Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Xocalı faciəsini əks etdirən flaşmob keçirilib.
Flaşmobda 70-ə yaxın tələbə iştirak edib ki, onların da əksəriyyətii Hərbi tibb fakültəsinin tələbələri olub.
ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Elşad Novruzov bildirib ki, Xocalı soyqırımına dəstək kimi universitetin müsəlman ölkələrindən olan xarici tələbələri də bu flaşmobda iştirak ediblər: "Türkiyə, İran, Sudan, Fələstin və s. ölkələrdən olan tələbələr flaşmoba qatılıblar. Maraqlısı odur ki, bu flaşmobda iştirak edən tələbələrin əksəriyyəti 1995-ci il təvəllüdlü gənclərdir. Yəni, Xocalı qətliamı baş verdiyində onlar heç həyatda yox idilər. Və məhz bu insanların Xocalı faciəsini canlandırmaları bizim üçün çox maraqlı idi".
Qeyd edək ki, flaşmob güllə səsləri ilə başlayıb. Bu zaman tələbələr sanki güllə yarası almış kimi yerə yıxılıblar. Sonra qəmli musiqinin sədaları altında 26 fevral - Xocalı soyqırımı haqqında məlumat verilib.