Avropa Birliyinin düşdüyü vəziyyət Türkiyəyə kompromisə getməyə vadar edir

Əli Orucov: "Əslində həmin bəndin özü sübut etmiş olur ki, Avropa Birliyinə üzvlükdə başqa faktorlar önəmlidir"

"Bunu bir alver predmetinə, təzyiq vasitəsinə çeviriblər"

Məlum olduğu kimi, Avropa Birliyinin (AB) 28 ölkəsinin liderləri və Türkiyənin baş naziri Əhməd Davudoğlu miqrasiya ilə bağlı sazişin 6 prinsipinə dair razılığa gəliblər. Əldə olunmuş razılaşma Avropa Birliyinə Yaxın və Orta Şərqdən "Balkan marşrutu" ilə qanunsuz miqrasiyaya son qoyacaq və ittifaq daxilində Şengen sazişinin fəaliyyətini bərpa etməyə imkan yaradacaq.

Sazişə əsasən, Avropa Birliyi ölkələrindəki qeyri-leqal miqrantlar Türkiyəyə qaytarılacaq və onların hər birinin əvəzinə AB-yə leqal suriyalı miqrant göndəriləcək. Eyni zamanda, Türkiyə onun ərazisindən avrozonaya keçən bütün yeni qeyri-leqal miqrantları geri alacaq. Bunun əvəzində Türkiyə ilə viza rejiminin liberallaşdırılmasına və onun Avropa Birliyinə qəbul edilməsinə dair danışıqlar sürətləndiriləcək. Həmçinin vəd olunmuş 3 milyard avronun ayrılması tezləşdiriləcək.

Brüssel sammitində Avropa Birliyi ilə Türkiyə arasında müzakirə olunmuş sövdələşmə hələlik yekunlaşmayıb. Miqrant böhranının həllinə dair danışıqlar martın 17-18-də keçiriləcək AB sammitində davam etdirilməlidir. Tərəflər birgə planın konkret detallarının uzlaşdırılması və öyrənilməsi üçün vaxt lazım olduğunu bəyan ediblər.

Hazırda Avropa İkinci Dünya Müharibəsindən sonra ən kəskin qaçqın böhranı ilə üzləşib. Ötən il AB ərazisinə 1 milyondan artıq insan qanunsuz daxil olub, onların çoxu qayıqlarla Türkiyədən gəlib. Miqrantların əksəriyyəti Suriyadakı vətəndaş müharibəsindən qaçan sakinlərdir. Daha 2.7 milyon suriyalı qaçqın hazırda Türkiyədə müvəqqəti məskunlaşıb.

Böhranın öhdəsindən gəlmək üçün qəti addımlar atılmasının vacibliyini vurğulayan AB rəhbərləri aşağıdakı tədbirlərin görülməsini təklif edirlər:

Türkiyədən Yunanıstana qanunsuz gələn miqrantların hamısı Türkiyəyə qaytarılır. Qanunsuz miqrantlar normal tranzit prosedurlardan keçməyən, sənədsiz gələnlərdir.

Geri qaytarılan hər bir suriyalının əvəzində Türkiyədən bir suriyalı AB-də yerləşdiriləcək.
AB Türkiyə vətəndaşları üçün gediş-gəlişin asanlaşdırılmasını sürətləndirəcək. 2016-cı ilin iyun ayına qədər AB Türkiyə üçün vizasız rejimin tətbiqini nəzərdən keçirəcək.

AB Türkiyəyə vəd etdiyi 3.3 milyard dollar maliyyə yardımının ödənişini sürətləndirəcək. Böhranın öhdəsindən gəlmək üçün Türkiyəyə bundan əlavə də maliyyə yardımının ayrılacağı vəd olunub. Xəbərlərə görə, Türkiyə AB-dən maliyyə yardımını 6 milyard dollaradək artırmağı xahiş edib.

Türkiyənin AB üzvlüyünə dair danışıqların yeni mərhələsinin başlanması barədə qərarın verilməsinə dair hazırlıq aparılacaq.

Məlum olduğu kimi, AB Türkiyənin quruma üzv seçilməsini müxtəlif bəhanələrlə uzadır. Uzun illərdən bəri davam edən bu proses Türkiyənin qurumla münasibətlərinə də mənfi təsir edir. Miqrantlarla bağlı razılaşmadakı müddəalardan biri də məhz budur ki, Türkiyənin AB-yə üzvlük məsələsi sürətlənəcək. AB-nin bu məsələdə sona qədər səmimi olacağına inanmaq olarmı?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, Avropa Birliyini haqlı olaraq xristian klubu adlandırırlar:

"Türkiyə tam standartlara cavab versə də, onu uzun illərdir birliyə üzv etmirlər. Bu illər ərzində müxtəlif bəhanələr gətirilib və Türkiyə onların hamısının yerinə yetirilməsi istiqamətində addımlar atıb. Buna baxmayaraq, yenə də ikili yanaşma ortaya qoyulub. Bu gün Avropa Birliyinin düşdüyü vəziyyət onları Türkiyə ilə kompromisə getməyə vadar edir. Bəli, razılaşma müddəalarının içində Türkiyənin Avropa Birliyinə üzvlük məsələsinin tezləşəcəyinə dair fikirlər də var. Əslində həmin bəndin özü sübut etmiş olur ki, Avropa Birliyinə üzvlükdə başqa faktorlar önəmlidir. Yəni bunu bir alver predmetinə, təzyiq vasitəsinə çeviriblər. Yenə də Avropa Birliyinin səmimiliyinə inanmıram. Oradakı ölkələrin çoxu Türkiyə ilə bir çətir altında olmaqdan narazıdır. Bu səbəbdən də ortaq məxrəcin əldə ediləcəyi inandırıcı deyil. Digər bir tərəfdən isə, AB-nin özünün gələcək taleyi sual altındadır. Elə həmin qurumun yaradılması ideyasını irəli sürən dövlətlərdən bəziləri AB-ni tərk etmək istəyir. Onların qənaəti budur ki, bizim kimi zəngin ölkələrin hesabına digərləri dolanır. Türkiyənin özünün də həmin quruma çox ciddi cəhdlə can atmasını doğru saymıram".
Məhəmmədəli QƏRİBLİ