"İşğalçı dövlət vaxt udmaqdan və beynəlxalq ictimaiyyəti çaşdırmaqdan ötrü bu cür aldadıcı siyasi reveranslar edir"
ABŞ
Dövlət Departamenti "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə
bağlı Ermənistan parlamentinə təklif edilən qanun layihəsinə münasibət
bildirib. Belə ki, son bir ayda Qarabağ münaqişəsi ilə bağlı dəfələrlə
açıqlama verən Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner
Vaşinqtonun beynəlxalq ictimaiyyətlə bərabər "DQR"i tanımadığını bəyan
edib:
"Dağlıq Qarabağın yekun statusu yalnız hərtərəfli nizamlanma kontekstində müəyyən ediləcək".
O
həmçinin vurğulayıb ki, ABŞ münaqişənin həllinə nail olmaq üçün
tərəfləri xoşməramlı ruhda danışıqlar masası arxasına oturmağa çağırır.
Birləşmiş
Ştatlardan əvvəl Rusiya hakimiyyətindən də açıqlama gəlib. Rusiya
prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan
Qarabağın "müstəqilik" layihəsini Moskva ilə müzakirə etməyib. Peskovun
sözlərinə görə, Moskva ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinin
tərəfləri atəşkəsi pozacaq kövrək addımlardan çəkinəcək.
Qeyd
edək ki, Ermənistan hökuməti qondarma "DQR"in tanınması ilə bağlı qanun
layihəsini müzakirə edərək parlamentə göndərib. Lakin Ermənistan
hökuməti və parlamenti bu barədə qanun layihəsindən imtina edib.
Azərbaycan Xarici İşlər Nazirliyi də Ermənistana xəbərdarlıq etmişdi.
XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki,
Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin
Ermənistan tərəfindən tanınması rəsmi İrəvanın Minsk Qrupu prosesinə son
qoyması mənası daşıyır.
Bütün hallarda, ABŞ rəsmisinin
"Dağlıq Qarabağın yekun statusu yalnız hərtərəfli nizamlanma
kontekstində müəyyən ediləcək" deməsini ekspertlər necə dəyərləndirir?
Məsələyə
münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin fikrincə,
ABŞ-ın sözügedən məsələdə mövqeyi bəllidir: "Lakin çox yaxşı olardı ki,
Birləşmiş Ştatlar sözügedən məsələyə daha kəskin mövqe bildirə idi.
Ancaq hər zaman olduğu kimi, məlum açıqlama bəlli diplomatik
çərçivələrdən kənara çıxmadı. Bütün hallarda, heç mövqe
bildirməməkdənsə, mövqe sərgiləmək daha yaxşıdır. Bu açıqlama ilə ABŞ
Ermənistana xatırlatdı ki, bəlli çərçivədən qırağa çıxmasın. Digər
tərəfdən bir məqamı da qeyd edim ki, Ermənistanın məlum addımı siyasi
manipulyasiyadır. Ermənistanın buna gedəcəyi real deyil. Sadəcə, onlar
vaxt udmaqdan və beynəlxalq ictimaiyyəti çaşdırmaqdan ötrü bu cür
aldadıcı siyasi reveranslar edir. Ermənistan siyasi rəhbərliyi o qədər
axmaq deyil ki, indi belə bir addım atsın. Nəzərə alsaq ki, rəsmi İrəvan
hər vəchlə status-kvonun uzadılmasında maraqlıdır, qarşı tərəf belə
addım atsa, danışıqlardan çıxmış olacaq. Onlar hər vəchlə vaxt udmağa
çalışır.
Bütün bunlar da məhz əlavə vaxt udmağa hesablanıb.
Həm də təhdid xarakteri daşıyır. Yəni Azərbaycanı qorxutmaq istəyirlər
ki, müharibəyə əl atsanız, qondarma qurumu tanıyacağıq. O baxımdan bütün
cəbhələrdə Azərbaycan Ermənistanla mübarizəni gücləndirməlidir".
Vidadi ORDAHALLI