“Siyasi partiya nümayəndələri ilə görüşü dialoq və siyasi etimad mühitinin inkişaf etdirilməsi baxımından faydalı hesab edirəm”
“Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da təşkil olunan görüşü dialoq və siyasi etimad mühitinin inkişaf etdirilməsi baxımından faydalı hesab edirəm. Siyasi düşərgələr arasında formalaşmış ənənəvi qarşılıqlı inkarçılıq, düşmənçilik, radilak meyillik və s. kimi neqativ yanaşmanın son dönəmlər pozitiv istiqamətdə dəyişməsi, ümummilli məsələlərdə həmrəylik göstərilməsi cəmiyyət üçün də faydalıdır. Gələcəkdə partiyalara dövlət qayğısının artırılması, onların fəaliyyətinə geniş meydan verilməsi sağlam siyasi rəqabətə imkan yaradılması siyasi partiyaların xarici sponsorlardan və yad təsirlərdən asılılığını tam aradan qaldırardı. Hesab edirəm ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü ilə baş tutan bu tipli görüşlər və məsələhətləşmələr davam etdirilməli, ölkədəki problemlər də müzakirəyə çıxarılmalıdır.”
Bu fikirləri Moderator.az-a açıqlamasnda AMİP liderinin köməkçisi, Siyasi Şura üzvü Əli Orucov “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanununun tətbiqi məsələləri” mövzusunda keçirilən tədbirə münasibət bilirərkən deyib.
Partiya funksioneri daha sonra qeyd edib ki, Azərbaycanda demokratik təsisastların, o cümlədən siyasi partiyaların normal fəaliyyəti ilə bağlı bir çox problemlər qalır: “Həllini gözləyən ən vacib problem siyasi partiyaların dövlət idarəçiyindən kənar tutulması, ögey münasibətin qalması və maliyyə qaynaqlarına yaxın buraxılmamasıdır. Olkədə orta təbəqə sıradan çıxarıldığınadan, iqtisadiyyatın bütün sahələri məmurların əlində cəmləşdiyindən partiyaların müstəqil şəkildə maliyyələşməsində çətinliklər var. Həmçinin partiya üzvlərinə basqıların, onlara cinayətkar kimi yanaşma hallarının təəssüf ki, hələ də qalması narahatvericidir. Bu kimi problemlərin həlli kompleks şəkildə həyata keçirilməli, siyasi rəqiblərə və partiyalara qarşı kök salan sovetdən qalma təfəkkür dəyişməlidir. Siyasətçi hörmətli peşə olaraq formalaşmalıdır və cəmiyyətdə öz layiqli yerini tutmalıdır.
Müasir dövrün çağırış və tələbləri ölkədə siyasi açılımın olmasını, fundamental islahatların aparılmasını diqtə edir. Bunun üçün ilkin addımların atılması ölkədə sivil və demokratik dəyərlərin təşəkkül tapmasına ümid yaradır. Supergüclər arasında qlobal rəqabətin kəskinləşdiyi indiki dönəmdə Azərbaycanın təhlükəsiz və stabil gələcəyi üçün demokratik düşüncə tərzinin qalib olmasına gərək var. Ümid edirəm ki, başlanan proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq”.