Azərbaycana Kremlin təzyiq imkanları bu gün, demək olar ki, yoxdur

Xəbər verildiyi kimi,  bu gün - mayın 25-də Moskvada Azərbaycan və Ermənistan liderlərinin Rusiya prezidenti V.Putinin vasitəçiliyi ilə növbəti görüşü gözlənilir. Artıq hər iki ölkə başçısı Rusiya paytaxtındadır.  Bir çox siyasi şərhçilərin fikrincə, hazırda Ukraynaya təcavüzünün yaratdığı bataqlıqda çabalayan Kremlin hər iki Güney Qafqaz ölkəsinə, xüsusən də Azərbaycana təzyiq imkanları yetərincə məhdudlaşıb. Bəs görəsən, bu günlərdə Moskvadakı danışıqlar öncəsi Xankəndində Azərbaycana qarşı növbəti kütləvi mitinq təşkil edəcəklərini bəyan etmiş  Qarabağdakı separatçılar, xüsusən də Putinin milyarder “desant”ı sayılan Ruben Vardanyan və tərəfdarlarının Rusiyanın əlində həm Azərbaycan, həm də Ermənistana nə dərəcədə effektiv təsir vasitəsidir?.. 
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov bu fikriləri ifadə edib:
 
“Qarabağdakı separatçılar nə qədər istəyirlər, mitinq etsinlər. Ondan başqa nə edə bilərlər ki? Artıq onların sözünün, aksiyalarının heç bir təsiri, əhəmiyyəti qalmayıb. Separatçı rejimin hansısa addımının o vaxt müəyyən təsiri var idi ki, Ermənistan onları müdafiə edirdi, Qərb onların tərəfində idi və Azərbaycana təzyiq göstərirdi. İndi artıq İrəvandakı Paşinyan hakimiyyəti keçmiş Dağlıq Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Qərbin isə mövqeyi 44 günlük savaş zamanı da rəsmi Bakıya qarşı kifayət qədər loyal oldu, bu gün də həmin loyallıq, demək olar ki, davam etməkdədir. Ona görə də söhbət artıq sülh müqaviləsinin imzalanmasından gedir”.
 
Siyasətçi konkret olaraq Rusiya lideri V.Putinin iyunun 1-də Kişinyovda Qərbin moderatorluğuyla növbəti görüşün baş tutmaması üçün ölkə başçılarına təzyiq imkanlarından da danışıb.
 
“Putinin hansısa ölkəyə təzyiq göstərmək imkanları kifayət qədər məhdudlaşıb. O, öz başının hayındadır. Moskva görüşündə də təzyiq olunası tərəf yalnız Ermənistan ola bilər. O da Zəngəzur dəhlizi ilə bağlı... Çünki bu, hazırkı durumunda Rusiyaya çox lazımdır. Azərbaycana isə Kremlin təzyiq imkanları bu gün, demək olar ki, yoxdur. Və təbii ki, Moskva Ermənistanı şirnikləndirmək üçün yenə də Qarabağın “statusu” məsələsini ortalığa ata bilər. Ancaq  İrəvan da artıq Azərbaycanın ərazi bütövlüyünü keçmiş Dağlıq Qarabağ da daxil olmaqla tanımasıyla bağlı mövqeyini qətiləşdirməkdədir. Sadəcə, ortalıqda yalnız Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsi qalır. Onu da həll eləmək, buna da təminat vermək Azərbaycan üçün bir problem olmayacaq. Yəni Putin Ermənistan hakimiyyətinə əsasən daxildəki müxalifət vasitəsilə təzyiq edə bilər ki, Paşinyanın vəziyyəti gərginləşsin. Lakin məsələ, demək olar ki, həll olunub. Moskva görüşündə də təxminən əvvəlki görüşlərə uyğun bəyanatlar gözlənilir. Və növbəti mərhələdə Kişinyovda da eyni məzmunlu danışıqlar davam edəcək. Yəni fərqli bir şey gözlənilmir”- deyə Etibar Məmmədov qeyd edib.

 

Millət