Son illər Qərbdən Azərbaycan hakimiyyətinə siyasi tələblərin azaldığı müşahidə olunur. Həm ABŞ-ın, həm Avropanın siyasi təşkilatları, həmçinin beynəlxalq QHT-lər ölkəmizlə təzyiq və təhdid dilində danışmır, amiranə bəyanatlar vermirlər. Siyasi analitiklər bunun səbəbləri sırasında müxtəlif amillərin rol oynadığı qənaətindədirlər.
AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə bildirdi ki, Qərb heç vaxt Azərbaycana digər Cənubi Qafqaz ölkələrinə olduğu kimi prinsipial yanaşmayıb. Qərbin Azərbaycana yanaşmaları spesifikdir və əksər neft-qaz ölkələrinə sərgilədiyi münasibətdən çox da fərqlənmir:
"Qərb heç vaxt Azərbaycanda demokratiyaya və
demokratiyanın təməl prinsiplərindən sayılan şəffaf, ədalətli seçkilərə digər Cənubi
Qafqaz ölkələrində olduğu kimi prinsipial yanaşmayıb. Qərbin Azərbaycana
yanaşmaları spessifikdir və əksər neft-qaz ölkələrinə sərgilədiyi münasibətdən
çox da fərqlənmir. Azərbaycan Qərb üçün iqtisadı, ticari, təhlükəsizlik və nəqliyyat-kommunikasıya
tərəfdaşıdır. Əvvəllər bir qədər demokratiya, o cümlədən demokratik seçkilərə
diqqət yetirilirdi. Siyasi təsisatlarla sıx əlaqələr və təmaslar qurulurdu. Müxalif
siyasi düşərgənin fikir və mövqeyi nəzərə alınırdı. Amma bunlar da bəzi hallarda siyasi hakimiyyətə
basqılar üçün bir vasitəyə çevrilirdi ki, daha çox güzəştlər əldə edə bilsin.
Azərbaycanda müstəqilliyimizə təkrar qovuşandan üzü bəri heç vaxt demokratik
seçkilər keçirilməyib. Hətta, 1992-ci ildə Ə.Elçibəyin seçkilərində də inzibatı
resurslardan siu-istifadəyə yol verilib. Qərbin mövqeyi isə sadəcə bəyanat verməklə,
bir-iki pozuntunu qeyd etməklə, "hər dəfə demokratiyaya doğru bir addım” dəyərləndirilməsindən
kənara çıxmayıb. Artıq dünya sürətlə dəyişir, dəyərlər sistemi də, yanaşmalar
da dəyişməkdədir. Müasir dünyada getdikcə iqtisadi maraqlar ön plana keçir,
dünya ağalığı və təbii sərvətlər, zəngin karbohidrogenli bölgələrə sahiblənmək
uğrunda böyük güclərin savaşları şiddətlənib, terror və radikalizm ciddi təhlükəyə
çevrilib. Belə bir qlobal dəyişiklik və dinamik dövrdə Qərbin Azərbaycana
demokratiya və demokrartik seçkilər keçirməsi tələbi mümkün görünmür. Avropa Azərbaycan
hakimiyyətini daha da sıxmaqla Moskvanın tam ixtiyarına vermək istəmir.
Qərb
yaxşı anlayır ki, Azərbaycan hakimiyyətinə demokratiya ilə təzyiqləri
artırmaqda davam etsə, Rusiyanın ağuşuna
itələyəcək. Əvvəl dünyada bir hegemon güc vardı. Basqıları da, tələbləri də
rahat etmək olurdu. İndi isə Rusya faktoru təkcə Azərbaycanda deyil, bütün post-sovet
məkanında, hətta daha uzaq coğrafiyada demokrartiya və demokratik dəyərlərə
real təhlükələr yaratmaqdadır. Avtoritar və despotik rejimləri bir az sıxan
kimi dərhal Rusiyaya üz tutur və Kreml də onları çox böyük məmuniyyətlə öz çətiri
altına alır. Ala bilmədiyini də gərginlikdə, qarşıdurmada, konfliktli vəziyyətə
salır. Ortada Ukrayna təcrübəsi. Azərbaycan
hakimiyyətinin son zamanlar anti-Qərb ritorikasının gücləndirməsi bir
messajdır. Və hakimiyyətin Qərbə de-marş etmək üçün indi Rusiya kimi güclü bir
dostu var. Bununla belə Qərbin də burada maraqlarını xoşluqla kiməsə, hansısa rəqibinə
verəcəyini söyləmək olmaz. Azərbaycan kimi ölkələr və cəmiyyətlər dilemma
qarşısında qalıb. Ya təcavüzkar, aqressiv və heç bir beynəlxalq hüquq tanımayan
Kremllə, yoxsa sonad’k dostunu və tərəfdaşını müdafiə edə bilməyən, dişsiz Qərbləmi
müttəfiqlik etsin. Məhz bu səbəblər
ucbatından Qərb Azərbaycan hakimiyyəti ilə ehtiyatlı davranış sərgiləyir və
qıcıq yarada biləcək məsələlərdən yan keçməyə çalışır. Hətta müxalifət düşərgəsi
ilə təmaslardan belə çəkinir. Azərbaycanda vəziyyətin bu hala düşməsində,
siyasi təsisatların zəiflədilməsində, seçki institutunun sıradan çıxarılmasında
Qərbin də məsuliyyəti var. Əfsus ki, Qərbin Azərbaycanda böyük demokratik dəyişikliklər
edəcəyinə, yaxud da bu dəyişikliklərə dəstək verəcəyinə sadəlövhcəsinə hələ də
inan siyasi qüvvələr var. Amma o düşüncədə də deyiləm ki, mütərəqqi cəmiyyətlər
Azərbaycandan tamamilə ümidini və əlini üzüb. İstərdim ki, 9 fevralda keçiriləcək
növbədənkənar parlament seçkilərində həm Azərbaycan hakimiyyətinin fundamental islahatlara son dərəcdə
prinsipial və iradəli olduğunu, eyni zamanda Qərbin öz dəyərlərinə və prinsiplərinə
sadiq qaldığını görə bilək.”. "Yeni Müsavat”