Azərbaycanda həyata keçirilən islahatlara da obyektiv reaksiya versinlər

Arzuxan Əlizadə: "Görünən odur ki, bəzi beynəlxalq təşkilatlar müəyyən siyasi sifarişlərə uyğun olaraq hərəkət edir"

"Mövcud reallıq bundan ibarətdir"

Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib.

Verilən tapşırıqlara uyğun olaraq, 2015-ci il oktyabrın 19-da dövlət başçısı tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Eyni zamanda, lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulub.

Bütün bunlar olduqca böyük və genişmiqyası islahatlardır. Belə ki, bilavasitə Prezidentin siyasi iradəsi və qətiyyəti sayəsində bu islahatlar keçirilir. Regionun, o cümlədən MDB məkanının heç bir ölkəsində bu cür islahatlar keçirilməyib. Ancaq çox maraqlıdır ki, beynəlxalq təşkilatlar Prezidentin bu inqilab xarakterli islahatlarına hansısa reaksiya vermir, yaxud da buna həvəsli görünmürlər. Ancaq Azərbaycanda hansısa hadisə baş verəndə dərhal buna münasibət bildirirlər.
Maraqlıdır, bunun səbəbi nə ilə bağlı ola bilər?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin fikrincə, bunun müxtəlif səbəbləri var: "Görünən odur ki, bəzi beynəlxalq təşkilatlar müəyyən siyasi sifarişlərə uyğun olaraq hərəkət edir. Siyasi sifariş olanda münasibət sərgiləyirlər, olmayanda sadəcə susaraq seyrçi mövqedən çıxış edirlər. Son illər bəzi beynəlxalq təşkilatların bənzər mövqedən çıxış etməsi açıq-aşkar özünü göstərir. Çox uzağa ketməyək, yaxın tariximizə nəzər salmaq yetərlidir. Azərbaycanın 20 faiz ərazisi işğal olunub. Dağlıq Qarabağla yanaşı, ətraf 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bütün yaşayış məntəqələri məhv edilərək yer üzündən silinib. Ətraf 7 rayonda erməni yaşamayıb. Bununla yanaşı, 1 milyon insan qaçqın və məcburi köçkündür.

Beynəlxalq təşkilatlar bütün bunlara obyektiv münasibət sərgiləyib ki, Azərbaycanda həyata keçirilən islahatlara da obyektiv reaksiya versinlər?!

Bax mövcud reallıq bundan ibarətdir. Bəzi dairələr hər zaman çalışır ki, Azərbaycanı mənfi imicdə təqdim etsin. O üzdən məsələyə hərtərəfli prizmadan yanaşmaq lazımdır".
Vidadi ORDAHALLI