Azərbaycanın hərbi yolla ərazilərini azad etmək hüququ qüvvəyə minmiş olacaq

Ermənistanda baş nazir postuna yeni seçilən Nikol Paşinyanın sələflərindən fərqli və sərt davranışları nəzərə çarpır. Xüsusilə də onun Dağlıq Qarabağ probleminin nizama salınması istiqamətində səsləndirdiyi fikirlər yeni baş nazirin aqressiv Qarabağ siyasəti yürüdəcəyinə şübhə yeri qoymur. Buna əmin olmaq üçün Paşinyanın davranışları və ağzından çıxardığı fikirlərə diqqət edək. Bu adam baş nazir postuna seçilən kimi ilk səfərini işğal altındakı ərazilərə etdi və orada Azərbaycan əleyhinə sərt bəyanatlar verdi.

Onun danışıqlarından prosesin nizama salınmasına dair heç bir inam hasil edə bilmədik. Əksinə, belə baş nazirlə perspektivdə gərginliyin artacağına şübhə yeri qalmadı. N.Paşinyan Türkiyə ilə ilkin şərtlər olmadan diplomatik münasibətlərin qurulmasını istədiyini də bildirib.

Paşinyan qeyd edib ki, Türkiyə danışıqlar üçün şərtlər irəli sürsə də, Ermənistan şərtlər olmadan münasibətlər qurmağa hazırdır. Xatırladaq ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra Türkiyə bu ölkə ilə diplomatik münasibətləri dayandırıb. Yəni Paşinyan Türkiyədən sərhədlərin açılmasını heç bir şərt irəli sürmədən tələb edir. Bəli, buna istək, xahiş yox, məhz tələb demək olar.

Amma Türkiyənin şərti odur ki, Ermənistan işğalçılıq siyasətinə son qoysun, Azərbaycan torpaqlarından çıxsın və sonra bu məsələ barədə müzakirə aparıla bilər. Paşinyanın nümayiş etdirdiyi 3-cü aqressiv istiqamət isə tərəflər arasında olan danışıqların formatı ilə bağlıdır. Nə qədər qəribə olsa da, o, qondarma qurumun danışıqlar prosesinə müstəqil tərəf kimi qatılmasını istəyir. Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda yalnız İrəvanın adından danışmağa hazır olduğunu bildirib: "Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqların mövcud formatı məsələni həll edə bilməz, çünki münaqişənin əsas tərəflərindən biri danışıqlarda iştirak etmir”. O bildirib ki, tərəflər problemi həqiqətən həll etmək niyyətindədirlərsə, nəzərə almalıdırlar ki, məsələnin həllinin başlıca komponenti danışıqların düzgün formatda aparılmasıdır: "Mənim Qarabağ tənzimlənməsinə dair bəyanatlarımda çox ciddi yeniliklər var, ən ciddisi ondadır ki, mən Azərbaycan Prezidenti ilə Ermənistan Respublikası adından danışıqlar aparmağa hazıram, Artsax Respublikası (tanınmamış DQR) adından isə danışıqları respublika prezidenti simasında Artsax hakimiyyəti aparmalıdır". Göründüyü kimi, Paşinyanın ortaya qoyduğu 3 yanaşma onu deməyə əsas verir ki, Ermənistan növbəti mərhələdə daha da qeyri-konstruktiv olacaq. Belə aqressiv Qarabağ siyasəti münaqişənin həllinə nə vəd edir?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Paşinyanın əvvəlki Ermənistan rəhbərlərindən aqressiv olacağı bəlli idi: "Onun baş nazir seçiləcəyi halda Dağlıq Qarabağla bağlı indiyədək Ermənistan rəsmiləri tərəfindən verilən bəyanatlardan fərqli bir söz deyəcəyi gözlənilmirdi də. Amma əvvəlkilərdən daha kəskin bəyanatların verilməsi bəzi suallar yaradır. Həyata keçməsi mümkün olmayan utopik və populist bəyanatları verməyə onu vadar edən nədir? Məlumdur ki, Azərbaycan separatçı rejimi tərəf kimi tanıyıb onunla bir masaya oturmayacaq. Həmçinin, Türkiyə qeyd-şərtsiz sərhədləri açmayacaq. Dediklərini həyata keçirmək istəyirsə, o zaman verilən bəyanatlar danışıqlar prosesinin dayanması ilə nəticələnəcək. Əslində, bu, Azərbaycanı qane edir. Yəni onlar mümkünsüz şərtləri ortya qoymaqla, faktiki olaraq, danışıqları dayandırırlar. O zaman Azərbaycanın hərbi yolla ərazilərini azad etmək hüququ qüvvəyəyə minmiş olur. Bütün bunlar açıq-aydın göründüyü halda nədən bu şəkildə aqressivlik nümayiş etdirilir? Hesab edirəm ki, Paşinyan baş nazir olsa belə, ölkəyə nəzarəti əlinə ala bilməyib. Ermənistan parlamentinin yarıdan çoxu onun rəqibi olan Sarkisyanın Respublikaçılar Partiyasının deputatlarıdır. İstənilən qərar və sərəncamların qarşısını rahatlıqla ala bilərlər. Əslində, Paşinyanın ikinci turda seçilməsi onun planlarını pozdu və hələlik Sarkisyan komandasının istədiyi kimi oldu. Paşinyan istəyirdi ki, ikinci turda da o seçilməsin və o zaman prezident parlamenti buraxıb yeni seçkilər təyin etsin. Yeni seçkilərdə isə respublikaçıların parlamentə düşüb-düşməyəcəyi sual altında olacaqdı. Paşinyana yaxın insanlar isə parlamentdə çoxluq əldə edib bütün rıcaqlara nəzarət edəcəkdilər. İndi isə vəziyyət o həddə çatıb ki, bu şəkildə populist bəyanatlarla insanlar arasında mövqeyini bərkitmək istəyir. Hazırda isə onun ən çox qorxduğu separatçı rejim tərəfindən sərhəd bölgəsində vəziyyətin gərginləşdirilib qaynar fazaya keçirilməsi və müəyyən əraziləri boşaltmaqla bunda Paşinyanı ittiham etmələridir. Yəni təsəvvür edin, hakimiyyəti tamamilə itirmək ərəfəsində olan Qarabağ klanı belə bir addım atarsa, günahkar Paşinyan olacaq və ölkəni bu hala salmaqda ittiham olunacaq. Onun Xankəndinə səfəri, orada Azərbaycan və Türkiyə ilə bağlı verdiyi bəyanatlar məhz bu qorxudan qaynaqlanır. Sözsüz ki, o da indiyədək olmuş erməni prezidentlərindən fərqlənməyəcək. Amma həyata keçməsində gücünün və iradəsinin çata bilməyəcəyi bəyanatlar verirsə, deməli, daxildə ciddi narahatlığı var.Yox, əgər o bu bəyanatları həyata keçirməyi həqiqətən də düşünürsə, demək, ağlı başında olan adam deyil və Ermənistan adında dövləti çox qaranlıq zamanlar gözləyir”.