Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federika Mogerini Türkmənistanda səfərdə olub. Səfər zamanı o, Türkmənistan xarici işlər naziri Rəşid Meredovla görüşüb.
Tərəflər regional əməkdaşlıq, enerji təhlükəsizliyi, əlverişli investisiya mühiti yaratmaq və ekoloji problemlərin birgə həlli ilə əlaqəli olan yeni Aİ Mərkəzi Asiya Strategiyasını müzakirə ediblər.
Görüşdə Avropa Birliyi və Türkmənistan arasında çoxtərəfli əməkdaşlığın intensivləşdirilməsi məsələləri müzakirə olunub. İkitərəfli siyasi dialoq, iqtisadi və regional inteqrasiyanın uğuru, eləcə də mədəni və humanitar əlaqələrin səmərəli təşviqi qeyd olunub.
Tərəflər regional əməkdaşlığın, sosial-iqtisadi inkişafın, enerji təhlükəsizliyinin mühüm rolunu, əlverişli investisiya mühitinin yaradılması və ekoloji problemlərin birgə həlli yolunun vacibliyini vurğulayıblar. Həmçinin, tərəflər nəqliyyat sistemlərinin inkişafı və regional enerji infrastrukturunun, o cümlədən, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin inşası sahəsində layihələri müzakirə ediblər.
Müzakirələrdən sonra Türkmənistanda Aİ nümayəndəliyinin yaradılmasına dair sənəd imzalanıb.
Sözügedən qərar çox mühüm addımdır. O mənada ki, Türkmənistanda belə bir nümayəndəliyin açılması ilə Avropa Birliyi Orta Asiyada nüfuzunu artırmağa çalışır. Bu həm də Aİ-nin regiona daxil olmağa başlaması anlamına gəlir. Bütün bunlarda Azərbaycanın apardığı siyasət nə kimi rol oynayıb?
Məsələyə münasibət bildirən AMİP funksioneri Arzuxan Əlizadənin fikrincə, Azərbaycanın bu məsələdə rolu böyükdür: "Reallıq ondan ibarətdir ki, Aİ-nin Orta Asiyaya nüfuz etməsi Azərbaycanın hesabına mümkündür. Bunu danmaq olmaz. Heç şübhəsiz ki, Azərbaycanın enerji sahəsində həyata keçirdiyi böyük layihələr, ölkənin tranzit imkanlarının artması bu baxımdan ciddi perspektivlər vəd edir. Azərbaycan bu sahədə vacib qərarlar qəbul etməsəydi, o zaman Aİ üçün Orta Asiya bəlkə də bu qədər mühüm əhəmiyyət kəsb etməzdi. Mühüm əhəmiyyət kəsb etsəydi belə, ora daxil olmaq çətin olacaqdı. Ona görə də bütün bunlar bir-birilə sıx bağlıdır. Son illər Aİ Orta Asiyaya daha çox maraq göstərir. Azərbaycan Orta Asiyanı Avropa ilə birləşdirən mühüm körpüdür. Xəzərin hüquqi statusu ilə bağlı razılaşma əldə edildikdən sonra Aİ-nin bu yöndə səyləri daha da artıb. Çünki "Transxəzər” layihəsinə ümidlər artıb. Aİ Türkmənistan və digər region ölkələrinin enerji resurslarını Avropa bazarına çıxarmaq istəyir. Azərbaycan bu məsələdə Aİ üçün açar ölkədir. Orta Asiyada Rusiya və Çin kimi böyük oyunçular var. Aİ Aşqabadda nümayəndəliyini açmaqla bu istiqamətdə səylərini bir az da artıracaq”. /Bakı Xəbər/