Azərbaycan heç bir tələb, şərt qəbul etmədən Xankəndini nəzarətinə götürməlidir

Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan üçtərəfli görüşündə rəsmi Bakının Qarabağda yaşayan ermənilərlə dialoqu məsələsi müzakirə edilib.

Bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin görüşdən sonrakı bəyanatında bildirilib. “Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə dair fikir mübadiləmizi davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq yolu ilə bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəliyin işlənib hazırlanmasında iştirak etməyə təşviq etdim. Mən həmçinin Bakı ilə bu əhali arasında şəffaf və konstruktiv dialoq aparılmasına olan ehtiyacı vurğuladım”, - Şarl Mişel qeyd edib.

Ermənistanın baş naziri son brifinqdə yenə də Bakı ilə Xankəndi arasında hansısa dialoq aparılmasından bəhs edib:  “Biz bu məntiqlə razıyıq və bu məntiqlə danışıqlar aparırıq, Bakı-Xankəndi dialoquna zəmanət verən beynəlxalq mexanizmlərin son dərəcə vacib olduğunu vurğulayırıq”.

Xankəndidəki qondarma qurumun sabiq “təhlükəsizlik şurasının katibi” Samvel Babayan erməni mətbuatına müsahibəsində Bakı ilə dialoqdan danışıb. Deyib ki, Xankəndi Bakı ilə birbaşa danışıb, məsələlərini həll etməlidir. “Kim Bakı ilə danışmağa ehtiyac olmadığını düşünürsə, deməli, "artsax"ın və Ermənistanın birinci düşmənidir. Biz coğrafi qonşumuzla danışmayana qədər blokada davam edəcək, iqtisadi, sosial, psixoloji böhran dərinləşəcək. Bu isə ciddi problemlərə gətirib çıxaracaq", - deyə Babayan bildirib.

Yada salaq ki, Qarabağ erməniləri reinteqrasiya üzrə əlaqələrin davam etdirilməsi, həmçinin infrastruktur layihələrinin həyata keçirilməsi məsələlərinin müzakirəsi üçün Bakının iki dəfə görüş təklifini qəbul etməyiblər. Hətta Araik Arutyunyan başından böyük danışaraq deyib ki, Qarabağın Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan ərazilərində məskunlaşmış erməni sakinlərin Azərbaycanın tərkibinə qayıtması heç vaxt baş tutmayacaq. İndi isə “beynəlxalq mexanizm” təklifini hər yerdə təkrarlayırlar. Bakı isə dəfələrlə bəyan edib ki, Qarabağ errməniləri ilə bağlı məsələ Azərbaycanın daxili işidir. Belə görünür ki, Ermənistan və dəstəkçiləri yeni bir “ATƏT həmsədrləri” həvəsindədirlər.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu istiqamətdə müsbət elementlərin nəzərə çarpdığını söylədi: “Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqların detalları tam məlum olmasa da, verilən bəyanatlardan aydın olur ki, bir sıra məsələlərdə uzlaşma var. Dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması, delimitasiya və demarkasiya işlərinin sürətləndirilməsi müsbət irəliləyişlərdir. Şarl Mişelin açıqlamalarından o da aydın olur ki, liderlərin müzakirə etdiyi detallarından biri də Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmini barədədir. Zatən Azərbaycan tərəfi dəfələrlə aydın şəkildə bildirib ki, Qarabağda məskunlaşan etnik ermənilərin digər etniklər kimi hüquq və təhlükəsizliyinə təminat verir. Onlara hər hansı bir üstünlük, xüsusi imtiyazlar və statuslar verilməsi barədə danışmağa dəyməz. Ən yüksək rəsmi səviyyədə deyilib ki, kim Azərbaycanın qanunları ilə yaşamaq istəyirsə, pis niyyət və əməlləri yoxdursa, buyurub yaşaya bilər, əgər bunları kim istəmirsə, özünə başqa ölkə seçsin. Ermənilərin bundan ötə hansısa xüsusi zəmanət tələb etmələri absurddur. Əslində bu xüsusi zəmanətin altında xüsusi status gizlənib. Rəsmi Bakıdan ən azından muxtariyyət statusu qoparmağa çalışırlar. Məncə, Qarabağ iqtisadi zonasındakı ermənilərin hüquq və təhlükəsizliyi adlı heç bir məsələ müzakirə predmeti olmamalıdır. Azərbaycan belə müzakirələrdən imtina etməlidir. Rəsmi Bakı Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına "yaşıl işıq" yandırıb və hər cür də şərait yaradıb. Dəfələrlə Xankəndini dialoqa dəvət edib. Ancaq ermənilər bundan boyun qaçırıblar. qondarma qurumun sabiq “təhlükəsizlik şurasının katibi” Samvel Babayanın erməni mətbuatına müsahibəsində “Kim Bakı ilə danışmağa ehtiyac olmadığını düşünürsə, deməli, "artsax"ın və Ermənistanın birinci düşmənidir. Biz coğrafi qonşumuzla danışmayana qədər blokada davam edəcək, iqtisadi, sosial, psixoloji böhran dərinləşəcək. Bu isə ciddi problemlərə gətirib çıxaracaq" fikri, yaxud da baş separatçı Araik Arutyunyanın “Qarabağda məskunlaşmış erməni sakinlərin Azərbaycanın tərkibinə qayıtması heç vaxt baş tutmayacaq” fikirləri bu cür müzakirələrin Azərbaycan tərəfindən qəti şəkildə rədd edilməsi üçün yetərlidir. Azərbaycan ilk növbədə Qarabağ iqtisadi zonasını bu tip separatçı şəxslərdən təmizləməli, qondarma “dövlət” strukturlarına son qoymalı, ən vacibi qanunsuz erməni hərbi birləşmələrini ya zərərsizləşdirməli, ya da ərazidən çıxarmalı, bundan sonra masa reinteqrasiya mövzusuna keçməlidir. İndiki halda Bakı ilə Xankəndi arasında dialoqu aparacaq mexanizmlər və şəxslər bəlli deyil. Azərbaycan dövlətinə və xalqına törətdiyi cinayətlərə görə beynəlxalq axtarışa verilən, barələrində Azərbaycanda cinayət işləri başlanılan şəxslərlə hansı statusla müzakirə aparmağı mümkünsüz hesab edirəm. “Qarabağ erməniləri ilə bağlı məsələ Azərbaycanın daxili işidir” prinsipindən bir addım da geri çəkilmək olmaz. Hələ xüsusi filtirizasiyadan keçirilməli və araşdırılmalıdır ki, Qarabağ ermənilərinin Azərbaycan dövlətinə, xalqına törədilən cinayətlərdə bu və ya digər şəkildə iştirakı varmı, yoxmu. Bundan sonra hüquq və təhlükəsizlikdən danışmaq olar. Digər bir vacib məqam 200 mindən çox soydaşımız öz əzəli torpaqlarından zorla qovulub, terrora, repressiyalara, işgəncələrə məruz qalıb. Onların da hüquqlarının təminat altına alınması, öz torpaqlarına qaytarılmasına şərait yaradılması da müzakirələrin gündəliyinə salınmalıdır. Azərbaycan bu məsələləri də Ermənistanın və onu dəstəkləyənlərin qarşısına şərt kimi qoymalıdır. Bakı-Xankəndi dialoquna zəmanət verən beynəlxalq mexanizmlərin son dərəcə vacib olduğunu vurğulamaq gorbagor olmuş vasitəçiliyin yeni formatda zühuruna hesablanmış hiyləgər bir gedişdir və Bakı bunu yaxın buraxmamalıdır. 30 il ATƏT Minsk Qrupunun vasitəçiliyinin ağrısını, yükünü öz çiyinlərimizdə daşıdıq. Bundan sonra eyni səhvi təkrarlamaq ağılsızlıq olar və Azərbaycana böyük zərər yetirər. Odur ki, ümumiyyətlə, Azərbaycan heç bir tələb, şərt qəbul etmədən Xankəndini nəzarətinə götürməlidir. Bunun daha yaxşı, daha məqbul alternativi yoxdur".

Siyasi analitik Asif Nərimanlı arxayındır. O, Azərbaycan tərəfin artıq qurulan oyunların heç birinə imkan verməyəcəyini bildirdi: “Beynəlxalq gündəlikdə Bakının Qarabağdakı ermənilərlə təmaslar qurması dəstəklənir. Lakin Ermənistan ”beynəlxalq mexanizm" adı altında müharibəyə qədər ərazi münaqişəsi olan Qarabağ məsələsini “hüquqi münaqişəyə” çevirməyə cəhd edir. Babayanın Xankəndində aktivləşməsi və “Bakı ilə danışmaq lazımdır” mövqeyi də İrəvanın qondarma “Bakı-Xankəndi formatı” ideyasına hesablanıb. İrəvan bu formatı irəli sürür və Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması məsələsində “beynəlxalq mexanizmlərin” yaradılmasını istəyir. Məqsəd Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, Qarabağ iddiasını bu ad altında davam etdirməkdir. Babayanın missiyası da separatçı rejimdə mövqe əldə etmək və İrəvanın dediyi “Bakı-Xankəndi formatı”nda erməni əhalisinin “təmsilçisi” olmaqdır. Rusiya bunu Vardanyan üzərindən etməyə çalışdı, alınmadı, indi Ermənistan Babayan üzərindən öz oyununu oynamağa cəhd edir. Bu prosesdə Ermənistana dəstək verənlər də maraqlıdır. Fikrimcə, rəsmi Bakı bu oyunun baş tutmasına imkan verməyəcək".

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov yaxın gələcək üçün irəliləyiş görür: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əsas komponentlərindən biri də Qarabağdakı ermənilərin taleyi ilə bağlıdır. Sülh müqaviləsinə kimi onlar ya vətəndaşlığımızı qəbul etməli, ya da torpaqlarımızdan çıxıb getməlidirlər. Bu zərurəti artıq nəinki Ermənistanda, həm də Qarabağda hiss edirlər. Qondarma respublikada son zamanlar baş verən çaxnaşmalar da bununla bağlıdır. Artıq qondarma respublikanın başçısı Araik Arutunyanın istefaya göndərilməsi və etimad səsverməsinin keçirilməsi məsələsi gündəmə gəlib. Bu "çalxalanmalar" bizə sərf edir.

Azərbaycanın Ermənistana təzyiqləri artdıqca, Qarabağda qanunsuz yaşayanlar reallığı dərk etməli olacaq. Onlar başa düşməlidir ki, qanunsuz əməlləri davam etdikcə torpaqlarımızda təhlükəsiz yaşaya bilməzlər. Fikrimcə, Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiya prosesi sürətlənəcək. Ermənistan daxilində bunu istəməyənlər olsa da, proseslər göstərir ki, baş nazir Nikol Paşinyan iradə ortaya qoymağa başlayıb. O da bilir ki, bu məsələ həllini tapmadan sülh müqaviləsi mümkün deyil. Odur ki, yaxın gələcək üçün irəliləyiş gözləmək olar".“Yeni Müsavat”

 

Millət