Avropa İttifaqının «Türk axını» ilə bağlı siyasi iradəsi olmasa, layihə reallaşmayacaq

Əli Orucov: «Türk axını»nın reallaşması mücərrəd görünür»

«Hər hansı böyük layihənin həyata keçirilməsi üçün birinci növbədə siyasi iradə olmalıdır»

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ötən ilin sonlarında «Türk axını» qaz layihəsi gündəmə gətirildi. Ancaq müşahidələr göstərir ki, «Türk axını» layihəsinin reallaşması sual altındadır.
Rusiya və Türkiyə arasında saziş imzalansa da, tikinti işlərinin başlanması ləngidilir. Bir müddət öncə «Qazprom» iyun ayının ilk on günlüyündə tikinti işlərinə başlayacağını açıqladı. Lakin sonradan Türkiyə Enerji Bazarının Tənzimlənməsi Orqanı hər hansı bir tikinti işinin aparılması üçün «Qazprom»a lisenziya verilmədiyini bildirdi. Layihənin gecikməsinin səbəbini isə Türkiyə qiymət formulasında razılığın əldə olunmaması ilə izah edir. Bundan başqa, Türkiyənin sənaye naziri də mətbuata açıqlamasında hələ bir sıra məsələlərin öz həllini tapmadığını bildirib. Bu arada «Qazprom» şirkəti mübahisəli «Türk axını» kəmərinin Yunanıstandan keçən hissəsinin tikinti xərclərini də öz üzərinə götürməyə hazır olduğunu bildirib. «Türk axını» layihəsinin Avropada şübhə ilə qarşılandığı bir vaxtda «Qazprom» danışıqlara sonuncu və ən təsirli aləti daxil edir - pul. Bu vaxtadək kəmərin quru hissəsinin tikintisini üzərinə götürməkdən imtina edən «Qazprom» mövqeyini dəyişib və ən azından Yunanıstana kəmərin tikintisini maliyyələşdirmək variantını təklif edib. Ancaq real mənzərə onu göstərir ki, bu da indiki situasiyada çıxış yolu deyil. Çünki «Qazprom» hazırda birtərəfli qaydada Qara dənizin Rusiyanın iqtisadi zonasına aid hissəsində kəmərin tikintisini başladığını elan edib. Türkiyə tərəfi isə bu layihəyə dair hansısa razılaşma imzalamayıb.

Bütün bunların fonunda «Türk axını» perspektivi nə dərəcədə realdırğ

Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun fikrincə, indiki mürəkkəb geosiyasi reallıqlar fonunda bu layihənin reallaşması sual altındadır: «Baxmayaraq ki, Avropanın Rusiyadan qaz asılılığı var. Rusiya Avropa ölkələrinə böyük həcmdə qaz ixrac edir. Ancaq o da sirr deyil ki, Avropa Rusiyadan qaz asılılığını minimuma endirməyə çalışır. Ukrayna hadisələrinə görə Qərblə Rusiya arasında münasibətlər xeyli pisləşib. Rusiya qaz ixracında Ukraynanın tranzit ölkə statusunu minimuma endirmək üçün əvvəl «Cənub axını» layihəsini ortaya atdı. Bu fiaskoya uğrayandan sonra «Türk axını» gündəmə gəldi. İstənilən halda bir şeyi unutmaq olmaz ki, hər hansı böyük layihənin həyata keçirilməsi üçün birinci növbədə siyasi iradə olmalıdır. Avropa İttifaqının «Türk axını» ilə bağlı siyasi iradəsi olmasa, layihə reallaşmayacaq. Makedoniyada siyasi vəziyyətin pisləşməsi bu proseslərin tərkib hissəsidir. Yunanıstanın birtərəfli qaydada Rusiya ilə danışıqlar aparması o demək deyil ki, nəticə müsbət olacaq. Yunanıstan, sadəcə, bu minvalla ölkədəki ağır iqtisadi vəziyyətlə əlaqədar olaraq Avropa İttifaqından daha çox yardım qoparmaq istəyir. Türkiyə də NATO ölkəsi olaraq bütün bunları nəzərə almaya bilməz. O üzdən, «Türk axını»nın reallaşması mücərrəd görünür». /Bakı Xəbər/

Vidadi ORDAHALLI