Azərbaycan beynəlxalq hüququ əsas götürərək Ermənistanın üzərinə getməlidir

Əli Orucov: "Mövcud imkanlardan maksimum istifadə etməklə hüquq müstəvisi çərçivəsində məsələ gündəmə gətirilməlidir"

"Belə olan halda, piyadalar əleyhinə minaların istehsalı ermənilər üçün adi bir şeydir"

"Ermənistan beynəlxalq konvensiyaları kobud surətdə pozaraq piyada əleyhinə minalar istehsal edir". Bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bir müddət öncə İrəvanda keçirilən sərgidə yerli istehsal olan minalar nümayiş etdirilib, Ermənistanın dövlət rəsmiləri də bu minalarla tanış olub: "Ermənistanın mina istehsal etməsi beynəlxalq qanunlara ziddir. Fakt üzrə araşdırmalar aparırıq. Çalışacağıq ki, Ermənistanın bu addımı BMT-nin Minalar Əleyhinə qəbul edəcəyi builki hesabatına salınsın".
H. Səfixanovun açıqlamasından o da məlum olub ki, ötən bir il ərzində dünyada yalnız iki dövlət (Suriya, Myanma) və bir separatçı qurum (Dağlıq Qarabağ) tərəfindən minaların istifadə olunması faktı qeydə alınıb. Bu gün Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya - Kasetli Silahlara qarşı Koalisiya təşkilatı dünyanın 20 şəhərində "Landmine Monitor Report 2014" hesabatını təqdim edir. Bu hesabat 1 sentyabr 2013 - 30 oktyabr 2014-cü il tarixlərində dünyada minalar və partlamamış hərbi sursatlarla (PHS) əlaqədar görülmüş işləri əks etdirir. Hesabatda qeyd olunur ki, hazırda dünya ölkələrinin 80 faizdən çoxu (162 ölkə) Minalar Əleyhinə Konvensiyanın (Ottava Konvensiyası) üzvüdür. Hazırda yalnız 11 ölkədə minaların istehsalı qeydə alınıb. Əvvəllər isə onlar 50 ölkədə istehsal olunurdu.
H.Səfixanov onu da qeyd edib ki, MƏAK tərəfindən aparılan tədqiqatların nəticələrinə görə, Azərbaycanda 3000-dək şəxs mina və partlamamış hərbi sursatların qurbanı olub. Bu say Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur.
Göründüyü kimi, Ermənistan bütün beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, piyadalar əleyhinə mina istehsal etməklə dünyaya meydan oxuyur. Ancaq beynəlxalq təşkilatlar bunu görməzdən gəlir.
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, bu, Ermənistanın növbəti həyasızlığıdır: "Prinsipcə, təəccüblü deyil. Ortada Ermənistan varsa, onlardan nə desən gözləmək olar. Ermənistan nə zaman müharibə qaydalarına əməl edib ki?! Birinci Qarabağ müharibəsində ən qəddar metodlardan Ermənistan silahlı qüvvələri istifadə edib. Uşaqlara, hamilə qadınlara vəhşicəsinə işkəncə verib onları öldürüblər. Bununla bağlı kifayət qədər faktlar var. Ermənistanda əsirlikdə olanların mətbuata verdiyi açıqlamalar əyani sübutlardır. Halbuki, İkinci Dünya müharibəsində, heç faşistlər belə, dinc əhaliyə bu cür işgəncə verməyib. Belə olan halda, piyadalar əleyhinə minaların istehsalı ermənilər üçün adi bir şeydir. Ancaq həmişə olduğu kimi, yenə də dünya ictimaiyyəti bunu görməzdən gəlir. Bunu Azərbaycan etsəydi, bütün dünya mediası sözügedən məsələni gündəmə gətirərdi. Hüququn aliliyi və digər məsələlər müzakirə mövzusu olardı. Bütün ədalətsizliklərə, ikili standartlara rəğmən hesab edirəm ki, Azərbaycan beynəlxalq hüququ əsas götürərək Ermənistanın üzərinə getməlidir. Mövcud imkanlardan maksimum istifadə etməklə hüquq müstəvisi çərçivəsində məsələ gündəmə gətirilməlidir".
Vidadi ORDAHALLI