ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün nə mümkündürsə edir və buna çalışır. Qurum münaqişənin sülh yolu ilə nizamlanması üzərində çalışır və biz də bu prosesdə vasitəçilik edirik. Lakin təbii ki, istənilən münaqişənin həlli tərəflərdən asılıdır.
Bu fikirləri ATƏT Parlament Assambleyasının prezidenti Georgi Sereteli Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanla keçirdiyi görüşdə bildirib. O xüsusi olaraq qeyd edib ki, münaqişənin həlli üçün siyasi iradə tələb olunur: "İstər Rusiya-Gürcüstan, istərsə də Dağlıq Qarabağ münaqişəsi regionun ümumi inkişafına mane olur. Buna görə də əsas vəzifə bu münaqişələrin həlli üçün mümkün olan hər şeyi etmək və ATƏT-in bu prosesdə daha fəal iştirakı yollarını axtarıb tapmaqdır”.
Görünən odur ki, həmişə olduğu kimi, bu dəfə də ATƏT rəsmisi məsuliyyəti tərəflərin üzərinə atır. İşğalçı ilə işğala məruz qalan tərəfə fərq qoyulmur. Bərabər formada məsuliyyəti tərəflərin üzərinə qoymağa çalışır. Ən azından, beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərin həyata keçirilməsini ATƏT tələb edə bilərdi. Qurum isə buna heç təşəbbüs belə göstərmir.
O baxımdan, ATƏT Parlament Assambleyası prezidentinin dedikləri nə dərəcədə reallığı əks etdirir? Həqiqətənmi ATƏT münaqişənin həlli ilə bağlı nə mümkündürsə edir? Bu deyilənlərə nə dərəcədə inanmaq olar?
Əli Orucov: "Azərbaycan elə mövqe, elə xarici və daxili siyasət yeritməlidir ki, təcavüzkara basqılar artsın”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, ATƏT münaqişənin həlli ilə bağlı bütün imkanlardan istifadə etmir: "Öncə onu qeyd etmək istərdim ki, Dağlıq Qarabağ probleminin beynəlmiləlləşdirilməsi və ATƏT-in vasitəçiliyinə verilməsi səhv idi. Əsası AXC iqtidarı tərəfindən qoyulan bu səhv siyasət sonradan düzəldilmədi. Bu məsələdə ATƏT-ə o qədər geniş səlahiyyətlər verildi ki, bu, vasitəçilik missiyasını da aşdı. İndi tərəflər oturub ATƏT-in Minsk Qrupunun münaqişə ilə bağlı hansı addım atacağını, hansı mövqe sərgiləyəcəyini gözləyir. ATƏT də münaqişəni tam monopoliyasında saxlamaqla nə həllinə çalışır, nə də imkan verir ki, problem digər vasitələrlə öz həllini tapsın. ATƏT-in Minsk qrupunun həmsədrləri daha çox münaqişənin konservləşdirilməsini və öz maraq dairələrində saxlanmasını istəyirlər. Bu istəklərinə də nail olublar. Bütünlüklə münaqişənin həlli ilə bağlı vasitəçilik institutundan tamamilə imtina edilməsinin tərəfdarı deyiləm. Lakin Minsk Qrupunun həmsədr dövlətləri dəyişdirilməli və quruma neytral ölkələr cəlb olunmalıdır. Yaxud da münaqişə tərəflərinə münsibətdə dövlətlərin proporsiyası qorunmalıdır. Ancaq indiki həmsədrlər olan ABŞ, Fransa və Rusiya Ermənistanla müxtəlif formada yaxın əlaqələrə malikdirlər. Rusiya həm də münaqişə tərəfidir. Bildiyiniz kimi, Qarabağ münaqişəsi başlayandan indiyədək Rusiyanın silahlı qüvvələri işğal aktında iştirak ediblər. Xocalı soyqırımının törədilməsində Rusiyanın 366-ci motoatıcı alayı birbaşa iştirak edib. Belə olan halda, Rusiyanın vasitəçiliyi heç bir məntiqə, siyasətə və hüquqa sığmır. Artıq iqtidar yetkililəri də bəyan edirlər ki, ATƏT bu münaqişəni həll etmək iqtidarında deyil. Mənə elə gəlir işğalçı ölkənin ictimaiyyəti də anlamağa başlayıb ki, bu konflikt çözülmədən onların qurtuluşu, nicatı yoxdur. Bu astagəllikdən, durğunluqdan, təbii ki, Azərbaycan tərəfi ciddi itkilər və ziyan çəkdiyindən, ən ağır nəticələri biz daşıyırıq. Ona görə də Azərbaycan elə mövqe, elə xarici və daxili siyasət yeritməlidir ki, təcavüzkara basqılar artsın. Onu konstruktiv danışıqlara oturda bilsin. Bunu etməyə Azərbaycanın hər cür imkanları və hüquqi əsasları var”.