Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 3-4 iyul 1992-ci ildə təsis edilmiş, 17 iyul 1992-ci ildə Ədliyyə Nazirliyindən ilk rəsmi qeydiyyatdan keçib. Bununla da, müasir Azərbaycan tarixində 70 ildən sonra çoxpartiyalı sistemin əsası qoyuldu.
AMİP eyni zamanda siyasi hakimiyyət uğrunda mübarizə apardığını elan edən ilk siyasi təşkilatdır. Ölkənin 73 rayonunda yerli təşkilatları olan AMİP-in 40 mindən çox üzvü var. Partiya Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan və proseslərə nüfuz edən aparıcı partiyalardan biridir.
AMİP Lideri E. Məmmədov Milli Azadlıq Hərəkatının öncüllərindən biri olmuş və 1990-cı ilin yanvarın 26-da keçmiş SSRİ-nin paytaxtı Moskva şəhərində Sovet imperiyasının Bakıda törətdiyi 20 Yanvar qırğınları barədə mətbuat konfransı keçirərkən həbs olunaraq Lefortovo türməsinə salınmışdır.
Azərbaycan Milli İstiqlal Partiyası seçkiləri demokratiyanın təməl prinsiplərindən biri hesab etdiyindən Azərbaycanda keçirilən bütün seçkilərdə fəal iştirak edərək bir sıra uğurlara imza atmışdır. 1992-ci ildə keçirilən prezident seçkilərində AMİP Lideri E. Məmmədov namizədliyini geri götürmüşdür. 1995-ci il parlament seçkilərində hökümətin yaratdığı bütün manelərə baxmayaraq partiya 8%-lik baryeri aşaraq Ali Qanunverici orqana 3 mandat qazanmışdır. 12 noyabr 1998-ci prezident seçkilərində AMİP-in namizədi E.Məmmədov sabiq prezident H.Əliyevə alternativ olaraq ölkə vətəndaşlarının 1 milyondan çox səsini qazanaraq Azərbaycanda böyük elektorata və nüfuz sahib olduğunu bir daha sübut edib.
1999-cu ildə partiya bələdiyyə seçkilərini boykot etdi. Buna səbəb demokratik seçki mühitinin olmaması, bərabər rəqabətə imkanların yaradılmaması idi.
AMİP 2000-ci il parlament seçkilərində də uğurlar qazanmasına baxmayaraq hakimiyyətin seçkilərin total surətdə saxtalaşdırdığına görə parlamentə mandat ala bilmədi. 15 oktyabr 2003-cü il prezident seçkilərində AMİP-in ətrafında yaranmış "Qələbə" blokunun namizədi kimi E.Məmmədov hakimiyyət tərəfindən həyata keçirilən bütün saxtakarlıqlara baxmayaraq əldə edilmiş rəsmi protokolların nəticələrinə görə 3-cü olmuşdur.
2004-cü ildə keçirilən bələdiyyə seçkilərinə qatılan AMİP Azərbaycanı əhatə edən bütün bələdiyyə üzvlərinin sayına görə hakim partiya olan Yeni Azərbaycan Partiyasından sonra 2-ci nəticə göstərmişdir.
2005-ci ildə keçirilən parlament seçkilərində Azərbaycan Milli İstiqlal Partiyası "Yeni Siyasət" seçki blokunu yaradan 3 partiyadan biri olmuş və Respublika üzrə 125 Seçki Dairəsindən 54 namizəd irəli sürmüşdür. Bu gün parlamentdə AMİP üzvünün mandat qazana bilməməsinə baxmayaraq, 2 deputat partiyanın irəli sürdüyü şəxslərdir.
Partiyanın beynəlxalq əlaqələri də genişdir. Belə ki, AMİP 1995-ci ildən dünyanın 63 ölkəsindən 82 sağ-mərkəzçi partiyaları özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqı ilə sıx əməkdaşlıq edir və 1996-cı ildə partiya bu quruma assosativ üzv kimi daxil olur. 1999-cu ilin may ayından isə BDİ-yə tam hüquqlu üzv qəbul edilib. 2003-cü ilin iyun ayında AMİP Lideri E.Məmmədov bu beynəlxalq nüfuzlu təşkilatın sədr müavini seçilib. Partiya həmçinin Avropa Parlamentində böyük fraksiya olan Avropa Xalq Partiyası ilə də əməkdaşlıq edir.
Partiyanın ali məqsədi düşüncədə millilik və müasirlik, adət-ənənədə və əxlaqda mühafizəkarlıq, iqtisadiyyatda liberallıq, sosial həyatda ədalətçilik prinsiplərini birləşdirərək vətəndaşların, ailələrin, cəmiyyətin və dövlətin birlik və bütövlüyünə nail olmaqdır.
AMİP ölkədə demokratiyanın və hüquqi cəmiyyətin qurulması və insan azadlıqlarının müdafiəsi uğrunda ardıcıl mübarizə aparmaqdadır və bu yolda yüzlərlə üzvləri, tərəfdarları müxtəlif cəzalara məruz qalıb.
AMİP-in embleminin müəllifi partiyanın qurucusu və hazırda AMİP-in lideri Etibar Məmmədovdur. Simvolda göy, qırmızı və yaşıl rəng Azərbaycan bayrağındakı rəngləri özündə əks etdirir. Həmçinin, buradakı aypara və ulduz da Azərbaycan bayrağına istinaddır. Simvolda ox göstərilib ki, bu da AMİP-in daşıdığı mühüm prinsipi özündə əks etdirir. Bunlar vətənçilik (azərbaycançılıq), hürriyyətçilik, milli dövlətçilik, milliyyətçilik, öncüllük-müasirlik və istiqlalçılıqdır.
Azərbaycan Milli İstiqlal Partiyası vaxtilə Azərbaycanda hətta hakim partiyadan belə yaxşı qərargaha malik olan siyasi təşkilat olub. Amma 2000-ci ildən bəri partiya yurdsuz qalıb. Bir müddət şəhərin ayrı-ayrı yerlərində kirayə ofis götürən AMİP hazırda partiyanın Nəsimi rayon təşkilatının ofisinə sığınıb. Tibb Universitetinin yaxınlığında yerləşən qərargah 3 otaqdan və bir zaldan ibarətdir
AMİP eyni zamanda siyasi hakimiyyət uğrunda mübarizə apardığını elan edən ilk siyasi təşkilatdır. Ölkənin 73 rayonunda yerli təşkilatları olan AMİP-in 40 mindən çox üzvü var. Partiya Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan və proseslərə nüfuz edən aparıcı partiyalardan biridir.
AMİP-in təşkilati strukturu və vəzifəli şəxsləri:
- Qurultayı
- Mərkəzi İntizam Komissiyası
- Sədri
- Mərkəzi Şurası
- Siyasi Şurası
- Katibliyi
- Lider: Etibar Məmmədov
- Sədr: Yusif Bağırzadə
- Baş Katib: Arzuxan Əlizadə
- Təşkilat Katibi: Nazim Ələsgərov
- Mətbuat və Təbliğat Katibi:
- Bələdiyyələrlə iş üzrə Katib: Afsəddin Nəbiyev
- Beynəlxalq əlaqələr üzrə katib:Elşən Mustafayev
- Mərkəzi Şuranın sədri: Aydın Əliyev
- Mərkəzi Şuranın sədr müavini: Nigar Əlicanlı
- Mərkəzi İntizam Komissiyasının sədri: Maarif Abbasov
- Gənclər Təşkilatının sədri: Ayxan Etibaroğlu
- Qadınlar Təşkilatının sədri Aminə Vəliyeva