Avropa siyasətçiləri bizimlə görüşlərdə də etiraf ediblər ki...

Ekspert: "Qərb hakimiyyətlə münasibətləri tam korlamamaq üçün müxalifətlə geniş əməkdaşlığı müvəqqəti dayandırıb”

ABŞ Dövlət Departamenti, Avropa Parlamenti, AŞPA kimi nüfuzlu qurumlar Azərbaycanla bağlı bir neçə il öncələrə qədər tez-tez dinləmələr keçirirdi. Həmin dinləmələrə hakimiyyət təmsilçisi ilə yanaşı müxalifət partiyaları da dəvət edilirdilər. Son zamanlar bu cür dinləmələrin intensivliyində ciddi azalma müşahidə olunur.

Eyni zamanda hərdən keçirilən dinləmələrə müxalifət dəvət edilmir. Bəs səbəb nədir? Dinləmələr keçirənlərlə hakimiyyət arasında anlaşma olub, yoxsa müxalifət zəiflədiyindən və müxalifətə inanmadıqlarından onun iştirakına ehtiyac duyulmur?

AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev  dedi ki, uzun müddətdir Avropa Birliyində, AŞPA-da, ABŞ-da, digər nüfuzlu qurumlarda Azərbaycan müxalifətinin təmsilçilərinin iştirakı ilə geniş dinləmələr keçirilmədiyi həqiqətdir. Bunu hakimiyyətlə anlaşma, müxalifətin zəifliyi və ya ona olan inamsızlıqdan irəli gələn hal hesab etmək yanlış olardı: "Siyasi müxalifətlə olan belə təmasların xronologiyasına baxsaq görərik ki, həmin vaxtlar müxalifətlə bərabər paralel olaraq eyni səviyyədə hakimiyyətlə də mütəmadi ünsiyyət olub. O vaxtlar hakimiyyət nümayəndələri ilə də müxtəlif səviyyəli görüşlər keçirilirdi. Hazırda isə Azərbaycan iqtidarı ilə də əvvəlki təmaslar yoxdur. Bir çox hallarda müxtəlif səbəblərlə Azərbaycan iqtidarının özü bundan imtina edib. Bir neçə il öncə Avropa Parlamenti ilə münasibətlərin kəsildiyi rəsmən elan olundu, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıqdan imtina olundu və s. Bunların hamısı beynəlxalq institutların siyasi partiyalarla əməkdaşlıq imkanlarına yenidən baxmasına gətirib çıxardı. Belə başa düşürəm ki, onlar hakimiyyətlə münasibətlərdə körpüləri birdəfəlik yandırmamaq üçün siyasi müxalifətlə müəyyən əlaqələri saxlamaq şərti ilə geniş əməkdaşlığı müvəqqəti dayandırıblar. Bunu bir çox Avropa siyasətçiləri bizimlə görüşlərdə də etiraf ediblər. Əvəzində QHT-lərlə, araşdırmaçılarla, jurnalistlərlə əməkdaşlıq etməklə bu boşluğu doldurmağa çalışırlar. Fikir verirsinizsə burada da əsas əməkdaşlıq sərhədləri insan haqları, siyasi məhbuslar problemi, korrupsiya, rüşvət və s bu səpkili problemlərlə çərçivəyə alınır. Hansı ki, bu istiqamətdə olan araşdırmaları nəinki Azərbaycanda, bütün dünyada QHT-lər, jurnalistlər həyata keçirir. Amma beynəlxalq təşkilatların siyasi partiyalarla əməkdaşlığının bu halda qalması iqtidarlı-müxalifətli hamıya ziyandır. Beynəlxalq aləmdən təcrid olmaq heç bir halda yaxşı nəticələrə gətirib çıxartmayıb. Son vaxtlar Azərbaycan hakimiyyətinin Avropa Birliyi ilə bağlı verdiyi bəzi bəyanatlar isə bu istiqamətdə buzların əriyəcəyi ehtimalını artırır”.

REAL Vətəndaş Hərəkatının rəhbərlərindən olan Natiq Cəfərli bildirdi ki, səbəb Qərb institutları ilə, əsasən də Avropa Birliyi ilə Azərbaycan arasında danışıqlardır. Azərbaycanla Avropa Birliyi arasında bir saziş hazırlanır. Bu sazişdə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri öz əksini tapacaq: "Bu danışıqların getməsi dinləmələrin sayının azalmasına gətirib çıxarıb. Dinləmələr insan haqları və ya söz azadlığı ilə bağlı olanda REAL kimi siyasi qurumlar adətən orada iştirak etmirlər. Həmin dinləmələrə hüquq müdafiəçiləri, media təmsilçiləri qatılırlar. REAL-ı müxtəlif dinləmələrə dəvət edirlər. Biz o dinləmələrdə iştirak edirik ki, oradakı müzakirələr ölkəmizdə demokratiyaya təkan verə bilər. Azərbaycanın dövlət maraqlarına zədə vura biləcək hər hansı dinləmələrə isə qatılmırıq. Biz dövlətə qarşı olan dinləmələrin əleyhinə olmuşuq və dövlətə qarşı sanksiyaların effekt verməyəcəyini düşünürük və bu mövqeyimizi də həmişə ortaya qoymuşuq”.