Arif bəy. Olsun, məsələnin bu boyutu ilə işim yox, zatən belə müsahibələr və bir də hakimiyyətin "balta incəlikli” bəzi "əməliyyat” xarakterli addımları olmasaydı, gündəm ümumiyyətlə boş qalardı. Burası da mənim ilgilənmək istəmədiyim və məni heç ilgiləndirmiyən məsələdi. Sadəcə olaraq, Arif Hacılınin bu müsahibəsindən diqqətimi bir məqam çəkdi ki, Surət Hüseynov necə, niyə və hansı strateji maraqları təmin eləmək üçün Elçibəy hakimiyyətində və o dövr fəaliyyətdə olan hökumətdə yüksək postlara gətirilib? Ən maraqlısı isə odur ki, Arif bəyin özü də iddia və etiraf eliyir ki, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, Baş Nazirin Birincü müavini və faktiki olaraq ön cəbhədə döyüşləri aparan hərbi birləşmələrin rəhbəri təyin edilən şəxsin kimliyini, daha doğrusu, yuvarlaq şəkildə desək, Rusiyanın öz maraqlarını Azərbaycanda tam təmin edə bilmək üçün siyasi hakimiyyətə gətirmək istədiyi şəxs olduğunu bilirdilər. Bu mənada, Arif Hacılı Surət Hüseynovun o məqamlara gətirilməsinin izahını belə verir ki, bu yolla Surəti Rusiyanın əlindən qoparıb, Azərbaycan hakimiyyətinin adamı eləmək istiyillərmiş. Burda bir para, adi gözlə görünən digər incəliklər də var ki, bilərəkdən hələlik onlara toxunmaq istəmirəm. Əsas fikrim, Arif Hacılının verdiyi izaha diqqəti yönəldib, onun bu haqda dediklərini, elə həmin məsələ ilə bağlı, bir müddət öncə, zamanın Baş Naziri Pənah Hüseynin söylədikləri ilə müqayisə etməyi, oxuculardan və cəmiyyətdən xahiş eləməkdi. Məsələ burasındadır ki, bir müddət öncə, Pənah bəyin yeni redaktədə dərc edilmiş "Cinayətimiz məğlubiyyətimizdir” başlıqlı məşhur məqaləsində də sabiq Baş Nazir məhz Surət Hüseynovun o məqamlara niyə gətirilməsinin geniş izahatını verib:
Sitat:"S.Hüseynovun Qarabağ və ətraf rayonlarda Prezindentin səlahiyyətli nümayəndəsi və Baş nazirin müavini təyin olunması məsələsinə gəldikdə isə, burda bizim güddüyümüz əsas məqsəd R.Qazıyevi Müdafiə naziri vəzifəsindən uzaqlaşdırmaq üçün profilaktik tədbir olub. …

… S.Hüseynovun Prezidentin yanına çağırılaraq ona həmin vəzifə təklif olunan günün səhəri R.Qazıyevin istefa fərmanı verilməli idi. Hətta həmin hadisədən sonra S.Hüseynovun Müdafiə naziri təyin olunması barədəki şayiələrin məqsədi R.Qazıyevlə onun bağlılığını laxlatmaq və istefa fərmanını (R.Qazıyevin) imzalatdırmaq ümidi ilə bağlı idi və deyim ki, bu iş nəticəsiz deyildi. Nədənsə Prezident son anda tərəddüd etdi. R.Qazıyevin rus hərbi rəhbərliyi ilə əlaqələrindən istifadə olunması xatirinə Prezidentin ona dözəcəyi məlum olduqdan sonra üstəlik Surət probleminin həlli ilə məşğul olmağa başlamağa məcbur olduq.”

Göründüyü kimi, "Milli Hakimiyyət”də təmsil olunan iki əsas və aparıcı şəxsin eyni məsələ ilə, yəni, öz dediklərinə görə, "Rusiyanın adamı” olduğu və Şimal qonşumuzun ciddi şəkildə "stavka” etdiyi bəribaşdan bəlli olan Surət Hüseynova, "bir günün içində o boyda vəzifələr niyə əta edildi” sualına verilən cavablar, həm məna, həm də mahiyyət baxımından, nəinki üst-üstə düşmür, hətta daban-dabana ziddiyyət təşkil eliyir. Bəs əsl məqsəd nə olub, Surət Hüseynovu Rusiyanın əlindən çıxarıb Azərbaycanın mənafeləri yönündə işlətməkmi, yoxsa ondan zamanın müdafiə naziri olan Rəhim Qazıyevə qarşı istifadə etməkmi?!!

Elə bu ritorik sualla da, yazını "üç nöqtə” ilə bu yerdə bitirməyə qərar verdim. Ona görə "üç nöqtə” ki, içimdən bir səs məsələlərin burda bitməyəcəyini deyir və çox güman ki, mövzunu davam etdirmək məcburiyyəti yaranacaq. Arif Hacılının elə birinci hissədə dedikləri çox məsələlər var ki, ritorik də olsa, mütləq sorğulanmalı və labüd şəkildə cəmiyyətlə paylaşılmalıdır.

P.S.

Bu arada, hələ Pənah Hüseynin sözügedən yazısından sonra ona ünvanladığım ritorik suallar cavabsız qaldığı üçün, fürsətdən istifadə edib, həmin yazını da, sualları da təkrar cəmiyyətin diqqətinə çatdırmağı, ictimai rəyin müzakirəsinə verməyi vacib bildim. Həm də ona görə ki, enində sonunda, bütün danışanlar, xüsusən də o zamankı hakimiyyətdə təmsil olunanlar, aşkar və ya örtülü şəkildə, indi həyatda olmuyan və bu səbəbdən də özünü müdafiə etmək imkanlarından məhrum olan Əbülfəz Elçibəyi töhmət altında biraxmağa çalışırlar. Bütün bu işlərin içərisində ən böyük ədalətsizlik də elə budur və ən böyük haqsızlıq da Bəyə qarşı edilir.

SABİQ BAŞ NAZİRƏ BİR NEÇƏ RİTORİK SUAL

PƏNAH HÜSEYNİN GÜCÜ ÇATMAYAN ETİRAFLARI

Bu il, 1993-ün 4 iyun hadisələri haqqında əvvəlki illərdən çox danışıldı, həm də lap çox. Hətta, hələ də bu danışmalar bitmiyib. Əslində, elə bəndənizin bu yazısını da o qəbildən olan bir yazı kimi qəbul edənlər olacaq. Olacaqsa olsun, amma bu bir yazı da deyil, AXC-Müsavat hakimiyyətinin bir neçə aylıq baş naziri olmuş Pənah Hüseynin məşhur "CİNAYƏTİMİZ MƏĞLUBİYYƏTİMİZDİR” məqaləsindən sitat kimi götürdüyüm bir bölüm və bu bölümdən doğan bir neçə ritorik sualdan ibarət subyektiv düşüncələrimdi.

Baxın, adına birilərinin usanmadan "MİLLİ” dedikləri hakimiyyətin baş naziri nə deyir, daha doğrusu, nə yazır:
"Yeri gəlmişkən, S.Hüseynovun güya məhz bizim dövrümüzdə təbliğ olunub qüvvəyə çevrilməsi, yüksək vəzifələr tutması barədəki ittihamlara toxunmaq istəyirəm. Bu ittihamları tam şəkildə inkar etmək mümkün deyil, bu iradlarda müəyyən həqiqətlər var. Məsələn, S.Hüseynova Milli Qəhrəman adı verilməsinə necə haqq qazandırmaq olar? Mən əvvəllər bu barədə yazmışam. Onu əlavə etmək istəyirəm ki, aparat həmin təqdimatı rədd etdikdən sonra (bu barədə R.Qazıyevə mən o vaxt hazırlanan və geniş təbliğ olunan hərbi paraddan bir gün əvvəl qəti cavab vermişdim) R.Qazıyev Prezidentin yanına getmiş və paradı pozacağı ilə onu şantaj edərək fərmanı imzalatmışdı. S.Hüseynovun Qarabağ və ətraf rayonlarda Prezindentin səlahiyyətli nümayəndəsi və Baş nazirin müavini təyin olunması məsələsinə gəldikdə isə burda bizim güddüyümüz əsas məqsəd R.Qazıyevi Müdafiə naziri vəzifəsindən uzaqlaşdırmaq üçün profilaktik tədbir olub. Ümumiyyətlə, Rəhim Qazıyev iyunun (1992) əvvəlində vəzifədən çıxarılmalı idi. Lakin Ağdərə ətrafında bizim qoşunların uğurlu əməliyyatları Prezidenti bu addımdan çəkindirdi: Ağdərə əməliyyatının müəmmalı yarımçıqRəhim Qaziyev-Elçibəydayandırılması yenidən bu məsələni gündəliyə çıxardı. Ancaq nəzərə almaq lazımdır ki, həmin əməliyyatdan sonra R.Qazıyevin cəmiyyətdə nüfuzu xeyli artmışdı. İyunun sonu, avqust aylarında kəşfiyyat və hərbi əkskəşfiyyat məlumatlarında R.Qazıyevin ruslar tərəfindən hərbi çevrilişə təhrik edildiyi barədə müntəzəm məlumatlar daxil olurdu. Ağdərə ətrafında uğursuzluqlardan sonra Prezident yenidən onun istefasına meylləndi. Lakin aydınlaşdırıldı ki, R.Qazıyev bu təqdirdə S.Hüseynovun şəxsən ona tabe olan qüvvələrindən istifadə edə bilər. Ümumiyyətlə, artıq həmin dövrdə S.Hüseynovun bölgədəki real gücü haqqında məlumatlar toplanmağa başlamışdı. S.Hüseynovun Prezidentin yanına çağırılaraq ona həmin vəzifə təklif olunan günün səhəri R.Qazıyevin istefa fərmanı verilməli idi. Hətta həmin hadisədən sonra S.Hüseynovun Müdafiə naziri təyin olunması barədəki şayiələrin məqsədi R.Qazıyevlə onun bağlılığını laxlatmaq və istefa fərmanını (R.Qazıyevin) imzalatdırmaq ümidi ilə bağlı idi və deyim ki, bu iş nəticəsiz deyildi. Nədənsə Prezident son anda tərəddüd etdi. R.Qazıyevin rus hərbi rəhbərliyi ilə əlaqələrindən istifadə olunması xatirinə Prezidentin ona dözəcəyi məlum olduqdan sonra üstəlik Surət probleminin həlli ilə Surət Huseynovməşğul olmağa başlamağa məcbur olduq.”

Baxdınızmı? Oysa mən bu yazılanlara, daha doğrusu, Pənah bəyin bu dediklərinə şərti olaraq
"BAŞ NAZİRİN GÜCÜ ÇATMAYAN ETİRAFLARI”

adını qoydum. Niyə belə düşünməmin səbəbləri haqda heç nə deməyəcəm, çünki indi deyəcəklərim, zatən, kəndimə məxsus olan subyektiv düşüncələrin məhsuludu və bu düşüncələrlə razılaşıb-razılaşmamaq hər kəsin şəxsi işidi. Deyəcəklərim isə, əslində

"PƏNAH HÜSEYNƏ BİR NEÇƏ RİTORİK SUAL”

olacaq, o qədər. Amma bu suallara kimsənin, o cümlədən də Pənah bəyin ozünün cavab verib-verməmək mükəlləfliyi də yoxdu. Amma düşünməyi hələ yadörğamamış insanlardan , bu sualların üzərində və ətrafinda düşünməyi rica etmək zorundayam. Əks təqdirdə bu yazıni nə yazmağa, nə də oxumağa vaxt səf etməyə dəyir.

Beləkiklə, vaxtınızı çox almadan, öz suallarımı da verim, bitsin bu iş:

1-ci sual:

Pənan bəy, yenicə qurulmuş dövlətin, hələ quruımamışdan ədalətsiz və qeyri-bərabər müharibəyə cəlb olunmuş bir ölkənin başında duranların, müdafiə naziri kimi strateji postunu tutan bir şəxsin arxasından bu cür intriqalar həyata keçirmək cəhdi hansı zərurətdən doğurdu və naziri fərman verib işdən çıxarmaq gücünüz və iradəniz yox idisə, niyə özünüz istefa verib getmirdiniz?!!

2-ci sual:

Qurub sonradan idarə edə bilmədiyiniz bu intriqanın (Allah bilir, bu, "MLLİ” hakimiyyətdə təmsil olunan kişilərin qurduqları tək intriqa idimi və kim bilir o bir ildə daha neçə bu cür intriqalara rəvac verilib? – S.Ə.) müəllifləri (suç ortağı da demək olar – S.Ə.) kimlər idi?!!

3-cü sual

Sarayda oynanılan və ehtirasların kəlləçarxa çıxdığı bu oyunlardan, belə namərdcəsinə toxunan intriqa torlarından prezidentin (Əbülfəz Elçibəyin) xəbəri var idimi?!!

4-cü sual

Surət Hüseynovun məhz Rəhim Qazıyevə qarşı oynadılacaq fiqur kimi yüksək postlara gətirilərək, böyük səlahiyyətlərə sahib edilməsi prezidentlə (Əbülfəz Elçibəylə) razılaşdırılmışdımı?!!

5-ci sual:

Surən Hüseynova o boyda vəzifələri verən sizlər, onun Milli Qəhrəman adını almasına niyə qarşı çıxırdınız və bu, Surətin özünə də müvəqqəti füqur kimi baxmanız anlamına gəlirmi?!! Yəni, məqsədiniz, əvvəl Surətin əli ilə Rəhimi neytrallaşdırmaq, sonra da növbəti intriqalarda onun özünü qurbanlıq etmək idimi?!!

6-cı sual:

"Rəhim Qazıyev prezidenti (Əbülfəz Elçibəyi) şantaj edərək sənədə qol çəkdirdi” sözlərinin nə demək olduğunun fərqibdəsinizmi və Əbulfəz bəy doğrudanmı şantaja boyun əyəcək bir insan, bir prezident və nəhayət, bir kişiydi?!! (Allah xatirinə, bircə onu deməyin ki, Bəy bunu da humanistlik xatirinə eləmişdi – S.Ə.)

7-ci sual:

Bilmirəm, bütün bu dedilkərinizin hansı anlama gəldiyini və "MİLLİ” hakimiyyəti də, prezident Əbülfəz Elçibəyi də, bir neçə ay başçılıq etdiyiniz hökuməti də kənardan nə qədər rəzil, əfəl və maymaq göstərdiyini anlıyırsınızmı?!! Amma o "MİLLİ”hakimiyyətin də, hökumətin də canı cəhənnəm, fəqət, Əbülfəz Elçibəyin, bütün doğruları və yanlışları ilə, Azərbaycan tarixində oynadığı rola rəğmən, onu belə rəzalət girdabına batırmaqda məqsədiniz nədir?!!

Əslində bu balaca mətndən doğan sualların sayı, ən azı ordakı cümlələrin iki misli qədər də ola bilərdi. Amma hələlik deyəcəklərim bu qədərdi. Son olaraq isə, yenədə ritorik olaraq bir atalar sözünü xatırlatmaq zərurəti hiss etdim :

"BAŞQASINA QUYU QAZANDA, GEN QAZIN Kİ, BİRDƏN ÖZÜNÜZ O QUYUYA DÜŞƏ BİLƏRSİNİZ”.

Pənah bəy və onun "MİLLİ” hakimiyətdəki intriqadaşları (suç ortaqları – S.Ə.) yəqin ki, bunu anlıyıblar, ama onlar bunu anlayanda artıq gec idi, həm də çox gec. Və özlərinin qazdıqları dar quyuda hərəkət etmək, manevr eləmək, yeni intriqa torları qurmaq imkanı yox idi. Elə Pənah Heseynin sözü gedən məşhur məqaləsinə verdiyi

"CİNAYƏTİMİZ MƏĞLUBİYYƏTİMİZDİR”

başlığı da, bunun gecikmiş etirafıdı. Bilmirəm, kiminsə diqqətini çəkdimi, amma o məqalənin sizlərə təqdim etdiyim bölümündə də, acı bir etiraf var. Pnah bəy ürək ağrısı ilə görün nə deyir:
"… Prezidentin ona dözəcəyi məlum olduqdan sonra üstəlik Surət probleminin həlli ilə məşğul olmağa başlamağa məcbur olduq.”