Azərbaycan bölgənin lider dövlətidir

Bunu artıq bütün region ölkələri və dünya gücləri qəbul edib.

Xüsusilə də 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanı dünya üçün cazibədar ölkəyə çevirib. Sırf bu məqamı zədələmək üçün bir sıra güclərin Azərbaycana qarşı qərəzli mübarizə aparsa da, hazırkı reallıq rəsmi Bakının üst mövqedə dayandığını açıq şəkildə göstərir. Bunun bariz nümunəsi isə beynəlxalq oyunçuların Azərbaycanı ən etibarlı tərəfdaş hesab etməsidir.

Prezident İlham Əliyev də ötən gün “Euronews” televiziyasına verdiyi müsahibə də bu məqamı xüsusi olaraq qeyd edib.

“Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Göründüyü kimi, Azərbaycan tuduğu siyasi yolu uğurla gedir. Aparılan siyasətin real nəticələri isə görünməkdədir. Reallıq odur ki, Azərbaycan bu gün dünya üçün istər iqtisadi, istərsə də siyasi müstəvidə əvəzedilməz tərəfdaş mərtəbəsindədir. Bütün bunlar isə təbii ki, atılan doğru addımların nəticəsidir.

Mövzu ilə bağlı “Cebhe.info”ya danışan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Prezidentin səsləndirdiyi fikirlərlə razılaşdığını bildirib:


“Azərbaycanda sözün həqiqi mənasında daxili sabitlik var. Bu sabitliyin qorunub-saxlanılmasında hüquq-mühafizə və xüsusi xidmət orqanların rolu əvəzsizdir. Dəfələrlə demişik ki, Azərbaycan elə bir düşmənlə üz-üzədir ki, bu düşmən dünyada terror təşkilatların formalaşmasında və terror aktlarının həyata keçirilməsində hər zaman qabaqcıl sıralarda olub. Biz belə terrorlara ölkəmizdə də şahidlik etmişik.

Azərbaycan müstəqillik qazanandan sonrakı dönəmdə bir neçə dəfə Bakıda avtobusda, metroda, insanların gur toplaşdığı yerlərdə terror cəhdləri olub. Bəzən də o terror cəhdləri həyata keçirilib. Amma artıq uzun illərdir ki, bu cür hadisələrin qarşısı alınıb.

Bir çox avropa və qonşu ölkələrində olmuş şəxs kimi deyirəm ki, Azərbaycanda sözün həqiqi mənasında bir təhlükəsizlik mühiti formalaşıb. Azərbaycanda hətta bir çox aparıcı Avropa ölkələrindən fərqli olaraq günün istənilən saatında şəhərə çıxıb rahat gəzib, dolaşıb qayıtmaq olur. Bu mənada Prezidentin dedi çox böyük həqiqətdir”.

AMİP sədri bildirib ki, ölkədə müəyyən sosial narahatlıq mövcuddur:

“Bunu xüsusi olaraq qeyd etmək lazımdır. İnsanların iqtisadi və sosial sferadan çox ciddi narahatlıqları var. Bu, daxili sabitliyi pozacaq dərəcədə deyil, amma istənilən halda sabitliyə təsir edəcək faktorlardır ki, insanlar iqtisadi, sosial problemlər yaşadıqca, bu, daxili vəziyyətə də yansımış olacaq. Ümid edirəm, bu faktor da nəzərə alınacaq və önlənəcək ki, ölkədə barış mühiti möhkəmlənsin. Hesab edirəm ki, buna ehtiyac var”. /cebhe.info/