Xəbər verildiyi kimi, Avropa Parlamenti Avropa Birliyi ilə Azərbaycanın yeni sazişi üçün şərtlər siyahısını qəbul edib. Şərtlərə görə gələcək saziş əsas azadlıqları təmin etməli, həmçinin korrupsiya, çirkli pulların yuyulması və vergidən yayınmaya qarşı mübarizəni nəzərdə tutmalıdır.
Danışıqlar başa çatana qədər Azərbaycanın öz siyasi və vicdan məhbuslarını azad etməsinin vacibliyi, məhkəmə sistemində islahatlara, iqtisadi cinayətlərə, korrupsiya, pulların yuyulması, vergidən yayınmaya qarşı mübarizəyə dair konkret tədbirlər görülməsinə çağırış edilib. Sənəddə bildirilir ki, Avropa Parlamentinin deputatları ümid edirlər ki, əgər əsas şərtlər yerinə yetirilərsə, 2019-cu ildə AB-Şərq Tərəfdaşlığı sammitinə qədər Azərbaycanla yeni saziş imzalana bilər. Onlar həmçinin təkidlə AB-ni Avropa Parlamenti öz razılığını verməyincə yeni sazişin ilkin qaydada qüvvəyə minməməsini təmin etməyə çağırıblar.
Azərbaycan hökuməti və hakim partiyanın bəzi deputatları Avropa Parlamentinin bu addımının ölkəmizə qarşı təzyiq məqsədi güddüyünü bildiriblər. Bu barədə "Yeni Müsavat”ın dünənki sayında geniş yazılıb.
Bəs Avropa Parlamentinin Azərbaycanın Avropa Birliyi ilə saziş imzalaması üçün şərtlər irəli sürməsinə, Avropa Birliyinə bu şərtlər yerinə yetirilməyincə Azərbaycanla saziş imzalamamaq çağırışı edilməsinə müxalifət düşərgəsi necə yanaşır?
AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirdi ki: "Bildiyiniz kimi Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər 1999-cu ildə bağlanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi ilə tənzimlənir. Yeni saziş üzrə danışıqlar 2017-ci ilin fevralından başlanıb. 2018-ci ilin mayında Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində Avropa İttifaqının rəhbərliyinə Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq sazişi ilə bağlı bəzi tövsiyyələr verilib və bunun üçün bir sıra şərtlər əksini tapıb. Bildirilib ki, gələcək saziş əsas azadlıqları təmin etməli, həmçinin korrupsiya, pullarının yuyulması və vergidən yayınmaya qarşı mübarizəni nəzərdə tutmalıdır. Qeyd olunub ki, Avropa İttifaqının əsas dəyərlərinə və hüquqlarına hörmətin təmin edilməsi Azərbaycanla münasibətləri dərinləşdirməyin şərtlərindən biridir.
Doğrudur, Avropa İttifaqı Azərbaycanla enerji və nəqliyat, ticarət sahələrində əməkdaşlıq edir. Lakin demokratiya, qanunun aliliyi, yaxşı idarəçilik, insan hüquqları və əsas azadlıqlara əməl olunması, siyasi məhbusların, vicdan məhbuslarını azad ediməsini, insan hüquqlarının müdafiəsini, əsas azadlıqları və dinc toplaşma azadlığı hüququnun təmini, eləcə də məhkəmə sisteminin qərəzsizliyini, iqtisadi cinayətlərə, korrupsiya, pulların yuyulması, vergidən yayınmaya qarşı mübarizə, "Laundromat” işi çərçivəsində pulların yuyulmasını araşdırılmasını, Azərbaycanda azad və plüralist KİV-i dəstəklənməsini, onun üstün siyasi və oliqarx qruplardan asılı olmamasının qoruması kimi məsələləri də da şərt kimi irəli sürüb. O da aydın şəkildə deyilir ki, Azərbaycan hakimiyyəti əgər Avropa İttıfaqının əsas dəyərlərinə və hüquqlarına əməl etməsə heç bir hərtərəfli saziş ratifikasiya edilməyəcək. Əslində burada çiddi və qəbul edilməz, dövlətin maraqlarına və təhlükəsizliyinə xələl gətirə biləcək heç nə yoxdur. Əksinə sadalalan şərtlərə əməl edilməsi milli maraqlarımıza tam uyğundur. Azərbaycan Avropanın bir parçasıdır və əgər bu məkana inteqrasiya olunmağı səmimi qarşısına məqsəd qoyubsa o zaman standartları da qəbul etməlidir.
Azərbaycan iqtidarı isə sivil, demokratik dəyərlərə əməl etmədən Avropa ilə üzun vadəli əməkdaşlıq qura bilməz və həmişə də kənarda qalacaq. Yürüdülən siyasət ölkəni əksinə Qərbdən daha da uzaqlaşdıraraq Rusiya və İran kimi totalitar rejimlərə yaxınlaşdırır. Çünki Azərbaycanla bu rejimlər həm oxşar xarakterlidir. Rusiya və İran ətraflarında Avropa dəyərlərinə sahib, bu məkana inteqrasiya olunan dövlətlər görmək istəmirlər. Xüsusən də Cənubi Qafqazda bu prosesi hər vasitə ilə əngəlləməyə çalışırlar. Biz hər iki qonşularımızla normal münasibətlərimizi saxlamqla və onların fundamental maraqlarına ciddi şəkildə toxunmadan tədricən Avroatlantika məkanına qovuşmağa doğru irəliləməliyik. Təbii ki, bu zaman müəyyən problemləri də gözönünə almalıyıq. Totalitar rejimlərin sonu acınacaqlı bitir. Bir gün gələcək Rusiyada da, İranda da siyasi sistemlər dəyişərək, xalqın iradəsini əks etdirən rejimlər qurulacaq. Çox təəssüflər olsun ki, Azərbaycan iqtidarı çətin, lakin hamar inkişafa aparan yolu deyil, asan qarmamarışıqlara, xaosa, tənəzzülə gedən yolla getməkdədir. Yəni hakimiyyət sərt inzibati amirlik sisteminə əsaslanan post sovet vərdişlərindən və təfəkküründən imtinadan qorxur. Çünki müasir dövrün tələbləri və demokratik standartlarla qalmağın mümkün olmadığını gözəl anlayır. Odur ki, müxtəlif yollarla Avropa İttifaqı ilə əməkdaşlığa, inteqrasiyaya hər vəhclə müqavimət göstərir. Bu nüqavimət isə daxildə də, xaricdə də ölkəmizə qarşı çarpaz basqıları daha da artırır. Bunun da qarşısında uzun müddət tab gətirmək mümkün deyil.